Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1009/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 255 “z” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, koordinatlarla göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə yerləşməsində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 35714 saylı müqavilə ilə verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 255 “z” nömrəli 12 sot bağ sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6554/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Binəqədi rayonu, Görədil ərazisindəki 285 “z ” nömrəli 12 sot bağ sahəsi 24 avqust 2005-ci il tarixli, 35714 saylı müqavilə əsasında onun istifadəsinə verilmişdir. Torpaq sahəsi ona ayrıldıqdan sonra həmin əraziyə daş, qum tökdürmüş, abadlıq işləri aparmış, daimi olaraq həmin ərazini (bu günə kimi) bağı kimi istifadə etmiş və müntəzəm olaraq torpaq vergisi ödəmişdir. İllərdir, həmin bağ sahəsində abadaşdırma işləri görməsi, torpaq sahəsinə qulluq etməsi qonşuları tərəfindən təsdiq oluna bilər. Qonşuları tərəfindən həmin torpağa sahiblik hüququ qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən, yəni dövlət və bələdiyyə orqanları tərəfindən torpaq sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Həmin bağ sahəsi 2005-ci ildən daimi onun, sonradan X15 19 dekabr 2020-ci il tarixdə baş etibarnamə ilə verdikdən sonra sonuncunun istifadəsində olmuşdur. Binəqədi rayonu Göradil massivi üzrə torpaq sahələrinə dair verilmiş bağ-sıra nömrələri həmin ərazi və ünvan üzrə 255 rəqəm və həriflər üzrə ardıcıl davam edir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X17 bağlar ərazisində olan və onunla qonşu olan müqavilə üzrə bağ nömrələri X16 255 “g” müqavilə nömrəsi 35710, Mirbabayeva Qizlarxanım 255 “e” müqavilə nömrəsi 35711, X18 255 “ğ” müqavilə nömrəsi 35712, X2 255 “i” müqavilə nömrəsi 35713, X6 255 “d” müqavilə nömrəsi 35714, X9 255 “t” müqavilə nömrəsi 35715, X22 255 “ç” müqavilə nömrəsi 35716, bağ torpaq sahələri sıra nömrələri ilə müəyyən olunmuş qaydada ardıcıllıq təşkil edərək davam edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********56 saylı iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, yerində baxış və elektron araşdırma zamanı məlum olmuşdur ki, “255z” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia olunan əraziyə aidiyyəti yoxdur və göstərilən ərazidən 300 m cənub istiqamətində yerləşir. Vətəndaş tərəfindən iddia olunan ərazi “272” nömrəsi ilə başlayan qeydiyyatdan keçməyən ərazilərə aiddir və həmin göstərilən ərazinin 225 kv.metr hissəsi Bilgəh-Kürdəxanı-Sumqayıt dairəvi yolunun mühafizə zolağında yerləşir. Həmçinin qonşu bağ sahəsinə yol nəzərə alınmamışdır və eyni nömrəli bağ sahəsi (255z) X4 adına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdən görünür ki, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» xx.xx.2005-ci il tarixli 101 saylı protokoluna əsasən Goradildəki 255z saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamı ilə Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» xx.xx.2005-ci il tarixli 101 saylı protokolu təsdiq edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentini Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin 24 avqust 2005-ci il tarixli, 35714 nömrəli müqaviləsindən görünür ki, Birlik Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamı əsasında Binəqədi rayonun Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 255 “z” saylı bağı müqavilədə göstərilən tikili, qurğu və ağaclarla birlikdə İddiaçı istifadəsinə vermişdir. İddiaçı hazırda bu sənədlərə istinad edərək 255z saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı hazırda bu sənədlərdən icarə müqaviləsini təqdim etsə də, hüquqularının qeydə alınması üçün müqavilədə göstərilən bağı cavabdeh orqana təqdim etməmişdir. Belə ki, həm cavabdehin iddiaya dair etirazından, həm də xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Göradil qəsəbəsində yerləşən “255z” saylı bağ sahəsi iddiaçının naurada göstərdiyi ərazidə deyil, göstərilən ərazidən 350 m cənub istiqamətində yerləşir. İddiaçının göstərdiyi ərazi isə “272” nömrəsi ilə başlayan qeydiyyatdan keçməyən bağların ərazisinə uyğun gəlir. Göründüyü kimi, iddiaçı təqdim etdiyi müqaviləyə əsasən 255z saylı bağ sahəsinin ona ayrıldığını bildirsə də, naturada digər bağ sahəsinə uyğun gələn torpağı göstərmiş, 15 ildən artıq istifadə etməli olduğu bağ sahəsini yerində mərzləşdirməmiş, hər hansı bir tikinti və abadlaşdırma işləri aparmamışdır. Halbuki müqavilənin bağlandığı vaxt qüvvədə olan (1999-cu ilədək qüvvədə olmuş) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur. Və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin əlində hər hansı bir hüquqmüəyyənedici sənədin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. Hazırda iddiaçının naturada 255z saylı bağa uyğun gələn ərazini deyil, digər bağ sahəsinə uyğun gələn ərazini göstərməsi torpaq ayrımanın başa çatmadığını, buna uyğun olaraq iddiaçının ona ayrılmış sahəyə deyil, digər sahəyə hüququnun qeydə alınması üçün müraciət etdiyini təsdiq edir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən dəfələrlə bağ sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi üçün vaxt təyin edilsə də, iddiaçı baxışın keçirilməsinə şərait yaratmamış və Tarif Şurası tərəfindən müəyyən edilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də məhkəmə cavabdehin istinad etdiyi hazırkı iddianın təmin edilməsini istisna edən yuxarıda qeyd olunan halların mövcudluğunu qəbul edir və hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə, işdə olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 102 nömrəli kooperativin B/S nömrəli xx.xx.1991-ci il tarixli Orderindən görünür ki, Bakı şəhər İK-nın xx.xx.1990-cı il tarixli, 7/439 nömrəli qərarına əsasən Görədil bağlar sahəsində 102 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 255 “z” nömrəli bağ X10 ayrılmışdır. 440078 nömrəli, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, həmin qərara və orderə əsasən X10 məxsus Binəqədi rayonu, Görədil bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. İşdə olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 255 “z” saylı 0,12 ha bağ sahəsi üzərində X7 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 255 “z” saylı 0,09 ha bağ sahəsi hazırda X5 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı 255z saylı bağ sahəsinin 2005-ci ildə ona ayrıldığını bildirsə də, həmin bağ massivindəki 255z saylı bağ daha əvvəl, 1990-cı ildə digər bir şəxsə, X10 ayrılmış və həmin bağ sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənəd təqdim etsə də, naturada göstərdiyi sahə hüquqmüəyyənedici sənəddə göstərilən sahəyə uyğun olmamış, habelə sənəddə göstərilən sahə ilə bağlı ləğv edilməmiş digər bir hüquqmüəyyənedici sənəd mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1009/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1009/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver