Məhkəmə qərarları › İş №2-1(112)-1009/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1009/2025

07.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1009/2025 07.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xəsarət almağı barədə göndərişin göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə saat təxminən 03-04 radələrində baş vermiş sığorta hadisəsi ilə bağlı almış olduğu az ağır xəsarətə (sağ əlin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığı) görə sığorta ödənişi almağından ötrü müvafiq orqana xidmət vaxtında az ağır xəsarət (sağ əlin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığı) almağı barədə göndərişin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci il tarixindən DİO-da xidmət etmiş, 2021ci ilin iyun ayının 10-nu tarixində öz arzusu ilə X1 istefada olan polis kapitanı sayılmaqla xaric edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Xəzər rayon Polis İdarəsində müstəntiq vəzifəsində xidmət etdiyi dövrdə, xx.xx.2020-ci il tarixdə əməliyyat qruppasında növbədə olmuşdur. Qeyd edir ki, həmin vaxt xidməti otağı polis idarəsinin 1-ci mərtəbəsində yerləşirdi. Növbədə olduğu zaman gecə təxminən 3-4 radələrində idarənin növbətçi hissəsindən xidməti otağına edilmiş zənglə növbətçi hissəyə çağırıldı. Buna görə də, xidməti otağından çıxıb mənfi 1-ci mərtəbədən 1-ci mərtəbədə olan növbətçi hissəyə qalxdığı zaman idarənin pilləkanları qalxdığı zaman üzü üstə yıxıldı və sağ əli bədəninin altında qalaraq pilləkanın tin hissəsinə dəydi. Bundan sonra ayağa qalxıb növbətçi hissəyə getdi və xidmətini davam etdirdi. Səhər növbəni təhvil verənədək sağ əlində ağrılar oldu və sağ əlinin sağ yan hissəsi şişdi. Növbəni təhvil verdikdən sonra Polis İdarəsinin yaxınlığında yerləşən 26 saylı BŞX-a gedərək orda müayinədən keçdi və ona bildirildi ki, sağ əlinin V daraq sümüyündə yerdəyişməyən qapalı sınıq var. Bundan sonra DİN-in Tibb İdarəsinin 2 nömrəli poliklinikasına getdi. Orada müayinə olunduqdan sonra ona 26/215 saylı, xx.xx.2020-ci il tarixli göndərişlə DİN-n Qospitalına göndərdilər. DİN-in Qospitalında müayinə olunduqdan sonra sağ əlinə Gips-sarğısı qoyuldu. Bundan sonra xx.xx.2020-ci il tarixədək ambulator müalicədə oldu. Ambulator müalicədən qayıdıb xidmətə davam etdiyi zaman isə bununla bağlı Xəzər Polis İdarəsinin aidiyyatı əməkdaşına dəfələrlə müraciət etsə də, rəhbərliyin göstərişi olduğunu siğorta ala bilməyəcəyini bildirdi. O, dəfələrlə bu hadisənin xidmətdə olduğu zaman baş verməsini bildirsə də heç bir nəticə olmadı. Bununla bağlı həmin dövrdə Xəzər Rayon Polis İdarəsinin rəisinin və rəis müavinində qəbulunda oldu və onlar da eyni sözləri deyərək, göndəriş verə bilməyəcəyini, rəhbərliyi bununla bağlı şifahi qadağa qoyduğunu dedilər. Xəzər Rayon Polis İdarəsi tərəfindən xidmətdə olduğu zaman almış olduğu xəsarətlə bağlı Sigortaya heç bir göndəriş olmadığından o, siğorta ödənişindən məhrum oldu. xx.xx.2024-cü il tarixdə DİN-nə ərizə ünvanlayaraq xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsində xidmətdə olduğu zaman almış olduğu xəsarətə dair sığorta ödənişi almağından ötrü göndəriş verilməsini xahiş etdi, lakin hal-hazırki tarixədək heç bir cavab verilməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, sözügedən hadisə baş verdiyi zaman 26 gün müalicə almışdır və həmin müddət ərzində qolunda gibs sarğısı olmuşdur. Belə ki, müalicə hadisənin baş verdiyi gündən başlayaraq xx.xx.2020-ci il tarixinədək davam etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 2.1.1-ci maddəsində göstərilmişdir ki, sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər az ağır xəsarətlərə aid edilir. Belə olduğu təqdirdə yuxarıdada qeyd etdiyi kimi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanununun 4.1-ci maddəsi və 5-ci maddəsinin ç bəndi nəzərə alınmaqla ona baş vermiş siğorta hadisəsinə görə 5 illik əməkhaqqı məbləğinin 15 faizi məbləğində siğorta ödənişi verilməlidir. Lakin yuxarıda da, qeyd etdiyi kimi həmin siğorta ödənişinin verilməsi üçün müvafiq orqana göndərişin verilməsindən ötrü tərəfindən DlN-nə müraciət ünvanlanmış, lakin müsbət nəticə əldə edilməmişdir. Bundan başqa onu qeyd etmək istəyir ki, baş vermiş siğorta hadisəsi ilə bağlı müayinələr edildiyi zaman tibbi kitabçasında və digər bir sıra müayinə sənədlərin almış olduğu xəsarətin sağ əlində olmasına baxmayaraq səhvən bir neçə yerdə həmin xəsarətin sol əlində olduğu göstərilmişdir. Hesab edir ki, DİN-nin üzərinə xx.xx.2020-ci il tarixdə saat təxminən 03-04 radələrində baş vermiş siğorta hadisəsi ilə bağlı almış olduğu az ağır xəsarətə (sağ əlin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığı) görə siğorta ödənişi almağından ötrü müvafiq orqana xidmət vaxtında az ağır xəsarət (sağ əlin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığı) almağı barədə göndərişin göndərilməsi öhdəliyi qoyulmalıdır.

3. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Xəzər RPl-nin İstintaq şöbəsinin sabiq müstəntiqi İddiaçı xx.xx.2020-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən yıxılaraq xəsarət alması barədə Xəzər RPlyə hər hansı müraciəti daxil olmamış, bu səbəbdən xidməti araşdırma aparılmamışdır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı göndərişin verilməsi tələbinə dair müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmiş, iş materiallarında olan sənədlər cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təqdim edilmişdir.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan qərardadın icrası ilə bağlı Xəzər RPİ-də müvafiq araşdırma aparılaraq sabiq polis kapitanı İddiaçı xidmət zamanı xəsarət alması ilə əlaqədar ona sığorta ödənişinin verilməsi məsələsinə baxılması haqqında toplanmış material Bakı Şəhər BPİ vasitəsilə Daxili İşlər Nazirliyinə göndərilmiş, baş vermiş hadisədən uzun müddət ötməsi və adıçəkilən əməkdaşın xidməti vəzifəsinin icrası zamanı xəsarət almasını təsdiqləyən kifayət qədər mötəbər sübutların olmaması nəzərə alınmaqla vəsatətin təmin təmin olunması məqsədəmüvafiq hesab edilməmişdir.

6. İddiaçı tibbi kitabçasına əsasən o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sol əlinin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığından müalicə almışdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmənin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iştirakını təmin etməmişdir.

II. İddianın növü və mümkünlüyü

9. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. İddia tələbi baş vermiş sığorta hadisəsi ilə bağlı İddiaçı almış olduğu az ağır xəsarətə görə sığorta ödənişi almaq üçün müvafiq orqana xidmət vaxtında az ağır xəsarət (sağ əlin V daraq sümüyünün yerdəyişməyən qapalı sınığı) almağı barədə göndərişin göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır.

17. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunun: 1 9 . Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari sığortası və onlara müavinətlərin ödənilməsi Məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına onların orta əmək haqqı məbləğinin yetmiş misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına həmin şəxslərə onların orta əmək haqqı məbləğinin əlli misli miqdarında birdəfəlik müavinət ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Xidmət vəzifələrinin icrası ilə əlaqədar məhkəmə və hüquq mühafizə orqanları işçilərinin əmlakına dəyən ziyan dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur. Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin həlak olması (vəfat etməsi) və ya xəsarət (yaralanma, travma, kontuziya) alması və ya əmlakının zədələnməsi hallarının xidmət vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi bu Qanunla nəzərdə tutulmuş sığorta və ya müavinət məbləğlərinin verilməsindən imtina edilməsi üçün əsasdır.

18. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun: 3 7 . Polis əməkdaşının dövlət tərəfindən sığortalanması və ona dəyən zərərin ödənilməsi İ. Polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. İİ. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. İİİ. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.

19. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun: 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri; 5 . Sığorta hadisələri və ödənişləri Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; az ağır xəsarət (yaralanma, travma, kontuziya) – 15 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın: 1- 2.1. Sağlamlığın uzun müddət pozulmasına səbəb olan aşağıdakı hallar az ağır xəsarətlərə aid edilir: 2.1.1. sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər; 2.1.2. ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla (10%-dən 33%-ə qədər), dayanıqlı itirilməsi ilə nəticələnən xəsarətlər.

21. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Müşfiq Qoçayev xx.xx.2020-ci il tarixdə DİN-in Tibb İdarəsinin 2 nömrəli poliklinikasında müayinə olunduqdan sonra 26/215 saylı, xx.xx.2020-ci il tarixli göndərişlə DİN-nin Qospitalına göndərdirilmişdir. İddiaçının tibbi kitabçasına əsasən onun sol əlinin V daraq sumuyunun yerdəyişməyən qapalı sınığı qeyd edilmişdir və müayinə olunduqdan sonra əlinə gips-sarğısı qoyulmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixədək ambulator müalicə almışdır.

22. İddiaçı iddia edir ki, aldığı xəsarət məhz xidməti vəzifəsinin icrası zamanı baş vermişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə xəsarət alması işin mübahisəsiz halıdır. Həmin xəsarətin iddiaçının xidməti vəzifəsinin icrası zamanı alması iş materialları ilə, həmçinin məhkəmənin araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Bundan başqa sözügedən hal barədə iddiaçı tərəfindən hər hansı sənədə istinad edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, şəxsin xidməti vəzifəsinin icrası zamanı xəsarət almasının müəyyən edilməsi mümkün olmamışdır.

23. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Bu səbəbdən iddia əsassız hesab edilməli və rədd edilməlidir.

24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar