Məhkəmə qərarları › İş №2-1(112)-10109/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10109/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10109/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin) nümayəndəsi Allahverdiyev Hüseyn Nazim oğlunun, cavabdehin (Cavabdeh2) nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «evə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «evə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı «evə dair reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, 2003-cü ilin yayında iddiaçı və onun əri Bakı şəhərində mənzil almaq qərarına gəlmişlər. Bu məqsədlə müəyyən qədər vəsait də toplamış, imkana uyğun olan evlərlə maraqlanmışlar. Həmin ərəfədə ərinin bacısı Günəş İbrahimova bildirmişdir ki, qaynatası X3 öz evini satır. İddiaçı Nurəddin İbrahimovla evin satılmasını razılaşaraq 6.000 manat məbləği qayınları Mahir və Mailin də iştirakı ilə ona vermişdir. İbrahimov Nürəddin pulu alıb evin açarlarını ona təqdim etmişdir. Daha sonra isə, İbrahimov Nürəddin onun və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmağını təmin etmişdir. İddiaçı həmin vaxtdan etibarən öz evinə köçərək orada yaşamağa başlamışdır. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayır. Uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri iddiaçı və ailə üzvləri ödəmişlər. Hal-hazırda da həmin evdə yaşayır. Qeyd olunan ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirmişlər. İbrahimov Nürəddin həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdirmişlər. O da iddiaçıya evin əvvəlki sahibi kimi torpağın dəqiq ölçülərini bildirdi və qohum və tanış kimi xeyir-dua verdi. Bu hadisədən qısa müddət sonra İbrahimov Nürəddin vəfat etdi. İddiaçı olaraq ona sonradan məlum olmuşdur ki, Cavabdeh2 atasının ölümündən sonra gizlicə qeyd olunan evə dair yalan məlumatlar verməklə çıxarış almışdır. Daha sonra isə, iddiaçıya və ailə üzvlərinə qarşı məhkəmədə iddia qaldıraraq həmin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbuki həmin evə dair çıxarışın verilməsi tam qanunsuz və əsassızdır. Hesab edilir ki, ünvan 1 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış ləğv edilməlidir. Belə ki, qeyd olunduğu kimi, mərhum X3 2003-cü ildə qeyd olunan evi iddiaçıya satmış və dəyərini də almışdır. Həmin ildən etibarən iddiaçı və ailə üzvləri köçüb həmin evdə yaşamağa başlamışıq və evə daimi qeydiyyata alınmışlar. Həmin vaxtdan etibarən iddiaçı mülkiyyətçi kimi qeyd olunan evə sahiblik etmiş və evdən istifadə etmişdir. O, evin bütün kommunal xidmət haqlarını ödəmiş və evdən öz ünvanı kimi istifadə etmişdir. 2016-cı ilin sentyabr – oktyabr aylarında isə həmin ev tamamilə sökülmüş və iddiaçı tərəfindən həmin ünvanda başqa ölçüdə yeni ev tikilmişdir. Hazırda da həmin yeni ev ona məxsusdur və istifadəsindədir. Mübahisəli ev fərdi yaşayış evidir, yəni həyət evidir və evin 1/2 hissəsi mərhum X1 mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Yəni, cavabdehin adına verilən çıxarışda göstərilən ev faktiki olaraq mövcud deyil və həmin ünvanda iddiaçıya məxsus yeni bir ev tikilmişdir. Bu mənada o, hesab edir ki, cavabdehə verilən reyestrdən çıxarış reallığı əks etdirmir və bu qeydiyyat əsassızdır. Hesab edilir ki, cavabdehin adına verilmiş reyestrdən çıxarış və əmlakın qeydiyyatı həmin evin tamamilə sökülməsi səbəbindən də ləğv edilməlidir. Cavabdehin adına qeydiyyata alınan əmlak mövcud deyil. Həmin ünvanda texniki göstəriciləri, ölçüləri, sahəsi, otaq sayı və mərtəbəliliyi tamamilə başqa olan ev tikilmişdir. Odur ki, cavabdehin adına verilən çıxarış və aparılmış qeydiyyat hər cür hüquqi mənasını itirmişdir. Hesab edilir ki, cavabdeh təşkilat həmin ünvanla bağlı maraqlı şəxsin hüquqlarını qeydə alınmamışdan əvvəl araşdırma aparılmasını təmin etməli və müəyyən etməli idi ki, həmin daşınmaz əmlak artıq mövcud deyil və onun yerində həmin əmlakm texniki göstəricilərinə uyğun olmayan başqa daşınmaz əmlak vardır. Bu faktiki hal ərazidə fəaliyyət göstərən 64 saylı MKİS-in 20.11.2019- cu il tarixli 69 saylı məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd olunur ki, İddiaçı Yasamal rayonu, K.Kazımzadə küçəsi 13 ünvandakı evin 2-ci mərtəbəsində öz vəsaiti hesabına 54,7 kv.m ev inşa edib. Bu isə o deməkdir ki, Cavabdeh2 xeyrinə mülkiyyət hüquqları qeydə alman daşınmaz əmlak artıq mövcud deyil. Bu isə qeydiyyatın ləğvi üçün əsasdır. Odur ki, aparılmış qeydiyyat ləğv edilməlidir. Göstərilənlərə və AR Mülki Məcəlləsinin 149.2, 150-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 9.1.3-cü maddəsinə, İPM-in 2.2.3, 34, 45 və digər maddələrinə əsaslanaraq, ünvan 2 ünvanında yerləşən evə dair Cavabdeh2 adına verilən 27 may 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarışın və qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəfər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və onun inzibati məhkəmə icraatına baxılaraq təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin) nümayəndəsi X4 iddiaçının hzırkı iddianı qaldırmamışdan əvvəl inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmədiyini bildirdi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin (Cavabdeh2) nümayəndəsi və vəkili X5 bildirdi ki, iddiaçının eyni tələbinə mülki məhkəmə icraatı qaydasında baxılaraq artıq məhkəmə aktı qəbul olunmuşdur və bu səbəbdən də işə yenidən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 qarşı «mülkiyyət hüququna dair reyestr çıxarışının və reyestr qeydinin ləğv edilməsi barədə» iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1262/2021 saylı iş üzrə 5 fevral 2021-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3981/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1262/2021 nömrəli iş üzrə 5 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Göründüyü kimi, İddiaçı hazırkı iddiasına mülki məhkəmə icraatında baxılmış və mahiyyəti üzrə məhkəmə qətnaməsi qəbul edilmiş, həmin qətnamə qüvvəyə minmişdir. Bundan başqa, İddiaçı inzibati məhkəmə icraatı qaydasında hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil. Məhkəmə qeyd edir ki, İddiaçı subyektiv hüququ olsaydı belə, iddia qaldırmamışdan əvvəl müvafiq məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciəti olmadığından, tərəflər arasında inzibati mübahisə yaranmış olmur. Belə olan halda məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarına toxunulan hər hansı hərəkətin edildiyi və ya vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar