Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1011/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Respublikasındaki Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Xəzər ayonu Buzovna qəsəbəsində yerləşən 875 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçının adına dövlət reyestrində qeydiyyta alınaraq çıxarışın verilməsini cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun uzun illərdir ki, qanuni istifadəsindədir və həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız imtina verilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********68 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bildirilir ki, elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsindən 35 m kənarda ləğv edilmiş 246 nömrəli neft quyusunun məlumatı mövcuddur. Həmçinin, torpaq sahəsinə dair yerləşmə cizgisi və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 875 kv.m qeyd edilsə də, faktiki 1191 kv.m olduğu məlum olmuşdur. Üçüncü şəxsin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, həmin koordinatlarında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazidə yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 246 saylı neft-qaz quyusunun 52 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Belə olan halda hesab olunur ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 4 nömrəli qərarı ilə İddiaçı Buzovna qəsəbəsində 594 nömrəli sahədə fərdi ev tikmək üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Əzizbəyov RİH-nin xx.xx.2005-ci il tarixli, 227 nömrəli Sərəncamına əsasən Buzovna qəsəbəsi, 594 saylı sahədə vətəndaş X1 tikdiyi 1 mərtəbəli 3 yaşayış otağı - 80,5 kv.m, köməkçi sahə - 26,1 kv.m, açıq eyvan - 39,8 kv.m, torpaq sahəsində tövlə - 16,0 kv.m, hamam - ayaqyolu - 18,8 kv.m, hovuz -15,8 kv.m, cəmi torpaq sahəsi - 1200 kv.m-dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınması qərara alınmışdır. Yerləşmə cizgisindən görünür ki, İddiaçı Buzovna qəsəbəsində 594 nömrəli sahədə fərdi ev tikmək üçün ayrılmış 875 kv.m torpaq sahəsinin sxemi Xəzər RİH tərəfindən təsdiq edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan başqa, ********** nömrəli, xx.xx.2018-ci il tarixli müraciət zamanı göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə bağlı **********16 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla cavab verilmişdir. SOCAR tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, həmin koordinatlarında yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə ayrılmış ərazidə yerləşir. Həmçinin, həmin torpaq sahəsi ilə ləğv olunmuş 246 saylı neft-qaz quyusunun 52 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; … «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ns nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. İddiaçi bu hüquqlarının qeydiyyatını müvafiq sərəncamlar əsasında reallaşdırmaq istəyir. Cavabdeh isə onun bu hüquqlarının qeydiyyatını rəsmiləşdirməkdən imtina edərkən torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin hüdudları daxilində yerləşməsi, həmçinin iddia olunan torpaq sahəsinin 246 saylı ləğv olunmuş neft quyusunun 52 metrlik məsafəsində yerləşməsi ilə əlaqələndirir. Məhkəmə cavabdehin istinad etdiyi imtina əsasına keçməzdən əvvəl iddiaçının malik olduğu hüquqmüəyyənedici sənədlərə münasibət bildirərək hesab edir ki, həmin sənədlər əsasında onun həm torpaq sahəsi, həm də fərdi yaşayış evi üzərində hüquqları yaranmışdır. Belə ki, sənədlərin təhlili nəticəsində müəyyə olunur ki, XDS İK tərəfindən torpaq ayırma barədə qərar qəbul edilmiş, daha sonra səlahiyyətli yerli icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. Yuxarıda istinad olunan qərardan da göründüyü kimi iddia olunan torpaq sahəsi qərar əsasında və yerləşmə cizgisi əsasında iddiaçıya ayrılmışdır ki, həmin qərar əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunur ki, XDS İK-nin qərarı ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin qərarın hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Bundan başqa Məhkəmə bildirir ki, yerli icra hakimiyyəti orqanının yerləşmə cizgisi torpaq sahəsinin ayrılması üzrə dövlətin torpaq sahəsinin ayrılması üzrə səlahiyyətlərinin tam icrasının həyata keçirilməsinə yönəlmiş tədbir olmuş, hüquqmüəyyənedici sənədin mötəbərliyinə etimad hüququnun realizəsinə xidmət etmiş, arxiv arayışından çıxarışda da məhz deyildiyi kimi şəxsi istifadədə olan 875 kv.m torpaq sahəsini koordinatları, yerləşmə və digər texniki xüsusiyyətlərinin müəyyən edilməsinə yönələn qanunauyğun faktiki xarakterli hərəkət kimi yerləşmə cizgisinin tərtibatını həyata keçirmişdir. Həmin yerləşmə cizgisi də, hüquqmüəyyənedici sənəd kimi mötəbərdir, ləğv edilməmişdir, öz qüvvəsini saxlamaqdadır. Məhkəmə, həmçinin hesab edir ki, iddia olunan torpaq sahəsi Saziş hüdudları daxilində yerləşsə də, həmçinin onunla 52 metr məsafədə ləğv olunmuş neft quyusu olsa da, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi torpaq sahəsinin ayrılması barədə qərar, onun əsasında tərtib olunmuş yerləşmə cizgisi qüvvədədir və torpaq sahəsi üzərində iddiaçının hüquqlarının yarandığına dəlalə edən hüquqmüəyyənedici sənəddir. Bu sənəd iddiaçının torpaq sahəsi üzərində inşa etdiyi fərdi yaşayış evinə dair hüquqlarının qeydiyyatı üçün əsasdır. Belə ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş tikililərə münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmiş, 2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş tikililəri məlumatlandırma icraatı tətbiq edildiyi və tikintisinə icazə tələb olunan tikinti obyektlərinə ayırmış, hər birinə xas olan göstəriciləri fərqləndirmişdir. Hazırki məhkəmə araşdırılması isə fərdi yaşayış evinin 2013-cü ilin yanvar ayının 1-dək inşa edildiyi müəyyən olunmuşdur (tərəflər bu halı mübahisələndirmir). Bu halda iddiaçı öz hüquqlarının qeydiyyatı üçün aşağıdaki sənədlərə malik olmalıdır: torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Doğrudur ki, fərdi yaşayış evi inşa olunarkən iddiaçının torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmamışdır, lakin onun həmin sahəyə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. İddiaçı faktiki olaraq qanuni əsaslarla ona ayrılmış torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişdir ki, bu hal onun həmçinin fərdi yaşayış evi üzərində də hüquqlarının qeydiyyatı üçün əsasdır. Bu zaman əlavə olaraq o da nəzərə alınmalıdır ki, inşa edilmiş fərdi yaşayış evinə dair eskiz layihəsi tərtib olunmuş, həmçinin yerli icra hakimiyyətinin sənədləşdirilməyə icazə barədə sərəncamıda olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər ayonu Buzovna qəsəbəsində yerləşən 875 kv.m torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına dövlət reyestrində qeydiyyta alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov