Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10110/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşayış evi tikmək üçün Binəqədi bələdiyyəsinin xx.xx.2008-ci il, 39/05 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində mənə ayrılmış 100 kv.m torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 39/05 saylı qərarı ilə M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində 40 il əvvəl daş hasara alaraq bağ-bostan kimi istifadə etdiyi 100 kv.m torpaq sahəsi yaşayış evi tikmək üçün iddiaçıya ayrılmış, qərara uyğun olaraq torpaq sahəsinin sxemi verilmişdir. Qeyd olunan qərarın və yerləşmə sxeminin arxiv əsası Dövlət Arxivinin Bakı filialında saxlanılır. İddiaçı ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi ilə bağlı cavabdeh qeydiyyat orqanına müraciət etmiş, lakin cavabdeh “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyi nəzərə alaraq müraciəti təmin etməmişdir. İddiaçı qeyd edir ki, həmin dəyişiklik Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 709-İİİQD saylı Fərmanı ilə təsdiq edilmiş və dərc edildiyi gündən qüvvəyə minmişdir. Nəticə etibarı ilə torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı fərmandan təqribən bir ay əvvəl verilib. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmənin müvafiq qərardadı ilə Rəsulzadə bələdiyyəsi hazırkı iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənədlər toplusunda olan iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarı xx.xx.2008-ci il tarixlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Eyni zamanda, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarına aiddir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerqurluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbinə dair müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 39/05 saylı qərarının arxiv surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixli ərizəsinə, Binəqədi RİH-in xx.xx.2008-ci il tarixli, 15-q/147 saylı məktubuna, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16-cı maddəsinə və bələdiyyənin yerli iqtisadi inkişaf daimi komissiyasının xx.xx.2008-ci il tarixli, 09 saylı iclas protokolunun rəyinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi, 13 saylı evin qarşısında yerləşən və vətəndaş İddiaçı istifadəsində olan 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Eyni zamanda qeyd olunan qərarın əsasında Rəsulzadə bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin alqı-satqısına dair akt, eləcə də torpaq sahəsinin yerləşmə sxemi tərtib və təsdiq edilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 39/05 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 100 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaması və müvafiq çıxarışın verilməsinə yönəlmişdir. Bununla bağlı cavabdeh müraciət təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri bunlardır: 1. iddiaçıya torpaq sahəsinin ayrılması barədə bələdiyyənin qərarının xx.xx.2008-ci il tarixdə verilməsi, 2. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması; 3. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsi; 4. Torpaq sahəsinin dövlət mülkiyyətində olmas. Məhkəmə iddia tələbini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri çərçivəsində dəyərləndirərək cavabdehin imtinasının qanunazidd olmadığı qənaətinə gəlir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Mövcud əmlak qanunvericiliyinin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Lakin hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli qanunun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 9.1-ci maddəsinin ilkin redaksiyasına əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD nömrəli qanunun İİİ hissəsinin 1-ci mddəsinə əsasən 9.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir: “9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.”. Həmin Qanunun İV bəndində göstərilir ki, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli, 709-İİİQD nömrəli Qanunu ilə 9.1-ci maddə aşağıdakı qaydada verilmişdir: “9.1 Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.". Həmin Qanunun Xİ maddəsində göstərilir ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə M.Ə.Rəsulzadə bələdiyyəsinin qərarı xx.xx.2008-ci il tarixdə qəbul edilmişdir. Belə olan halda, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları baxımından hüquqi qiymət verilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasından göründüyü kimi, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını bilavasitə öz qərarları ilə özgəninkiləşdirmək hüquqları yox idi, bu torpaqlar üzərində hüquqlar istisnasız olaraq yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməmişdir. Bu hal isə torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Belə baxımdan, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Odur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün “qanuni gözləntisi” yaranmır. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq ayırma prosesi qanunla tələb olunan qaydada həyata keçirilmədiyindən cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara (yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi, torpağın dövlət mülkiyyətində olması) ayrıca münasibət bildirilməsinə zərurət qalmır. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10110/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10110/2025
05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver