Məhkəmə qərarları › İş №2-1(112)-10092/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10092/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10092/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə pul vəsaitinin ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı «iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə pul vəsaitinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı İnzibati Məhkəməsinə işlə bağlı iddia tələbi təqdim edilmiş və iş 2-1(112)-2940/2022 nömrə ilə qeydə alınmışdır. Sonra iddiaçı tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət etmişdir. Məhkəmə tövsiyyə məktubu göndərmiş və orada iradlarını bildirmişdir. Bakı İnzibati Məhkəməsi qərardadla iddia tələbini mümkün saymamışdır. Aidiyyatı üzrə Bakı Apelyasiya Məhkəməsinə müraciət olunmuşdur. Həmin məhkəmədən ona iclas keçiriləcəyinə dair bildiriş gəlmişdir. Göstərilən tarixdə və saatda göstərilən iddiaçı iclas zalında olsa da, müəyyən səbəblərdə iclasda iştirak edə bilməmişdir. Ona bildirilmişdir ki, qərardad dəyişdirilmədən saxlanılmışdır. İddiaçının ailəsi 1992-ci ildə məcburi köçkün düşmüşdür və Bakıya gəlmişdir. ünvan 1 ünvanında yerləşən, bacısı oğlu X5 məxsus mənzildə ailəliklə məskunlaşmışlar. X9 yaşayırdı və iddiaçının ailəsinə evini müvəqqəti sığınacaq kimi vermişdir. O, 2008-ci ildə ağır yol-nəqliyyat qəzası keçirmiş və müalicəsi üçün pul tələb olunduğundan, iddiaçının məskunlaşdığı həmin ev satılmışdır. Həmin vaxtdan iddiaçı ailəsi ilə birlikdə kirayədə qalmışdır. 2008-ci ildən Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə yaşayış yeri ilə təmin olunma ilə bağlı müraciətlər etmişlər. Müraciətləri müvafiq icra hakimiyyətlərinə yönəldirdilər, onlar da ənənəvi fəaliyyət qaydalarına uyğun olaraq mənzil fondu və ya yataqxanalarda yer olmadığını əsaslandıraraq imtinalar vermişlər. Sonradan ölkə başçısının qaçqınların və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət proqramını imzaladığını bildikdən sonra 2013-cü ildən mütəmadi olaraq mənzillə təmin olunma ilə bağlı Komitəyə müaciətlər ünvanlanmışdır. Müraciətlər nəticə verməmişlər. müraciətlərə laqeyd yanaşılıb şablon cavablar, imtinalar verilmişdir. Bundan sonra “Şuşa şəhərciyi”ndə yaşayan qohumlardan məlumat alınmışdır ki, şəhərcikdə köçkünlərə böyük torpaqlar paylanıb. Çoxu həmin torpaqları digər köçkünlərə, hətta bəzən qaçqın və köçkün olmayan başqa şəxslərə satırlar və Komitədə qeydə aldırırlar. İddiaçının ailəsi həmin ərazidə 248 saylı evin sahibi X2 ona verilmiş 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini almışdır. Həmin sahədə onlar ev tikmiş və orada yaşamağa başlamışlar. Onların həmin ünvana qeydiyyata düşməsi və kommunal xidmətlər üzrə hesabların öz adlarına açılacağı söz verilsə də, buna əməl olunmadı. Ev üzərində hüququ müəyyən edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildi. “ASAN kommunal”dan bildirilmişdir ki, yaşayış yerindən arayış və ya Qaçqınların və X7 üzrə Dövlət Komitəsindən iddiaçının adına bağlanmış müqavilə təqdim edilməlidir. İddiaçı Komitənin tabeliyindəki ərazi MKİS-ə müraciət etmişdir. Məskunlaşmanı qərəzli şəkildə qeyri-qanuni hesab edərək, arayış verməkdən imtina olunmuşdur. Aidiyyəti üzrə Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Komitədən də iddiaçının orada məskunlaşması qeyri-qanuni hesab edilmiş və qanunsuz tikili aparıldığı əsas göstərilərək tikilən kiçik evin sökülməsi, ərazinin boşaldılması tələb olunmuşdur. Məlum olduğu kimi, Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin yaradılmasında məqsəd qaçqın və məcburi köçkün vətəndaşların problemlərinin həll edilməsi olmuşdur. Komitə Dövlət proqramına əsasən evsiz məcburi köçkünləri evlə təmin etmək istiqamətində məsuliyyət və səlahiyyət sahibidir, evsiz qalmış köçkünü yaşayış yeri ilə təmin etsin, mənzil fondu olmadıqda isə kompensasiya ilə əvəzləşdirsin. İddiaçının ailəsi məcburi köçkündür. Ancaq Qaçqınların və X7 üzrə Dövlət Komitəsi iddiaçının ailəsini heç bir zaman təmin etməyi özünə vəzifə hesab etməyib. İddiaçı yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 158.4, 159-cu maddələrini əsas tutaraq hesab edir ki, cavabdeh tərəfindən pozulmuş konstitusion hüquqları bərpa edilməli, cavabdehin ona və ailəsinə vurduğu maddi və mənəvi ziyan kompensasiya məbləği kimi tutularaq ödənilməlidir. Uzun illərdən bəri (2013-cü ildən) müraciət edilməsinə baxmayaraq, Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya əzab, iztirab yaşatmış, evsizliklə imtahan edərək ailəsini mənzil hüququndan, yaşamaq hüququndan qanunsuz olaraq məhrum etmişdir. İddiaçının ailəsi Komitənin əvvəl hərəkətsizliyinə görə, indi isə qanunsuz hərəkətinə görə çətin duruma düşmüşdür. Başqa yerlərdən torpaq sahəsi almağa imkan olmadığından, dəyərini hissə-hissə ödəmək şansı olduğundan, sözügedən sahəni alıb, balaca bir ev tikib, mənzil hüququnu təmin edib yaşamağa başlamışlar. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya və onun ailəsinə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, 2008-ci ildən başlayaraq kommunal ödənişlərin müvafiq karta köçürülməsi ilə bağlı müvafiq fərmana qədər büdcədən iddiaçının ailəsinin kommunal ödənişlərinə yardım edilməsi məqsədi ilə ayrılan pul, təqribən 2.000 manat məbləğində Komitə tərəfindən verilməmişdir. Torpaq alıb ev tikməyə 35.300 manat xərc çıxmışdır ki, həmin pulun böyük bir hissəsi banklardan borc olaraq alınıb yüksək faizlər ödənilmişdir. Bundan əlavə, iddiaçı 8.500 manatda torpaq satan Qüdrət Eyvazova borclu qalmışdır. O, isə borcu tələb edir. Qohumlardan və bankdan götürülən borc pullar ilə evi tikib təmir işləri həyata keçirilmişdir. Hal-hazırkı vəziyyətinə gətirənədək ümumi olaraq 35.300 manat xərc çıxmışdır. 2013-cü ildən indiyədək Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin bu qanunsuz hərəkətlərinə görə ondan doğan mübahisə və digər problemlərə görə iddiaçının oğlu X3 ailəsi evsizlik ucbatından dağılmışdır. Bütün ailə üzvləri şəraitsiz yerlərdə yaşayaraq müxtəlif xəstəliklər tapmışdır. Buna görə məsuliyyət birbaşa Komitənin üzərindədir. Belə ki, iddiaçıya rəsmi məktublarla doğru olmayan vədlər verən Komitədir və eyni zamanda vətəndaş olaraq iddiaçını təmin etməyə borclu olan orqan da odur. İddiaçı 42 il dövlətə xidmət etmiş, son iş yeri FHN X4 müzeyinin rəhbəri, Mədəniyyət Mərkəzinin işçisi olub. Amma Qaçqınların və X6 üzrə Dövlət Komitəsi iddiaçının heç bir xidmətini nəzərə almamışdır. Bu səbəbdən Komitə ona dəyərinin müəyyən edilməsi mümkün olmayan, dəyərinə qiymət verilməyən mənəvi ziyanlar vurmuşdur. Simvolik olaraq bu məbləğ 15.000 manat həcmində qeyd edilir və Komitədən tutulub ona ödənilməsi doğru hesab edilir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89-сu maddəsinə, İPM-in 2, 33, 35, 40, 54-cü maddələrinə əsaslanaraq, qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə iddiaçıya vurduğu 45.800 manat maddi və 15.000 manat mənəvi ziyana görə ümumiikdə 60.800 manat pul vəsaitinin cavabdeh Qaçqınların və X6 üzrə Dövlət Komitəsindən tutularaq kompensasiya qismində ona ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahş olunur. Cavabdehin nümayəndəsinin İPm-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz hərəkəti və hərəkətsizliyi ilə vurduğu 45.800 manat maddi və 15.000 manat mənəvi ziyana görə 60.800 manat pul vəsaitinin cavabdehdən tutularaq kompensassiya qismində ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2940/2022 saylı iş üzrə 15 fevral 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1683/2022 saylı iş üzrə 17 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qanunsuz hərəkəti və hərəkətsizliyi ilə vurduğu 45.800 manat maddi və 15.000 manat mənəvi ziyana görə 60.800 manat pul vəsaitinin cavabdehdən tutularaq kompensassiya qismində ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “vurulmuş ziyanın ödənilməsi” ilə bağlı Komitəyə daxil olmuş müraciəti Komitənin Mənzil İstismar Departamenti tərəfindən 3 mart 2022-ci il tarixli 145 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, ona qanunsuz hərəkətlər barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Təkrar olaraq bildirilir ki, sözügedən ərazi dövlət mülkiyyətindədir və təcili olaraq həmin ərazi boşaldılmalıdır. Maddi və mənəvi dəymiş ziyanla əlaqədar yaranmış məsələnin isə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. AR Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş verməmişdir. İddiaçı öz iddia ərizəsində, həmçinin “cavabdeh tərəfindən ona dəymiş 15.000 manat mənəvi zərərin ödənilməsi”ni tələb etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə, İPM-in 68.2-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 89.1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının müddəalarına əsaslanaraq, İddiaçı iddiasının əsassız olduğundan, rədd edilməsi xahiş olunur. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və ərizədə ilkin tələb üzrə 60.800 manat kompensasiya məbləğinə 54.000 manat kirayə pulunun əlavə olunmasını, ümumilikdə 114.800 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh tərəfin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianın dəyişdirilməsinin qəbul olunmasını və dəyişdirilmiş iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddianın dəyişdirilməsinin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı ilk növbədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müddəalarını diqqətə çəkir. Plenumun sözügedən qərarında qeyd olunmuşdur ki: - (2.3-cü bənd) məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; - (5.1-ci bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır; - (6.1-ci bənd) İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - (9-cu bənd) Məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işin halları üzrə ilkin iddiada iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tələb etsə də, tələb olunan həmin məbləğlər dolayısı ilə cavabdehin səlahiyyət dairəsi çərçivəsinə aid məsələlərlə bağlı olsa da, mahiyyətcə iddiaçının özünün iradəsi və təşəbbüskarlığı ilə əlaqədar düşdüyü maddi xərcləri ehtiva edir. Tələbdəki mənəvi zərər isə, bu hərəkətlər çərçivəsində formaldır. İddiaçı “məcburi köçkün” statusuna malik olsa da, onun iddiasının əsaslarına görə tələb etdiyi həmin məbləğlər cavabdehin inzibati orqan kimi publik funksiyalarının icrası üzrə ona münasibətdə hər hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində meydana çıxmış sayıla bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır. İddianın dəyişdirilməsinə gəldikdə isə, ilkin iddianın maddi ziyan hissəsinə əlavə olunan “kirayə haqqı məbləği”nin tələb olunması məzmununda iddiaçı cavabdeh inzibati orqana müraciət etmədiyindən, bu dəyişikliyin qəbulunu məhkəmə məqsədəuyğun saymır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddianın dəyişdirilməsinin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar