Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10114/2025 30.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 10 mart 2025-ci ıl tarixli 3-21-2-2/2-12393/2025 nömrəli qərarının ləğv edilməsi və mənim 28 fevral 2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi “ödənilmiş ƏDV-nin 30%-nin geri qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Socar Neft Şirkətinin İnformasiya Texnologiyaları Rabitə İdarəsində texnik vəzifəsində işlədiyindən güzəştli şərtlərlə Bakı şəhəri, Səbail aryonu, Salyan şossesi, Dənizkənarı küçəsi, ev 398, 2A saylı binanın, 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 33 saylı evin ümumi dəyərinin 1/3 hissəsi idarə tərəfindən, qalan məbləğ iddiaçı tərəfindən ödənilməklə mənzillə təmin edilmişdir. İddiaçı qanunvericiliyin tələbinə əsasən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı ərizə ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 28 fevral 2025-ci il tarixli müraciət etmişdir. Müraciətə cavab olaraq qəbul edilmiş 10 mart 2025-ci il tarixli qərarda qeyd edilmişdir ki, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən inzibati orqanın 10 mart 2025-ci il tarixli 3-21 -2-2/2- 12393/2025 nömrəli imtinası əsassızdır. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən nağdsız hesablaşma dedikdə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. İddiaçı yaşayış sahəsinin dəyərini satıcının bank hesabına ödəmişdir. Bu da yuxarıda qeyd edilən normanın tələbinə uyğun olaraq nağdsız hesablaşma hesab olunur. Buna görə də vergi orqanının imtinası qanunsuz və əsassız sayılır. Göstərilənlərə və İPM-in 2, 4.1, 8, 32.1, 33, 38, 70-ci maddələrinə əsaslanaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 10 mart 2025-ci il tarixli 3-21-2-2/2-12393/2025 nömrəli qərarının ləğv edilməsi və iddiaçının 28 fevral 2025 tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasının təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir.
4. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ilk hissədə mümkünsüz hesab edilməlidir. Belə ki, İddiaçı qeyd etdiyi xx.xx.2025-ci il tarixli, 3-21-2- 2/2-12393/2025 saylı sənəd iş üzrə qəbul edilmiş vergi orqanın qərarı deyil, vətəndaşın xx.xx.2025-ci il tarixli müraciətinə cavab məktubu olmuş və aidiyyəti üzrə vətəndaşa ƏDVnin qaytarılması üçün çatışmayan sənədlər barədə məlumat verilmişdir. Belə olan halda qeyd olunan sənədin iddiaçı tərəfindən ləğvinin tələb edilməsi mümkünsüzdür. İşin mahiyyəti ilə əlaqədar bildirilir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı sonuncu dəfə xx.xx.2025-ci il tarixində vergi orqanına müraciət etmişdir. İddiaçı tərəfindən elektron ərizəyə xx.xx.2022-ci il tarixli müqavilə və ödəniş sənədləri əlavə edilmişdir. İddiaçının vergi orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixli Pay qoyuluşu müqaviləsinə (№2/7), xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına və ödəniş qəbzlərinə əsasən müəyyən etmək olur ki, alıcı İddiaçı adından bank tərəfindən satıcıya ("xxxx" MTK) yaşayış sahəsinin dəyəri müqaviləyə uyğun həcmdə xx.xx.2022-ci il tarixində tam şəkildə ödənilmişdir. Daha sonra İddiaçı tərəfindən hissəli qaydada banka kredit ödənişi həyata keçirilmişdir. Nəticə etibarilə, alıcı tərəfindən satıcıya yaşayış sahəsinin tam ödənişi xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır. Bununla əlaqədar bildirilir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üçün fərmanla yaradılması nəzərdə tutulmuş elektron portal xx.xx.2022-ci il tarixindən istifadəyə verilmiş və portalın istifadəyə verilməsi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixində Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. İddiaçının əldə etdiyi yaşayış sahəsinə görə ödənişin xx.xx.2022-ci il tarixində başa çatdırıldığı nəzərə alsaq, onun tərəfindən müraciət qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldükdən sonra, yəni xx.xx.2022-ci il il tarixindən etibarən hesablanan 90 günlük müddət axımı bitdikdən sonra xx.xx.2025-ci il tarixində edilmişdir. Odur ki, müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş 90 günlük müddət bitdikdən sonra şəxsin müraciət etməsi ƏDV-nin müvafiq hissəsinin geri qaytarılmasından imtina üçün əsas olmuşdur. Həmçinin İddiaçı xx.xx.2025-ci il tarixli müraciəti zamanı “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5-ci bəndində qeyd olunan sənəd tələblərinə riayət etməmiş və bu barədə ona xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2- 12393/2025 saylı məktub ünvanlanmışdır. xx.xx.2020-ci il tarixindən qüvvəyə minən Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Həmin Qaydanın 5.3-cü bəndində bir daha qeyd olunur ki, dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli fərmanı ilə yalnız xx.xx.2022-ci il tarixindən sonra əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı deyil, həmçinin Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi xx.xx.2020-ci il tarixindən həmin tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı ƏDV-nin geri alınması münasibətlərinin də tənzimlənməsini nəzərdə tutur. Belə ki, fərmanla təsdiq olunmuş Qaydaların 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə müvafiq tələblər nəzərə alınmaqla qaytarılır. Maddənin mahiyyətindən anlaşıldığı üzrə, Fərmanın qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən əvvəl yaşayış sahəsini əldə etmiş olan alıcılar üçün ƏDV-nin müvafiq hissəsinin geri alınması ilə bağlı müraciətin Qaydaların qüvvəyə mindiyi tarixdən etibarən 90 gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Yekun olaraq, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək yaşayış sahəsi əldə etmiş alıcılar üçün 90 günlük müddət nəzərdə tutulduğu halda, xx.xx.2022-ci il tarixində əldə edilmiş yaşayış sahəsi üçün həmin müddətin tətbiq olunmaması qənaətinə gəlinməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanının müddəalarına tamamilə ziddir. Əlavə olaraq qeyd edilir ki, Fərmanda ƏDV-nin bir hissəsinin geri qaytarılması üçün yaradılması nəzərdə tutulan elektron portalın istifadəyə verilmə müddəti nəzərdə tutulmamışdır. Elektron portalın yaradılması xx.xx.2022-ci il tarixində başa çatdığından və onun istifadəyə verilməsi barədə məlumat rəsmi qaydada xx.xx.2022-ci il tarixində ictimaiyyətə çatdırıldığından 90 günlük müddət axımı xx.xx.2022-ci il tarixindən etibarən başlanır. Yuxarıda qeyd olunan müddəaları və İnzibati Prosessual Məcəllənin 48-ci maddəsini əsas tutaraq, İddiaçı vergi orqanına qarşı iddia tələbinin xx.xx.2025-ci il tarixli, 3-21-2-2/2- 12393/2025 saylı qərarın ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsini və xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması hissəsində iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gün ərzində vergi orqanına müraciət etməli olduğu barədə məlumatlı olmamışdır.
6. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, ödəyicisi (iddiaçı) ƏDV geri qaytarmaq barədə müraciət üçün qaydalarda müəyyən edilmiş 90 gün müddətə riayət etməmişdir.
II. İddianın növü
7. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
8. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılması barədə müraciətin baxılmamış saxlanılması haqqında“ 01 aprel 2025-ci il tarixli, **********279000 saylı Qərarın ləğv edilməsini və ƏDV-nin qaytarılacaq məbləği barədə məlumat verilməsini tələb etmişdir (qərarda texniki yanlışlığa yol verilərək tarix 01 aprel 2024 kimi qeyd olunsa da, iş materiallarına əsasən qərarın 01 aprel 2025-ci il tarixli olduğu müəyyən edilmişdir). Həmin (verilən) məlumat özündə inzibati aktın bütün elementlərini əks etdirməklə hüquqi nəticə yaradır.
9. Mübahisələndirilən qərara əsasən iddiaçının müraciəti lazımi sənədlərin təqdim olunmaması əsası ilə baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçının müraciəti üzrə yenidən inzibati araşdırma aparılması (mahiyyəti üzrə) üçün vergi orqanına vaxt verildiyi təqdirdə 90 gün müddət tələbinə əməl olunmaması əsası ilə müraciətdən imtina olunacaqdır. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda iddiaçının yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gün müddətində vergi orqanına müraciət edilmə qaydasına riayət etmədiyi qeyd edilmiş və tələbə mahiyyəti üzrə münasibət bildirilmişdir.
10. Odur ki, iddia mümkündür. İddianın növü məcburetmə haqqında iddiadır.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. “Neftçi Mənzil Tikinti Kooperativinə pay qoyuluşu haqqında” 16 fevral 2022-ci il tarixli 217 nömrəli Müqaviləyə əsasən: 1.3. Bu müqaviləyə görə “Payçı” (İddiaçı) mənzilin ümumi dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə pay haqqı kimi Kooperativə ödəyir. Kooperativ pay haqqı müqabilində “Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindən Bayıl massivinə çəkilmiş avtomobil yolunun kənarında yaşayış binaları obyekti” ünvanında tikintisini həyata keçirdiyi, 2-girişli, 16 mərtəbəli, 2A№-li yaşayış binasının, 1-ci giriş, 9-cu mərtəbəsində tikintinin oxları arası perimetri üzrə sahəsi 79.4 kv.m, ümumi sahəsi 70.6 kv.m, yaşayış sahəsi 42.4 kv.m təşkil edən 2 otaqlı, 33 nömrəli mənzili təmir olunmuş vəziyyətdə “Payçı”ya (İddiaçı) verməyi öhdəsinə götürür. 1.4.Göstərilən mənzilin təmir olunmuş vəziyyətdə, su, qaz, elektrik sayğacları, mətbəx və giriş mebeli ilə təmin olunmaqla bütün xərclər daxil ümumi dəyəri 69208.22 manat təşkil edir. Həmin məbləğ Kooperativin hesablaşma hesabına nəğd və ya bank köçürməsi yolu ilə ödənilir. O cümlədən: SOCAR tərəfindən 23530.79 manat: “Payçı” (İddiaçı) tərəfindən 45677.42 manat, o cümlədən normadan artıq sahəyə görə 0.00 manat. 2.1.“Payçı” müqavilə bağlandıqdan sonra 7 təqvim günü ərzində ona düşən pay haqqının minimum 10 faizini, 4567.74 manat ilkin pay haqqı kimi əvvəlcədən, qalan hissəsini 41109.68 manat isə 23 ay müddətində bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Kooperativə ödəyir.
12. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 182 nömrəli Arayışda qeyd olunmuşdur ki, İddiaçı 16 fevral 2022-ci il tarixli, Neftçi Mənzil Tikinti Kooperativinə Pay qoyuluşu haqqında 217 saylı Müqaviləyə əsasən Kooperativə borcu yoxdur. Həmin müqaviləyə əsasən Neftçi MTK- nın Bank hesablarına 69208.22 manat (SOCAR tərəfindən 23530.79 manat, Payçı tərəfindən 45677.42 manat) ƏDV daxil vəsait ödənilmişdir.
13. xx.xx.2022-ci il tarixli DKM/010N12A01647422 nömrəli Kredit Xətti Müqaviləsinə əsasən: 1.1.Bank Borcalana (İddiaçı) bu Müqavilənin 1.2-ci bəndində göstərilmiş məqsədlər üçün 120 (bir yüz iyirmi) ay müddətinə, kreditdən istifadəyə görə illik 4% (dörd faiz) ödənilməsi şərtilə 45 677.42 (qırx beş min altı yüz yetmiş yeddi manat, 42 qəpik) manat məbləğində bərpa olunmayan kredit xətti açır. 1.2.Kredit xətti aşağıdakı məqsədlər üçün açılır: Borcalan (İddiaçı) tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativinə yaşayış sahəsinin əldə edilməsi üçün pay haqqının ödənilməsinin kreditləşməsi. 1.3.Bu Müqavilə üzrə Bank qarşısında kredit öhdəliklərinin icrasına görə Birgə borcalan (İddiaçı) Borcalanla birgə məsuliyyət daşıyır. 1.4. Bu Müqavilənin bağlanması anma Borcalanların (İddiaçı) bu Müqavilə üzrə öhdəliklərinin icrasının təminatı qismində xx.xx.2022-ci il tarixli DKM/010N12A01647422/ZM №-li Zaminlik müqaviləsi çıxış edir.
14. ƏDV qaytarmaq ərizəsindən imtina barədə Bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixli **********455600 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”niz üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında təqdim edilmişdir.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 01 aprel 2025-ci il tarixli **********279000 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılması barədə müraciətin baxılmamış saxlanılması haqqında” Qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli elektron ərizəyə 217 nömrəli müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1.2-ci bəndinə əsasən alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edilməlidir. Lakin,alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2025-ci il tarixli ƏDV-nin geri qaytarılması ilə bağlı müraciəti baxılmamış saxlanılmışdır.
İV. Məhkəmənin mövqeyi
16. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
17. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
18. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
20. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
21. Məhkəmə ilk növbədə müəyyən edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın keçid müddəalarının tətbiqi ilə bağlıdır.
22. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci il tarixdən qüvvəyə minmiş və fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı yeni hüquqi tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqları nəzərə alınmaqla nizamlamağa yönəlmişdir.
23. Keçid müddəalarına görə, Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 2022-ci il mayın 25dək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
24. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid müddəalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir.
25. Məhkəmə nəzərə alır ki, müvafiq Qaydanın 6.1-ci bəndinə əsasən mübahisənin keçid normalarının təsiri altına düşə bilməsi üçün ilkin şərt yaşayış və qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdən (Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi tarixdən) xx.xx.2022-ci il tarixədək (“Qayda”nın qüvvəyə mindiyi tarixədək) əldə edilmiş olmasıdır. “Yaşayış və qeyri-yaşayış sahəsinin əldə edilməsi” dedikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur.
26. Məhkəmə müəyyən edir ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə yaşayış sahəsinə (mənzilə) dair müqaviləni xx.xx.2022-ci il tarixdə bağlamışdır. Odur ki, yaşayış sahəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək müqavilə bağlanaraq əldə edildiyi üçün hazırki iş üzrə mübahisə keçid müddəalarına görə həll olunmalı, Qaydanın 6.1-ci maddəsi tətbiq olunmalıdır.
27. Məhkəmə nəzərə alır ki, Qaydanın keçid müddəaları (6.1-ci bənd) fiziki şəxsin xx.xx.2020ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə bağlamaqla əldə etdiyi yaşayış və qeyriyaşayış sahəsinə görə vergi orqanına müraciət edilməsi müddətinə münasibətdə iki fərqli qayda müəyyən etmişdir: Vergi orqanına müraciət edilməsi müddətinə münasibətdə 1) xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, ödənişi həmin müddət ərzində tam həyata keçirmiş alıcılardan Qayda qüvvəyə mindiyi tarixdən (xx.xx.2022-ci il tarixdən) 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək tələb olunur. 2) xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, ödənişi xx.xx.2022-ci il tarixdən sonra bitirmiş alıcılardan ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etmək tələb olunur.
28. Qanunvericilik normalarının tələblərindən göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə (qanunla müəyyən edilmiş müddət ərzində) vergi orqanına müraciət etməlidirlər. Belə ki, yaşayış sahələrinin dəyəri üzrə ödənişi xx.xx.2022-ci il tarixdən sonra bitirmiş fiziki şəxslər ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etməlidir ki, bu norma qanunvericiliyin imperativ tələbidir.
29. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq ƏDV geri qaytarmaq barədə müraciət üçün qaydalarda müəyyən edilmiş 90 gün müddətə riayət edilmədiyi qeyd olunmuşdur.
30. Məhkəmə müəyyən edir ki, “Neftçi Mənzil Tikinti Kooperativinə pay qoyuluşu haqqında” 16 fevral 2022-ci il tarixli 217 nömrəli Müqaviləyə əsasən yaşayış sahəsinin ümumi dəyəri 69208.22 manat müəyyən olunmuş və 23.530,79 manat məbləğin SOCAR tərəfindən, 45.677,42 manat məbləğin İddiaçı tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından aydın olur ki, SOCAR və İddiaçı tərəfindən mənzilin dəyəri üzrə tam ödəniş xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Belə ki, İddiaçı adından bank tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə yaşayış sahəsinin dəyəri müqaviləyə uyğun həcmdə xx.xx.2022-ci il tarixində tam şəkildə ödənilmişdir (xx.xx.2022-ci il tarixli DKM/010N12A01647422 nömrəli Kredit Xətti Müqaviləsi iş materiallarına əlavə olunmuşdur). Daha sonra İddiaçı tərəfindən hissəli qaydada banka kredit ödənişi həyata keçirilmişdir. Nəticə etibarilə, alıcı tərəfindən satıcıya yaşayış sahəsinin tam ödənişi xx.xx.2022-ci il tarixində başa çatdırılmışdır.
31. Məhkəmə nəzərə alır ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı satıcı tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal hazırlanaraq (https://new.e-taxes.qov.az/eportal/az/loqin/) 21 noyabr 2022-ci il tarixində istifadəyə verilmiş və bununla bağlı mətbuatda rəsmi açıqlama 25 noyabr 2022-cü il tarixdə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, portalın rəsmi istifadəyə verilmə tarixi 25 noyabr 2022-cü il müəyyən olunmuşdur.
32. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, İddiaçı ƏDV-nin qaytarılması barədə müraciət üçün qanunvericilikdə nəzərdə tutulmuş 90 gün müddət tələbinə riayət etməmişdir. Belə ki, iddiaçı mənzilin tam dəyərini ödədikdən təxminən 2 il 02 ay 24 gün sonra, portal rəsmi istifadəyə verildikdən təxminən 2 il 03 ay 03 gün sonra vergi orqanına müraciət etmişdir.
33. Məhkəmə nəzərə alır ki, İddiaçı yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gün ərzində vergi orqanına müraciət etməli olduğu barədə məlumatlı olmadığını bildirmiş, müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğunu əsaslandırmamışdır.
34. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının yaşayış sahəsinə görə ƏDV qaytarılması barədə vergi orqanına müraciət müddəti “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1.1-ci bəndinin tələblərinə uyğun deyildir.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva