Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10114/2021 19.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şir Ağa qıznın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilməsi barədə iddia tələbinə dair inzibati işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı 09 fevral 2010cu ildə aparılmış 363 saylı akt qeydində dəyişiklik edilməsi və həmin akt qeydinin ata qrafasında “məlumat təqdim edilməyib” sözlərinin yerinə “yəhudi” sözünün yazılması öhdəliyinin Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 02.09.2021-ci il tarixində Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, oğlunun adına olan doğum haqqında şəhadətnamənin ata qrafasında dəyişiklik edilməklə oğlunun atasının milli mənsubiyyətinin qeyd edilməsini xahiş etmişdir. Lakin, qeydiyyat şöbəsi ərizəsinə 03.09.2021-ci il tarixdə verdiyi cavabla müraciətini rədd etmiş, doğum haqqında şəhadətnamənin həmin qrafasında dəyişiklik edilməsini təmin etməmiş, doğum haqqında şəhadətnamənin həmin qrafasında dəyişiklik edilməsi və məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. O, 29 aprel 2008-ci ildə Bakı nikah evində Nisanov (Həsənov) Rahil ilə nikaha daxil olmuşdur. Bu barədə nikah haqqında akt qeydləri kitabında 1089 saylı qeyd aparılıb və nikah haqqında şəhadətnamə ilə təmin edilmişdir. 21 noyabr 2009-cu ildə birgə nikahlarından Nisanov (Həsənov) Əziz Rahil oğlu anadan olub. Bakı şəhəri Xətai rayon X1 09 fevral 2010-cu ildə 363 saylı akt qeydi əsasında AZ-İİ seriyalı, 406054 saylı doğum haqqında şəhadətnamə ilə təmin edib. Lakin, naməlum səbəbdən doğum haqqında şəhadətnamə doldurulan zaman şəhadətnamənin ata qrafasında oğlunun atasının milli mənsubiyyətini göstərməyiblər və həmin qrafada “məlumat təqdim edilməyib” sözlərini yazıblar. Əslində o, zəruri sənədləri doğum haqqında şəhadətnamə alan zaman qeydiyyat şöbəsinə təqdim etmişdir. Lakin, naməlum səbəbdən və ya qeydiyyat şöbəsinin səhvi ucbatından oğlunun atasının milli mənsubiyyəti göstərilməyib. Doğumun dövlət qeydiyyatına alınması zamanı valideynlərin şəxsiyyətini təsdiq edən sənədləri, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını və yerini tədiq edən tibb müəssisəsindən sənədini, doğum haqqında şəhadətnamələrinin təqdim etmişdir. Təqdim etdiyi ona məxsus olan doğum haqqında şəhadətnamədə onun milli mənsubiyyəti azərbaycanlı, ərinin milli mənsubiyyəti isə yəhudi kimi göstərilmişdir. Uşağın atası İsraildə yaşayır, onun iddiası əsasında məhkəmə qaydası ilə boşanmışlar, münanasibətləri olmadığı üçün müraciətlərinə cavab vermədiyi üçün onun doğum haqqında şəhadətnaməsinin əslini almaqla qeydiyyat şöbəsinə təqdim etmək mümkün deyildir. Cavabdehlərin inzibati hərəkətləri onun hüquqlarını pozur. Qeyd edir ki, cavabdehlərin hərəkətləri nəticəsində onun uşağının hüquqları pozulur. Doğum haqqında şəhadətnamədə oğlunun atasının milli mənsubiyyətinin göstərilməməsi oğlunun hüquqlarını pozur. Onun bir sıra ölkələrə vizasız getmək, həmin ölkələrdə pulsuz təhsil almaq, müvəqqəti və ya daimi yaşamaq hüququ almaq, həmin ölkələrin sadələşdirilmiş qaydada vətəndaşlığını əldə etmək kimi hüquqlardan məhrum edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 03.09.2021-ci il tarixli, 3097-05/15 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının 02.09.2021-ci il tarixli, “Nisanov (Həsənov) Əziz Rahil oğlunun doğum qeydində atasının milliyyətinin yəhudi yazılması” barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklilər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akltarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Kifayət qədər əsasın olmaması səbəbindən doğum haqqında akt qeydinə düzəliş edilməsi barədə ərizənin şöbə tərəfindən icra edilməsi mümkün deyildir. İşdə olan AZ-İ seriyalı, 556082 nömrəli, 08 fevral 2010-cu il tarixdə Bakı Nikah evi tərəfindən verilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 23 sentyabr 1976-cı ildə Azərbaycanda doğulmuş Rahil Nisanov (Həsənov) ilə xx xxxxx 1982-ci ildə Gürcüstan, Tbilisidə doğulmuş İddiaçı arasında 29 aprel 2008-ci il tarixdə rəsmi nikah bağlanılmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin aprel ayının 29 günündə, 1089 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ seriyalı, 406054 nömrəli, 03 fevral 2010-cu il tarixdə Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nisanov (Həsənov) Əziz Rahil oğlu 27.11.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, doğulduğu ölkə Azərbaycan, ata qrafasında Nisanov (Həsənov) Rahil, atanın milliyyəti qrafasında məlumat təqdim edilmədi göstərilmiş, ana qrafasında İddiaçı, ananın milliyyəti qrafasında azərbaycanlı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-19/2021 saylı, 16.02.2021-ci il tarixli Qərardadının surətindən görünür ki, X2 İşləri üzrə Tel-Əviv Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli Qərarı ilə iddiaçı Rahil Nisanovla cavabdeh İddiaçı arasında 29 aprel 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş və 11 dekabr 2019-cu il tarixdə qərar qanuni qüvvəyə minib. X2 İşləri üzrə Tel-Əviz Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli Qərarının Azərbaycan Respublikasının ərazisində tanınması barədə cavabdeh İddiaçı ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-19/2021 saylı, 16.02.2021-ci il tarixli Qərardadına əsasən cavabdeh İddiaçı ərizəsi təmin edilmiş, X2 İşləri üzrə Tel-Əviv Məhkəməsinin 07 oyabr 2019-cu il tarixli Qərarı Azərbaycan Respublikasının ərazisində tanınmışdır. İşdə olan AZ-İ seriyalı, 355953 nömrəli, 21 aprel 2021-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nisanov Rahil və İddiaçı nikahı 16.02.2021-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikaha 21.04.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2021-ci ilin 04 ayının 21 günündə, 47 nömrəsi ilə qeyd edilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi qeydin düzəldilməsinə və ya dəyişdirilməsinə əsas olan sübut əhəmiyyəti kəsb edir. Həmin icraat qaydasına o hallarda müraciət olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında hüquqi faktlara (doğum, nikah, boşanma, övladlığa götürmə və s.) dair aparılmış qeydlərdə yanlışlığa, səhvlərə yol verilmiş olsun və müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığı (səhvi) düzəltməkdən imtina etsin (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmadığını müəyyən etmək üçün qeydiyyat orqanın sərəncamında mübahisəsiz sübutların olmaması səbəbi ilə). Bu halda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmadığı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı işdə də vəziyyət, məhz belədir. Belə ki, işin hallarından görünür ki, işdə Rahil Nisanovun (Həsənovun) milliyyətinin yəhudi olmasına dair hər-hansı bir mübahisəsiz sübut yoxdur. Buna görə də, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçının 27.11.2009cu il təvəllüdlü oğluna aid qeydlərin düzgün olmadığı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən 2.1-ci maddəsinin tələbindən göründüyü kimi, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən o halda həyata keçirilir ki, mübahisənin qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş olsun. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. İddiaçıya vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10114/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10114/2021
19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver