Məhkəmə qərarları › İş №2-1(112)-101/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-101/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-101/2024 02.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zəbt etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən mülkiyyətində olan 0,6 ha torpaq sahəsindən məcburi çıxarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Səbail rayonu, Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün ona 0,6 ha torpaq sahəsi ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli AN 517950 nömrə ilə Torpaq sahəsinin plan və ölçüsü, kadastr planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Katastr kitabında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə ona mülkiyyət hüququna dair çıxarış verilmişdir. Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində 541 nömrəli reyestr kitabının 51199 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh onun xüsusi mülkiyyətində olan 0,6 ha torpaq sahəsinin hasarını dağıtmışdır. Cavabdeh onun mülkiyyətində olan 0,6 ha torpaq sahəsini heç bir hüquqi əsas olmadan daş hasara almışdır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsə də cavabdeh zəbt etdiyi torpaq sahəsini boşaltmır. Əksinə torpaq sahəsinin daş hasara alınmasına davam etdirir. Mülkiyyətdə olan torpaq sahəsinin Müdafiə Nazirliyinə maneçiliyi yoxdur və 0,6 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. DƏDRX tərəfindən ölçülüb və ona mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən, gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. Faktiki hallar və sübutlar: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)- 3029/2014 saylı qərarının surətindən müəyyən olunur ki, X5 cavahdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (bundan sonra - DTXK-nin Bakı şəhər şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 22 dekabr 2006-cı il tarixli 222 №-li qərarı ilə ona ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın qeydə alınması vəsifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)- 3029/2014 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 22 dekabr 2006-cı il tarixli 222 №-li qərarı ilə X1 ayrılmış Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair “Torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi və həmin qərar əsasında tərtib edilmiş torpaqların alqısatqısına dair aktın qeydə alınması vəsifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması qərara alınmışdır. Azərbaycan Respuublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,056731 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin xx.xx.2014-cü il tarixli AN 517950 nömrəli Torpaq sahəsinin planı və ölçüsü və Səbail rayonu Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 222 nömrəli Torpaq sahəsinin ayrılması barədə qərarına əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair İddiaçı adına xx.xx.2014-cü il tarixdə torpaq sahəsinin plan-ölçüsü verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3029/2014 saylı xx.xx.2023-cü il tarixli qərardadından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2-1(81)-3029/2014 saylı inzibati iş üzrə apellyasiya şikayəti üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti, xx.xx.2022-ci il tarixdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-1(112)-3029/2014 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına dair ərizə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3029/2014 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərizəsinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3029/2014 №li,17 iyun 2014-cü il tarixli qərarının ləğv edilməsi, 2-1(81)-3029/2014 saylı inzibati iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1085/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-3029/2014 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına dair Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 0,06 hektar torpaq sahəsinin İddiaçı ayrılmasına dair Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. Qeyd olunan işlər üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixli 11/3308 saylı iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 3518 saylı məktubunda qeyd olunmuşdur ki, “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi torpaq sahəsi Bakı Soveti İcraiyyə Komitəsinin xx.xx.1937-ci il tarixli 4 nömrəli, xx.xx.1952-ci il tarixli 46 nömrəli qərarları ilə keçmiş SSRİ Müdafiə Nazirliyinin istifadəsinə verilmiş, qeyd olunan ərazidə hərbi hissələr və digər hərbi qurumlar yerləşdirilmişdir. 1991-ci ildə “Badamdar-15” hərbi şəhərciyinin yerləşdiyi ərazi, ərazidə yerləşdirilmiş hərbi hissə və digər hərbi qurumların balansında olan bina və qurğular, kommunikasiya xətləri daxil olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansına qəbul edilmişdir. “Badamdar-15” hərbi şəhərciyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin (əvvəllər Abşeron rayon Mənzil-İstismar hissəsi) balansındadır və hərbi şəhərciyin bir hissəsində N nömrəli hərbi hissə dislokasiya olunmuşdur. Vətəndaş İddiaçı iddia etdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T. Məmmədov küçəsində yerləşən 0,6 ha torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyinin ərazisindən ayrılıb və hərbi şəhərciyin ərazisinə aiddir. Həmin torpaq sahəsinin Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarı ilə ayrılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına” əsasən həmin şəxsin mülkiyyətinə verilməsi qanunsuzdur. İdarə tərəfindən Səbail rayon Badamdar Bələdiyyəsinə xx.xx.2021-ci il tarixli 2479 nömrəli sorğu ünvanlanmış və xx.xx.2021-ci il tarixli 073/06 nömrəli cavab məktubunda (əlavə olunur) qeyd olunan torpaq sahəsinin ayrılması haqqında xx.xx.2006-cı il tarixli 222 nömrəli qərarın və ona əsas olan sənədlərin Bələdiyyədə mövcud olmadığı bildirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, vətəndaşa ayrılmış torpaq sahəsi “Badamdar-15” hərbi şəhərciyində xx.xx.2005-ci il tarixdə sökülməsinə icazə (sənədlər əlvə olunur) verilmiş baş plan üzrə 245 nömrəli qaraj binasının və 2018-2019-cu illər ərzində sökülmüş (sənədlər əlavə olunur) baş plan üzrə N nömrəli qaraj binasının yerləşdiyi ərazidən ayrılmışdır. Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərin torpaq sahələri, bina və qurğularının 1999cu ildə keçirilmiş inventarizasiyası albomundan (çıxarış əlavə olunur) göründüyü kimi N və 245 nömrəli qaraj binalarının yerləşdiyi ərazi və N və 245 nömrəli qaraj binaları “bina və qurğuların eksplikasiyası”nda öz əksini tapmışdır. N nömrəli hərbi hissənin balansında olmuş N nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1953-cü ildə, 245 nömrəli qaraj binasının sökülməsinə və qediyyatdan çıxarılmasına dair sənədlərdən göründüyü kimi bina 1958-ci ildə inşa olunub. N nömrəli hərbi hissənin yerləşdiyi ərazidə yenidənqurma işləri ilə əlaqədar köhnə bina və qurğular (o cümlədən N və 245 nömrəli qaraj binaları) sökülmüş və yeniləri inşa olunmuşdur. Belə ki, N və 245 nömrəli qaraj binalarının yerləşdiyi sahə əvvəllər olduğu kimi yenidən avtomobil parkı olaraq layihələndirilmiş, tikinti şirkəti tərəfindən ərazidə istinad divarı inşa olunmuş və hazırda yenidənqurma işləri davam etdirilir. “Badamdar-15” hərbi şəhərciyində iddia edilən torpaq sahəsi digər nazirlik və idarələrin torpaq istifadəçilərinin daimi istifadəsinə verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına geri qaytarılmayıb. “Badamdar-15” hərbi şəhərciyinin mübahisəli torpaq sahəsinin müxtəlif illər üzrə çəkilmiş görüntüləri də İddiaçı ayrılmış torpaq sahəsinin Müdafiə Nazirliyinin sözügedən hərbi şəhərciyinin ərazisindən ayrılmasını bir daha təsdiq edir (məktubun qeyd hissəsində göstərilmişdir ki, N və 245 nömrəli qaraj binalarının sökülməsinə və qediyyatdan çıxarılmasına dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir). - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********81 saylı məktubu ilə məhkəməyə daxil olmuş aşağıdakı sənədlərdən: - Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsinin 22 dekabr 2006-cı il tarixli 222 nömrəli qərarının surətindən müəyyən olunur ki, vətəndaş Miriyeva X2 Bələdiyyəsinə müraciət edərək Bələdiyyənin mülkiyyəti olan ərazidə T.Məmmədov küçəsi 22 saylı evin yaxınlığında uzun müddət istifadə etdiyi, daş hasara alınmış uzun müddət ailə və mənzil şəraitini yaxşılaşdırmıqdan ötrü istifadə etdiy 600,0 kv. metr torpaq sahəsini alqı- satqı yolu ilə adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bütün bunlara, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə olunması haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına və Badamdar Bələdiyyəsinin 20 dekabr 2006-cı il tarixdə keçirilmiş 11 saylı iclasın protokoluna əsaslanaraq, Badamdar qəsəbəsi T.Məmmədov küçəsində olan 600,0 kv. metr torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********32 №li xx.xx.2021-ci il tarixli məktubla ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən torpaq sahəsinin planı və ölçüsünün tərtib olunmasına əsas olan sənədlər kimi aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Səbail rayonu Badamdar Bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə” 222 №li 22 dekabr 2006-cı il tarixli qərarı; Səbail rayonu Badamdar Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaqların alqısatqısına dair” akt; Səbail rayonu Badamdar Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsində olan torpaq sahəsinin cizgisi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 iyun 2014-cü il tarixli 2-1(81)-3029/2014 saylı qərarının surəti; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsində istifadəsində olan torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü”nün hazırlanmasına dair tərtib olunmuş rəy. - Azərbaycan Respublikası Müdafiə Naziliyi tərəfindən təqdim olunmuş aşağıdakı sənədlərdən: Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin N saylı hərbi hissə komandirinə ünvanladığı xx.xx.2005-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 02 dekabr 2005-ci il tarixdə təsdiq olunmuş “Padamdar-15” hərbi şəhərciyində yerləşən 245 saylı “Qaraj” binasının sökülməsinə icazə verir. Binanın baş plandan və qeydiyyatdan silinməsi üçünplan və en kəsiklər; binanın uçot kartoçkası; binanın sökülməsi haqqında komissiyon aktı; söküntüdən çıxan yararlı materialların hərbi hissənin anbarına mədaxil edilməsi haqqında möhürlü qaimə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə təqdim edilməlidir. - Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Abşeron rayon Mənzil-İstismar hissəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 4429 №-li məktubda Abşeron rayon Mənzil- İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi aktı ilə silinmiş, söküntü aktı və mədaxil qaimələri təqdim olunmuş bina və qurğuların balansdan və hərbi şəhərciyin baş planından çıxarılmasının təmin olunması qeyd olunmuşdur. - 2014-2018-ci illər üzrə Abşeron rayon Mənzil-İstismar hissəsinin təminatında olan hərbi şəhərciklərdə əmlakın (qiymətlilərin) ləğvi bina və qurğuların siyahısında N saylı hərbi hissəsinin “Badamdar 15” hərbi şəhərciyində yerləşən 245 saylı qaraj binasının ilkin balans dəyəri 440, ləğv aktının qəbul olunduğu tarix xx.xx.2005-ci il, söküntü tarixi xx.xx.2017-ci il qeyd olunmuşdur. - Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin “Batamdar-15” hərbi şəhərciyinin ərazisində yerləşən “N” Nömrəli qaraj binasının xx.xx.2018-ci il tarixli 28 №-li müayinə aktının surətindən görünür ki, “Badamdar-15” hərbi şəhərciyində yerləşən baş plan üzrə N nömrəli qaraj binasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 06 sentyabr 2014-cü il tarixli 55 nömrəli qərarı ilə təsdiqlənmiş Təlimatın 2.16.2 bəndinə müvafiq olaraq”torpaq sahələrinin yeni tikinti üçün ayrılması” ilə əlaqədar ləğv edilməsinin məqsədəmüvafiq olunmasına dair rəy verilmişdir. - Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin xx.xx.2018-ci il tarixli 21 №-li Əmlakın (Qiymətlilərin) ləğvi aktının surətindən görünür ki, əmlakın istismar vəziyyətini yoxlayarkən komissiya belə qərara gəlmişdir ki, torpaq sahəsinin yeni tikinti üçün boşaldılması məqsədilə Batamdar-15 hərbi şəhərciyinin ərazisində yerləşən N nömrəli qaraj binasınən ləğv edilməsi və maddi-məsul şəxsin öhdəsindən silinməsi qərara alınmışdır. - Müdafiə Nazirliyinin Abşeron Mənzil-İstismar hissəsinin N nömrəli hərbi hissəsinin “Badamdar-15” hərbi şəhərciyində yerləşən plan üzrə N nömrəli qaraj binasının sökülməsinə dair xx.xx.2019-cu il tarixli 14 №-li aktının surətindən görünür ki, “Badamdar- 15” hərbi şəhərciyində yerləşən plan üzrə N nömrəli qaraj binası xx.xx.2019-cu il tarixində tərtib olunmuş sənədlərə əsasən sökülmüşdür. Söküntüdən alınan materialların Abşeron rayon Mənzil-İstismar hissəsinin anbarına mədaxil edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müraciətinə cavab olaraq, Bakı şəhəri Səbail rayon Badamdar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 074/06 №-li məktubunda qeyd olumuşdur ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Bələdiyyənin mülkiyyətinə veriləcək torpaq sahələrinin hüdudları tam şəkildə müəyyən edilərək, Bələdiyyəyə təhvil verilmədiyindən və bununla bağlı müvafiq qaydada təsdiq edilmiş xəritə materialları mövcud olmadığından məktubda qeyd edilən məlumatların təqdim olunması mümkün olmamışdır. Eləcə də, məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin döngə, nöqtə və koordinatlarının dəqiq müəyyən edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastr və ünvan Reyestr Xidmətinə müraciət edilməlidir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/3144 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqatın nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi İlkin İmanovun tərtib etdiyi 13 iyun 2023-cü il tarixli, 3-21-3-30/2-20397/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: 1) Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. 2) Qeyd edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ilə üstüstə düşməsini araşdırmaq mümkün olmamışdır. 3) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Badamdar-15” hərbi şəhərciyinə dair hər hansı bir məlumat (cizgi, ayrıc) olmadığından göstərilən sahə ülə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. 4) İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə qeyd olunan hərbi şəhərciyin faktiki sərhəddi (hasarı) daxilində yerləşir. Sözügedən sahənin sərhədləri şərti olmaqla üzərində hərbi şəhərciyə aid tikililərin bir hissəsi yerləşir. Sualda qeyd olunan (torpaq sahəsinin sərhədlərini müəyyən edən mişar daşından hasarlanma işləri aparılmışdırmı, aparıldığı təqdirdə həmin hasarlanma işlərinin aşınması nəzərə alınmaqla hansı dövrə aid olduğunu müəyyən edilməsi) məsələnin müəyyən edilməsi mümkün olmamışdır. - Məhkəmə tərəfindən İddiaçı nümayəndəsi və vəklinin və ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı ilə mübahisəli əraziyə yerində müayinə keçirilərkən müəyyən olunmuşdur ki, İddiaçı tələbləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin operativ istifadəsində olan və “N” saylı hərbi hissənin dislokasiya olunduğu Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən “Badamdar-15” hərbi şəhərciyinin avtomobil parkının ərazisinə yönəlmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 23.Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Maddə 84.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Hazırda iddiaçı hüquqlarının pozulduğunu qeyd etməklə, mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən boşaldılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Qanunvericiliyin tələblərinə görə isə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir və hüquqdan suiistifadə edilməsinə yol verilmir. Beləliklə məhkəmə araşdırması sübutetmə yükü üzərinə düşən iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən zəbt olunmasını sübuta yetirə bilməmişdir. Bu zaman cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələblərinə (Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır) uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar