Məhkəmə qərarları › İş №2-1(112)-10122/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10122/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10122/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qanunsuz və əsassız olaraq hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 15742 ABŞ dolları valyuta vəsaiti məbləğininin 20 faizi məbləğində, 3148,4 ABŞ dolları məbləğində cərimə tətbiq edilməsinə dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fiziki şəxs kimi vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis etmişdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə vergi hesabatlarını təqdim etmişdir. Lakin 2021-ci il avqust ayında Bakı şəhəri, Sabunçu rayonu İcra Şöbəsindən məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hüquqi şəxs qismində inzibati xətanın obyekti olmuş 15742 ABŞ dolları valyuta vəsaiti məbləğininin 20 faizi məbləğində, 3148,4 ABŞ dolları məbləğində cərimə tətbiq edilmişdir. Cavabdeh tərəfindən həmin qərarın surəti iddiaçıya verilməmiş və həmin qərardan xəbəri olmamışdır.

3. Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh ola bilməz və həmin iş üzrə cavabdeh kimi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi məhkəmə icraatına cəlb edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi kimi Bakı şəhəri X1 üzrə Baş İdarəsində uçotdadır və inzibati akt Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilməmişdir. Odur ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsində uçotda olduğunu nəzərə alaraq, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Bakı şəhəri X1 üzrə Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş edilir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə tərəfindən iddiaçıya 26.10.2021-ci il tarixli məktubla İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq hüquqi yardım məktubu göndərilmiş, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması və mübahisələndirdiyi aktın təqdim edilməsi üçün müddət müəyyən etmiş, iddia ərizəsinin forma və məzmununun uyğunlaşdırılmamasına dair formal tələblərə riayət edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmiş, eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh növbəti iclasda iştirak etməmişdir.

II. İddianın mümkünlüyü

7. Məhkəmə hesab edir ki, iddia ərizəsi imzalanmamış və iddianın məzmunundan görünür ki, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilir.

8. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.

10. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).

11. Odur ki, iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

12. İddia mümkün sayılmadığından cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Bakı şəhəri X1 üzrə Baş İdarəsi ilə əvəz edilməsinə dair vəsatəti də mümkün sayılmamalıdır.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əsl cavabdeh Bakı şəhəri X1 üzrə Baş İdarəsi ilə əvəz edilməsinə dair vəsatəti mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar