Məhkəmə qərarları › İş №2-1(112)-10100/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10100/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10100/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Rəvan”dan “Röyal”a dəyişdirilmiş adının təkrarən “Rəvan”a dəyişdirilərək, vətəndaşlıq vəziyyəti aktlarında qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun, yəni İddiaçı 29 yanvar 1996-cı ildə Bakı şəhərində doğulmağı barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1997-ci il tarixli 181 nömrəli akt qeydində düzəliş olunaraq, uşağın adı bəndində “Röyal”dan “Rəvan”a düzəldilməklə, ona yəni İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona məxsus xx.xx.1997-ci il tarixdə verilmiş ******* nömrəli doğum haqqında şəhadətnamədə adı “Rəvan” qeyd olunsa da, doğum akt qeydində “Röyal” yazılmışdır. Belə ki, həmin hal ilə əlaqədar düzəliş edilmə zərurəti yaranmışdır. Həmçinin “ İlkin hərbi qeydiyyata alınma haqqında” arayışda adı “Rəvan” kimi qeyd edilmişdir. Bununla əlaqədar ilk öncə Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin müraciətinə Suraxanı rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda müvafiq düzəlişlərin qeydiyyat şöbəsi tərəfindən edilməsinin qeyri mümkünlüyü bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsinə doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı müracət etmişdir. Məsələ ilə bağlı Suraxanı rayon Hövsan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1997-ci il tarixli 181 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adının “Röyal”, doğum haqqında şəhadətnamədə isə “Rəvan” kimi yazıldığı məlum olmuşdur. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və doğum haqqında şəhadətnamə ilə doğum haqqında akt qeydi arasında ziddiyyət olduğu üçün vətəndaş xx.xx.2022-ci il tarixli 14-05/75 saylı akt qeydində düzəlişlə bağlı imtina məktubu ilə təmin edilmişdir. Cavabdeh Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi məhkəmə iclaslarının (hazırlıq icraatı və məhkəmə baxışı üzrə) yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmış, lakin məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymələndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus ilkin hərbi qeydiyyata alınma haqqında İQ seriyalı 381637 №-li vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə tibbi komissiyanı keçmiş və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona aid doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmiş, Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin 14-05/75 №-li, xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, onun doğumu Suraxanı rayonu qeydiyyat şöbəsində 181 saylı xx.xx.1997-ci il tarixli akt qeydi ilə dövlət qeydiyyatına alınmışdır. Onun doğum akt qeydində adı “Röyal”, doğum haqqında şəhadətnamədə isə “Rəvan” kimi qeyd edilmişdir. Doğum akt qeydində ziddiyyət olduğundan və şəxsiyyət vəsiqəsi olmadığından doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair ərizəsinin qeydiyyat şöbəsində təmin olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 638-05/75 №li və xx.xx.2022-ci il tarixli 615-05/75 №li məktubları ilə təqdim olunmuş aşağıdakı; İddiaçı aid 12 iyun 1997-ci il tarixli 181 №-li doğum haqqında akt qeydində uşaq haqqında məlumat bölməsində uşağın soyadı Məmmədov, adı Röyal, ata adı Umar, doğulduğu yer Bakı şəhəri, doğum tarixi 29 yanvar 1996-cı il qeyd olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Hövsan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş XX- ЖГ seriyalı, 336936 №-li doğum haqqında şəhadətnamədə İddiaçı 29 yanvar 1996-cı ildə Bakı şəhəri Suraxanı rayonunda doğulduğu, bu barədə akt qeydləri kitabında 1997-ci ilin iyun ayının 12-ci günündə 181 nömrə ilə qeyd aparılmış, atası qismində X7, anası qismində X4 qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-17017-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sorğu edilən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı 25.0.2004-cü il tarixdə ilk dəfə AZE-10448176 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Həmin tarixdən etibarən ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-5716/13 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı deyil, X8 doğumu haqqında akt qeydi aşkar edilmişdir. xx.xx.1997-ci ildə Suraxanı rayon qeydiyyat şöbəsində qeydə alınmış həmin akt qeydinə baxış keçirilərkən adı çəkilən şəxsin atasının xx.xx.1959-cu il təvəllüdlü X9, anasının isə xx.xx.1958-ci il təvəllüdlü X4 olduğu müəyyən edilmişdir (bildirilir ki, akt qeydində ata haqqında məlumatların nikah haqqında akt qeydinə əsasən yazıldığı göstərilsə də, informasiya sisteminə baxış keçirilərkən U.Məmmədovla S.Abdullayevanın nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir). X2 olan xx.xx.1981-ci il təvəllüdlü X3 doğumu nikahda olmayan ananın ərizəsi əsasında xx.xx.1981-ci ildə Şəki rayonunun Kiçik Dəhnə icra nümayəndəliyində qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. X1 və X5 olan xx.xx.1993-cü il təvəllüdlü Roman Məmmədovun doğumunun da həmin icra nümayəndəliyində qeydə alındığı məlum olmuşdur. X1 və X6 olan 18 02.1981 -ci il təvəllüdlü İlham Məmmədovun, xx.xx.1982-cı il təvəllüdlü Aqil Məmmədovun, xx.xx.1983-cü il təvəllüdlü Xəyal Məmmədovun xx.xx.1987ci il təvəllüdlü Günay Məmmədovanın və xx.xx.1987-ci il təvəllüdlü Röyal Məmmədovun doğumu Şəki rayonunun Kiçik Dəhnə icra nümayəndəliyində qeydə alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli, 52 saylı Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir (İ. 1). Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilir (İ.3). Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir (İ.4). Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur. Lakin akt qeydində iddiaçının adı səhvən Rəvan əvəzinə Röyal kimi qeyd olunmuşdur. İddiaçıya məxsus doğum haqqında şəhadətnamədə onun adı “Rəvan” kimi qeyd olunduğu halda cavabdeh inzibati orqan doğum akt qeydində düzəliş edilməsi üçün şəxsiyyət vəsiqəsinin olmadığı əsası ilə imtina etmişdir. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 29 yanvar 1996-cı ildə Bakı şəhərində doğulmağı barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1997-ci il tarixli 181 nömrəli akt qeydində düzəliş olunaraq, uşağın adı bəndində “Röyal”dan “Rəvan”a düzəldilməklə, ona yəni İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 29 yanvar 1996-cı ildə Bakı şəhərində doğulmağı barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum haqqında xx.xx.1997-ci il tarixli 181 nömrəli akt qeydində düzəliş olunaraq, uşağın adı bəndində “Röyal”dan “Rəvan”a düzəldilməklə, ona yəni 29 yanvar 1996-cı il təvəllüdlü İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar