Məhkəmə qərarları › İş №2-1(112)-10098/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10098/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10098/2022 04.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı piket keçirilməsinə icazə verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə verməkdən imtinasının qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə vermək vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 09 iyun 2022-ci il tarixdə “Qarabağ qazilərinə dəstək” şüarı adı altında piket keçirilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edərək 22 iyun 2021-ci il tarixdə, saat 11:00-dan saat 12:00-a qədər olan müddətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında (ünvan: ünvan 1ağlı xəbərdar etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 20 iyun 2022-ci il tarixli, Ə-378-e03 saylı cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun olmaması bildirilib. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi iştirakçılarına social qayğı göstərmir, onların problemlərinhin həll edilməsinə çalışmır. Bu səbəbdən də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirməyinə icazə verməsini xahiş etmiş, lakin Bakı şəhər İcra Hakimiyyəti heç bir əsaslandırma aparmadan piketin keçirilməsinə icazə verməyib. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini, iş üzrə sübutları məhkməyə təqdim etdiyini, hər hansı əlavə sübut və vəsatətinin olmadığını bildirmiş, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinin başçsına mürciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq 22 iyun 2022-ci il tarixdə saat 11:00-dan saat 12:00-a qədər olan müddətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında (ünvan: ünvan 2lı cavabdeh orqanı xəbərdar etmiş, piketdə ailə üzvlərindən ibarət 5 nəfər iştirak edəcəyini, piketdə səs gücləndirici vasitədən istifadə ediləcəyini, piketin əsas şüarının “Qarabağ qazilərinə dəstək” olacağını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ə-378-003 №-li məktubun surətindən görünür ki, onun Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinə baxılmışdır. Şikayəti ilə bağlı bildirilir ki, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Belə ki, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara, verilən tapşırıqlara əsasən Vətən uğrunda öz canından keçmiş şəhidlərin ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və avtomobillərlə təmin olunması, mənzil və məişət şəraitinin yaxşılaşdırılması, övladlarının təhsil haqqından azad edilməsi, məşğulluq problemlərinin aradan qaldırılması, Vətən müharibəsi qazilərinin müayinə, müalicə və reabilitasiya üçün xarici ölkələrə göndərilməsi istiqamətində bir sıra tədbirlər görülmüşdür. Və bu istiqamətdə həyata keçirilən tədbirlərin sistemli və ardıcıl xarakter daşıdığını nəzərinə çatdırılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında fərmanı ilə təsis edilmiş “YAŞAT” Fondunun fəaliyyətini də xüsusi ilə diqqətinə çatdırılır. Ərizəsində qeyd etdiyi məsələ ilə əlaqədar toplantı keçirmək deyil, narahatlıq doğurduğunu düşündüyü hər hansı halla bağlı məlumatı aidiyyəti qurumlara təqdim etməyi tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanların nəzərə alaraq, 22 iyun 2022-ci il tarixdə planlaşdırdığı piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının piketin keçirilməsi ilə bağlı müraciəti məqsədəuyğun hesab edilməmişdir. Hazırda iddiaçı həmin imtinanı mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasnın: - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. - 7-ci maddəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Avropa Məhkəməsinin presedent hüququndakı mövqeyinə görə Məhkəmə təkrar edir ki, nümayişi təşkil edən assosiasiyalar və digərləri demokratik prosesin faktorları kimi qüvvədə olan normalara əməl etməklə həmin prosesi tənzim edən qaydalara hörmətlə yanaşmalıdırlar (baxın: “X1rşı” (Oya Ataman v. Turkey, no. 74552/01, § 38, ECHR 2006- Xİİİ)). Nümayiş, onun təbliğ etmək istədiyi ideyalara müxalif olan şəxsləri narahat edə və ya incidə bilər. Bununla belə, iştirakçılar opponentləri tərəfindən fiziki zorakılığa məruz qalmaqdan qorxmadan nümayişini keçirə bilməlidirlər. Əsl, səmərəli dinc toplamaq azadlığı, bu səbəbdən, Dövlətin müdaxilə etməmək vəzifəsi ilə məhdudlaşa bilməz: bu neqativ konsepsiya Maddə 11-in predmet və məqsədi ilə uyğun olmazdı. 8-ci maddə kimi, maddə 11 bəzən, hətta fərdlər arasındakı münasibətlərlə bağlı sahələrdə belə ehtiyac olduqda pozitiv addımların atılmasını tələb edir (bax, Plattform “Ärzte für das Leben” v. Austria, 21 iyun 1988, § 32, Series A no. 139). Fərdlərin 11-ci maddə hüquqlarını məhdudlaşdıran hərəkətlər etdiyi hallarda dövlət orqanları, onların müdafiəsini təmin etmək üçün bu fərdlərin arasındakı münasibətlərə müdaxilə etməli ola bilərlər. Bu, belə maddə 11 hüquqlarını təmin etmək üçün aktiv polis tədbirlərinə ehtiyacı və bu hüquqların həyata keçirilməsinə təsir edən zorakı insidentlərin araşdırılması öhdəliyini əhatə edə bilər (bax,Ouranio Toxo and Others v. Greece, no. 74989/01, § 43, ECHR 2005-X (çıxarışlar). Məhkəmənin qənaətinə görə hazırkı iddiaya mahiyyəti üzrə baxılması o vaxt mümkün sayıla bilər ki, məhkəmədə iddia irəli sürülməmişdən əvvəl inzibati orqan tərəfindən onun səlahiyyətli və borclu olduğu məsələlərlə əlaqədar müvafiq şəxslərin məhdudlaşdırılmış və pozulmuş hüquqlarının məhkəmə tərəfindən bərpa ediləcəyi halda həmin hüquqların gələcəkdə realizə edilməsi və ya həyata keçirilməsi də mümkün olsun. Başqa sözlə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh orqana müraciətin edilməsində əsas məqsəd onun tərəfindən məhz konkret tarixdə, yəni 22 iyun 2022-ci il tarixdə, saat 11:00dan saat 12:00-a qədər olan müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında piket keçirilməsindən ibarət olmuşdur. İddiaçı isə hazırkı durumda artıq keçmiş tarixdə (22 iyun 2022-ci il tarixdə) onun tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuş hüququn gələcəkdə və konkret olmayan tarixdə keçirilməsinə köməklik göstərilməsini (piketin keçirilməsinin təmin edilməsini və bununla bağlı lazımi şəraitin yaradılmasını) məhkəmədən xahiş etmişdir ki, bu halda da, keçmişdə həyata keçirilməsi planlaşdırılmış və pozulduğu iddia edilən hüququn gələcəkdə, qeyri-müəyyən tarixdə və şəraitdə həyata keçirilməsinin təmin edilməsi və bununla bağlı uyğun şəraitin yaradılması ilə əlaqədar cavabdeh orqanın üzərinə konkret olmayan öhdəliyin qoyulması absurddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar