Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10120/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-C-84171/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, 2018-2024-cü illərdə 6 il və daha çox işlədiyi dövr nəzərə alınaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyanın müraciət tarixindən (yenidən hesablanması ilə bağlı müraciətin edildiyi tarixə mövcud olan pensiya məbləği azaldılmamaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləği fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, cavabdeh tərəfindən İddiaçı yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Hazırda iddiaçı işləyən əmək pensiyaçısıdır. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir pambıq-parça fabrikində fəhlə, xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Yazıçı” Nəşriyyatında korrektor, kiçik redaktor, tərcüməçi-redaktor, böyük redaktor, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Həqiqət” qəzetində baş redaktor, xx.xx.1991-ci il tarixdən- xx.xx.1991-ci il tarixədək “Gənclik” jurnalında ədəbi işçi, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Bakı və Bakı qəzetlərində şöbə müdiri, xx.xx.1992-ci il taxindən xx.xx.1993-cü il tarixədək “Boz Qurd” qəzetində redaktor, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Avtonəqliyyat trestində mətbəə şöbəsinin rəisi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Təmirhissə” KM-də nəşriyyat şöbəsinin müdiri, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixdən “Fədai” qəzetinin şöbə müdiri, xx.xx.1995-ci il tarixdən xx.xx.1996cı il tarixədək “Binəqədi” rayon qəzetində redaktor, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Maarifçi” qəzetində baş redaktor müavini, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək AİB-in “İstehlakçı” qəzetində baş redaktor, xx.xx.2000-ci il tarixdən xx.xx.2002ci il tarixədək “Binəqədi” qəzetində redaktor, baş redaktor, xx.xx.2002-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X3 “Ədəbiyyat” qəzeti redaksiyası Nəsr publisistika şöbəsinin müdiri, xx.xx.2014-cü il tarixdən hal-hazıradək həmin qəzetin baş redaktor müavini vəzifəsində işləyir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Azərbaycan Respublikası Prezidenti tərəfindən “əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür, Prezident təqaüdçüsüdür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-103942/2024 nömrəli imtina məktubunda qeyd etmişdir ki, pensiya işinə daxil olan əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək Mingəçevir pambıq-parça fabrikində, xx.xx.1978-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək “Yazıçı” Nəşriyyatında, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək “Həqiqət” qəzetində, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Bakı” qəzetində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək “Boz Qurd” qəzetində, xx.xx.1993-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək Avtonəqliyyat trestində, xx.xx.1994cü il tarixindən xx.xx.1995-ci il tarixinədək “Təmir hissə” KM-də, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək “Fədai” qəzetində, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək “Binəqədi” rayon qəzetində, xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək “Maarifçi” qəzetində, xx.xx.1997-ci il xx.xx.2000-ci il tarixinədək AİB-in “İstehlakçı” qəzetində, xx.xx.2000-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək “Binəqədi” qəzetində olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 37.3.2-1 maddələrinə əsasən hesab edir ki, cavabdeh tərəfindən ağlabatan olmayan qərar qəbul edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 3-17-1/2-194434/2024 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinin xx.xx.2018-ci tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 8 il 1 gün sığorta stajı, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 32028,32 manat (2018-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (iddiaçının müraciət etdiyi tarixdən 3 il əvvələ) 349,70 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 361,59 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Sözügedən maddənin tələblərinə uyğun olaraq iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 378,25 müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən indeksləşdirilərək həmin tarixdən 433,85 manata, xx.xx.2024-cü il tarixdən isə 482,44 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən maddənin tələblərinə əsasən iddiaçı pensiya təyin olunan tarixdən sonra 6 il işlədiyi üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 14687,65 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 686,44 manat məbləğinə çatdırılmışdır. Cavabdeh etirazında bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Mərkəzi Aran regional filialının X4 filialı ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən, X1 1971-1972-ci illər üzrə arxiv sənədlərində iddiaçının adına rast gəlinməyib, 1970-ci ilin arxiv sənədləri, 1971-1972-ci illərin əmr kitabları və əməkhaqqı cədvəlləri Arxivə təhvil verilmməmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının müraciətinin araşdırılması zamanı müəyyən edilmişdir ki, ona yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək sığorta stajının müddəti 8 il 1 gün olduğu halda, 33 il 8 ay nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Bu səbəbdən, qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddiaçının iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(112)-10120/2024 nömrəli qərardadı ilə iddia tələbi iddiaçının xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsinə əsasən dəqiqləşdirilərək, iddia tələbi “cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/1-C-84171/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, 2018- 2024-cü illərdə 6 il və daha çox işlədiyi dövr nəzərə alınaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyanın müraciət tarixindən (yenidən hesablanması ilə bağlı müraciətin edildiyi tarixə mövcud olan pensiya məbləği azaldılmamaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləği fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin yazılı etirazının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı qaydada imtina cavabı aldıqdan sonra, cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2024-cü il tarixli mübahisələndirilən qərar qəbul edilmiş və nəticədə iddiaçı sözügedən qərarı mübahisələndirməklə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti buraxmadan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Qanunun 7-ci maddəsinin xx.xx.2018ci tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, 1 iyul 2017-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək ölkə üzrə kişilərə münasibətdə yaşa görə əmək pensiyası almaq üçün pensiya yaşı 63 il 6 ay olmuşdur. 0630018 nömrəli əmək kitabçasına (dublikat) əsasən iddiaçının aşağıdakı iş stajı vardır: xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Mingəçevir pambıq-parça fabrikində fəhlə; xx.xx.1972-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Bakı Dövlət Universitetində əyani təhsil almışdır; xx.xx.1978-ci il tarixdən xx.xx.1990-cı il tarixədək “Yazıçı” Nəşriyyatında korrektor, kiçik redaktor, tərcüməçi-redaktor, böyük redaktor; xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Həqiqət” qəzetində baş redaktor; xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Gənclik” jurnalında ədəbi işçi; xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Bakı” və “Baku” qəzetləri redaksiyasında şöbə müdiri; xx.xx.1992-ci il taxindən xx.xx.1993-cü il tarixədək “Boz Qurd” qəzetində redaktor; xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Avtonəqliyyat trestində mətbəə şöbəsinin rəisi; xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Təmirhissə” KM-də nəşriyyat şöbəsinin müdiri; xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixdən “Fədai” qəzetinin şöbə müdiri; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Binəqədi” rayon qəzetində redaktor; xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Maarifçi” qəzetində baş redaktor müavini; xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək AİB-in “İstehlakçı” qəzetində baş redaktor; xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “Binəqədi” qəzetində redaktor, baş redaktor; xx.xx.2002-ci il tarixdə “Ədəbiyyat” qəzeti redaksiyası Nəsr publisistika şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, xx.xx.2014-cü il tarixdə baş redaktor vəzifəsinə keçirilmişdir. Əmək kitabçası Azərbaycan Respublikası Yazıçılar birliyinin möhürü ilə təsdiqlənmişdir. X4 filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-8F/2-68(E)/2024 nömrəli arxiv arayışında qeyd olunur ki, filialda mühafizə olunan X1 işçi heyət üzrə əmr kitablarında A.S.Cəlilov qeyd edilmişdir. Kombinatın xx.xx.1971-ci il tarixli 269/k saylı əmrinə əsasən X5 toxucu istehsalatına xx.xx.1971-ci il tarixdən babin düzən qəbul edilmişdir. Kombinatın xx.xx.1071-ci il tarixli 353/k saylı əmrinə əsasən toxucu istehsalatının yükləyicisi Cəlilov Adil xx.xx.1971-ci il tarixdən işdən azad edilmişdir. 1972-ci ilin əmr kitablarında Cəmilov və ya X5 qeyd edilməmişdir. 1970-ci ilin əmr kitabları, 1970-1972-ci illərin əmək haqqı cədvəlləri filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. İşin qeyd edilən halı ilə bağlı məhkəmə bildirir ki, cavabdeh tərəfindən həmin dövr üzrə iddiaçının Mingəçevir Toxuculuq fabrikində işləməsini mübahisələndirməsi və ya işləmədiyini qeyd etməsi əsassızdır. Belə ki, arxiv arayışına əsasən həmin dövrdə ümumiyyətlə əmək haqqı cədvəllərinin filiala təhvil verilmədiyi bildirilmişdir. Bu hal isə şəxsə münasibətdə onun həmin müəssisədə işləməməsi və ya əmək haqqı almaması faktını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Digər tərəfdən göstərilən qısa müddətli iş stajına münasibətdə Kombinatın xx.xx.1971-ci il tarixli işə qəbul və işdən çıxma əmrlərində Adil Savalan oğlunun soyadının Cəmilov deyil Cəlilov olaraq göstərilməsi qeyd olunan şəxsin başqa şəxs olmasını iddia etmək üçün kifayət qədər əsas deyildir. Digər tərəfdən şəxsin pensiya hüququnu təsdiq etmək üçün 2018-ci ildə və ya 2024-cü ildə Mingəçevir Arxivinə müraciət edərək eyni ada və ata adına malik, soyadında bir hərf fərqi olan şəxsə dair məlumatları, rəsmi əmrləri əldə etməsi, sonradan həmin məlumatlardan əmək pensiyası təyin etməsi üçün istifadə etməsinin ehtimal edilməsi bir fərziyyə olaraq belə əsassızdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya dair qeyd olunan dövrə münasibətdə iş stajının mübahisələndirilməsi əsassızdır. Cavabdeh tərəfindən məkhəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan iddiaçıya aid 009849 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1972-ci ildə Qırmızı əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1977-ci ildə jurnalistika ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Xidmət nümayəndəliyinə müraciət edərək təhsil müddətinin sığorta stajına əlavəsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Əmək pensiyasının yenidən hesablanması haqqında cavab məktubunda iddiaçının xx.xx.2020-ci il tarixdə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, daxil olmuş ərizəsinə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır, xx.xx.2006-cı il tarixədək təhsil illəri nəzərə alınmaqla iddiaçıya 32 il sığorta stajına uyğun olaraq 455,50 manat pensiya təyin edilmişdir. Keçmiş dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilərək ödəniləcəkdir. Bununla belə, DSMF Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli 9675 nömrəli qərarın surətindən görünür ki, iddiaçının əmək pensiyası henidən hesabılanmış, yenidən hesablanma səbəbi olaraq “Diplom” göstərilmişdir. Sonuncu dəfə cavabdeh tərəfindən iddiaçıya münasibətdə xx.xx.2024-cü il tarixli 3- 17-1/1-C-84171/2024 nömrəli Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmiş, qərarın qeyd hissəsində “xx.xx.2006-cı il tarixədək 8 il sığorta stajı olduğu halda, 33 il 8 ay olaraq nəzərə alınmışdır” yazılmışdır. Beləliklə, iddiaçıya münasibətdə hazırda mübahisələndirilən yeni qərar qəbul edilməklə əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubunda (inzibati icraat materialları ilə məhkəməyə təqdim edilmiş məktubda tarix və nömrə göstərilməmişdir) və etirazında qeyd etmişdir ki, “Fədai” qəzeti 1994-cü il tarixindən qeydiyyatdan keçməsinə baxmayaraq, xx.xx.2002-ci il tarixədək fəaliyyəti olmamış və işçilərə əmək haqqı hesablamamaışdır. Bunu və X2 iş stajına dair yuxarıda qeyd edilənləri səbəb olaraq göstərərək sözügedən dövlərin sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığını bildirmiş, iddiaçının ümumiyyətlə bütövlükdə iş stajını nəzərə almamışdır. Halbuki, iddiaçının “Fədai” qəzetində iş stajı xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək faktiki olaraq iki aydan az bir müddəti əhatə etmişdir. Bu baxımdan bir müəssisədə əmək haqqının verilməməsi əsasından çıxış edərək iddiaçının bütövlükdə iş stajının nəzərə alınmamasından ibarətə cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Eyni zamanda iddiaçıya məhz həmin qəzetdə işlədiyi bir aydan artıq müddət ərzində əmək haqqının verilməməsini təsdiq edən hərhansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. DSMF Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-227564/2024 nömrəli məktubu ilə iddiaçının pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdehin xidməti məktubunda qeyd olunmuşdur ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödəmə aşkar edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixinədək sığorta stajı 8 il 1 gün olduğu halda, 33 il 8 ay nəzərə alınaraq hesablanmışdır. Qeyd olunanlarla bağlı müvafiq tədbir görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi xahiş edilmişdir. Mərkəzi filial tərəfindən təqdim edilən sənədlər sırasında, Avtonəqliyyat trestinin və “Təmirhissə” KM-nin AR DSMF vəsaitləri üzrə haqq-hesab cədvəlləri öz əksini tapmışdır. Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filial tərəfindən həmçinin iddiaçının xx.xx.1970-ci ildə doldurulmuş əmək kitabçasının surəti inzibati icraat materialları ilə məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasının surətində iddiaçının əmək fəaliyyətinə dair məlumatlar öz əksini tapmaqdadır. Milli Elmlər Akademiyası Folklor İnstitutu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 42/187 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2016-cı il tarixədək AMEA Folklor İnstitutunda çalışmış, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək elmi işçi, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək böyük elmi işçi, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək aparıcı elmi işçi vəzifəsini tutmuşdur. Filial tərəfindən təqdim edilmiş sənədlərdə olan cədvələ əsasən, iddiaçının xx.xx.1992-ci il tarixədək ümumi sığorta stajı 20 il 7 ay 15 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 11 il 5 ay 14 gün, xx.xx.2006-cı il tarixədək cəmi sığorta stajı 32 il 29 gün qeyd edilmişdir. İddiaçıya münasibətdə 2006-cı ildən sonrakı dövrdə işlədiyi müddət və həyata keçirilmiş sosial sığorta ödənilşlərinə dair inzibati icraat materialları və sənədlər məhkəməyə təqdim edilmiş, həmin ödənişlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan faktiki hallarını aşağıdakı qanunvericilik normaları ilə qarşılıqlı təhlil edərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2-ci maddəsinə görə qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, xx.xx.1954-cü il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaş 6 ayda, yəni xx.xx.2018-ci il tarixdə yaranmış, həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən hal işin mübahisəsiz halıdır. Lakin cavabdeh tərəfindən sonradan pensiyanın təyin edildiyi tarixdə iddiaçının malik olduğu və əmək pensiyasının təyin edilməsi üçün əsas qismində çıxış etmiş sosial sığorta stajı mübahislənədirilmiş və iddiaçının sığorta stajı azaldılmaqla (böyük hissəsi nəzərə alınmadan) əmək pensiyasının yenidən hesablanması həyata keçirilmişdir. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İş materiallarına əlavə edilmiş inzibati icraat materiallarından, həmçinin DSMF Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçı kişilər üçün müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilmiş, həmçinin cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı və ödənilmiş pensiya kapitalı nəzərə alınmaqla, ikinci şərtin də ödənilməsi əsası ilə ona yaşa görə əmək pensiyası təyin edilmiş və ödənilməsi həyata keçirilmişdir. İddiaçı eyni zamanda işləyən pensiyaçılar kateqoriyasına aid olan şəxsdir. Məhz bu səbəbdən o, 6 il və daha artıq işləməsi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması tələbi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən toplanmış pensiya kapitalı nəzərə alınmaqla iddiaçının əmək pensiyası yenidən hesablanması həyata keçirilməli olduğu halda, heç bir hüquqi əsas olmadan yeni inzibati icraat aparılaraq iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi əsasları yoxlanılmış, hər hansı mötəbər dəlil olmadan, onun X2 və “Fədai” qəzetində işlədiyi dövrlərə dair əldə edilmiş natamam məlumatlar əsasında digər dövrlərə münasibətdə sosial sığorta stajının nəzərə alınmaması və ümumi sosial sığorta stajı azaldılmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının dublikatı, cavabdehdə olan inzibati icraat materialları və iddiaçıya aid pensiya işinə əlavə edilmiş onun ilkin əmək kitabçası məlumatları, əmək kitbaçasının surəti, arayış və sənədlər əsasında, həmçinin məhkəmə sorğusuna cavab olaraq X4 Filialı tərəfindən təqdim edilmiş arxiv arayışı əsasında cavabdehin dəlillərinin mötəbərliyi təkzib olunmuşdur. Bununla yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsindən sonra onun pensiyasının yenidən hesablanmaması daha əvvəllər də həyata keçirilmiş, iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavab məktubunda və əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin xx.xx.2020-ci il tarixli 9675 nömrəli qərarında iddiaçının sığorta stajının şübhə altına alınması və mübahisələndirilməsi barədə hər hansı məlumat öz əksini tapmamışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/1-C-84171/2024 nömrəli qərar əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası, cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materialları ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, iddiaçıya münasibətdə ilkin təyinatın aparılması zamanı hər-hansı pozuntuya yol verilmədiyindən, iddiaçının pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi tarixədək ümumi sığorta stajının yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, qanuni əlverişli inzibati akt əsasından iddiaçıya təyin edilmiş və daha avvəllər yenidən hesablanmış əmək pensiyası cavabdehin qanunsuz və əlverişsiz inzibati aktı əsasında yenidən hesablanmış, bununla da iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına, sonrakı yenidən hesablanmanın qanunvericiliyin tələblərinə ziddi aparılmasına səbəb olmuşdur. Məhkəmə araşdırması ilə sabit olur ki, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/1-C-84171/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı əsassız olduğundan ləğv edilməli, iddiaçının 2018- 2024-cü illərdə 6 il və daha çox işlədiyi dövr nəzərə alınaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyasının müraciət tarixindən (yenidən hesablanması ilə bağlı müraciətin edildiyi tarixə mövcud olan pensiya məbləği azaldılmamaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləği fərqinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.3-cü maddəsinəgörə ilkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/1-C-84171/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ləğv edilir. İddiaçı 2018-2024-cü illərdə 6 il və daha çox işlədiyi dövr nəzərə alınaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında pensiyasının müraciət tarixindən (yenidən hesablanması ilə bağlı müraciətin edildiyi tarixə mövcud olan pensiya məbləği azaldılmamaqla) yenidən hesablanması və ödənilməmiş pensiya məbləği fərqinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: Bakı şəhəri N.Vəzirov 56) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7.
Məhkəmə qərarları › İş №2-1(112)-10120/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10120/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver