Məhkəmə qərarları › İş №2-1(112)-10123/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10123/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10123/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyun 2022-ci il tarixli, **********379200 saylı qərarının qanunsuz hesab edilməklə, kameral qaydada hesablanmış 3002.23 manat məbləğin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyun 2022-ci il tarixli, **********379200 saylı qərarının ləğv edilməsi şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin 06 iyun 2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 2019-cu il gəlir vergisi üzrə iddiaçıya 3002.33 manat vergi hesablanmışdır. Həmin qərar qanunsuz və ədalətsizdir. Konvertasiya olunmuş pul vəsaiti iddiaçının və ailə üzvlərinin şəxsi gəlirlərindən əldə edilmiş vəsaitdən qənaət edilməsi hesabına yaranmışdır. O, 2018cı il tarixdə Azərbaycan Respublikası Dövlət Pedoqoji Universitetinin fizika fakültəsinə daxil olduqdan sonra bu münasibətlə babası və nənəsi tərəfindən ona hədiyyə edilmişdir. Məhz konvertasiya olunan vəsaitin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilə bilməmişdir. İddiaçı hədiyyə edilmiş pulu konvertasiya edərək, şəxsi inkişafı və gələcəyi üçün yatırım etmək, kariyera və xaricdə təhsil üçün saxlamaq niyyətində olmuşdur. 21.445.20 manat (12000.0 USD) məbləğində pul 6 nəfərdən ibarət olan hər kəsin kiçik də olsa, şəxsi gəlirlərinin olduğu bir ailə üçün illərlə yığılmış, qənaət edilmiş məbləğ olaraq çox da böyük məbləğ deyil. Şəxsi ailə tələbatları ana və atasının vəsaitləri və dövlətdən alınan müavinətlər hesabına təmin edildiyindən, babası və nənəsi də həmin fəaliyyətdən yaralandığından onların pensiyalarının və digər gəlirlərinin xərclənməsinə ehtiyac qalmır. Həmçinin iddiaçının məcburi qaydada vergi orqanları tərəfindən vergi ödəyicisi kimi uçota alınmağı da tamamilə qanuna zidd olmuşdur. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********869000 nömrəli yazılı etirazını məhkəməyə təqdim edilmiş və etirazda göstərilmişdir ki, uçot-baza məlumatına əsasən fiziki şəxs xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən alınmış məlumata əsasən fiziki şəxs tərəfindən 21445,20 manat məbləğində valyuta mübadiləsi (12600,0 USD) əməliyyatının aparılması və pul vəsaitinin mənbəyi barədə sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********611100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 3002,23 manat vergi məbləği hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********539100 nömrəli Qərar qəbul olunmuşdur. Həmin qərardan vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətlər verilmiş və vergi orqanının 15 mart 2021-ci il tarixli **********690400 nömrəli qərarı ilə fərdi sahibkarın inzibati şikayəti təmin olunmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirdiyi kimi xx.xx.2021-ci il tarixdə inzibati araşdırmaya təqdim etdiyi izahatında da mübadilə edilmiş vəsaitin babası və nənəsi tərəfindən uzun illər şəxsi qənaətləri hesabına toplandığı və Azərbaycan Dövlət Pedoqoji Universitetinə imtahan verməklə qəbul olması münasibəti ilə onlar tərəfindən hədiyyə edildiyini qeyd etmişdir. Vergi ödəyicisinin araşdırmaya təqdim edilmiş izahat və sənədlərə əsasən fiziki şəxsin faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsi kimi tanınan ərazidə yaşadıqları, ailə üzvlərinin babası X2 təqaüdçü olduğu və ayda 241,67 manat təqaüd aldığı, digər gəlirlərinin olmadığı, nənəsi İddiaçı Kərim qızının təqaüdçü olduğu və ayda 317,0 manat təqaüd aldığı, digər gəlirlərinin olmadığı, atası X3 işsiz olduğu, sifariş olduğu təqdirdə fərdi işlərlə (evlərin təmiri) məşğul olduğu, sabit müntəzəm gəlirinin olmadığı, anası X4 xəstəliyə görə ayda 220,0 manat müavinət aldığı, digər gəlirlərinin olmadığı, qardaşı X1 və özünün tələbə olduqları, əlavə gəlir mənbələrin olmadığı, ailənin məcburi köçkün statusu olduğu üçün ay ərzində əlavə olaraq dövlət tərəfindən 360,0 manat müavinat ödənildiyi təsdilənmiş və qeyd edilmişdir. Fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya tam təqdim edilə bilməmiş, ailə üzvlərinin aylıq gəlirlərinin təqdim olunmuş izahat və təsdiqedici sənədlərə əsasən ümumilikdə 1138,76 manat olduğu, bu məbləğin yalnız ay ərzində yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu üçün bu vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi real deyildir. Əlaqəli məlumatlara əsasən aparılan əlavə araşdırma zamanı İddiaçı və ailə üzüvlərinin rəsmi olaraq hər hansı bir iş yerində çalışması və rəsmi gəlirlərin əldə edilməsi müəyyən edilməmiş, bununla da mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 21445,20 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən heç bir təsdiqedici sənəd təqdim olunmadan xx.xx.2022-ci il tarixində boş (göstəricisiz) cari “Gəlir vergisinin bəyannaməsi" təqdim edilmiş və vergi orqanının xx.xx.2022-ci il tarixli **********379200 saylı qərarı ilə kameral hesablanmış vergi məbləği bərpa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi ilə bağlı iddianı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etmişdir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddəti çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddia həm də əsaslıdır. Belə ki, işdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********379200 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlara əsasən iddiaçı tərəfindən 21445,20 manat məbləğ konvertasiya olunmasına baxmayaraq konvertasiya olunmuş vəsaitin mənbəyi haqqında hər hansı izahat və ya təsdiqedici sənəd təqdim edilməməsi əsası ilə cavabdeh tərəfindən iddiaçıya 2019-cu il vergi dövrü üçün 3002,33 manat əlavə gəlir vergisi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında qərarından görünür ki, iddiaçının ona vergi hesablanması ilə bağlı qəbul edilmiş qərardan verdiyi şikayət təmin edilməmişdir. Qərarda göstərilmişdir ki, “...kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********611100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2019-cu il üçün gəlir vergisi bəyannaməsi üzrə 3002,23 manat vergi məbləği hesablanaraq müvafiq qərar qəbul edilmişdir. ... Göründüyü kimi fiziki şəxs gəlirin mənbəyi barədə əlavə təsdiqedici sənədləri inzibati araşdırmaya tam təqdim edilə bilməmiş, ailə üzüvlərinin aylıq gəlirlərinin təqdim olunmuş izahat və təsdiqedici sənədlərə əsasən ümumilikdə 1138,76 manat olduğu, bu məbləğin yalnız ay ərzində yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğun olduğu üçün bu vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi real deyildir. Əlaqəli məlumatlara əsasən aparılan əlavə araşdırma zamanı İddiaçı və ailə üzüvlərinin rəsmi olaraq hər hansı bir iş yerində çalışması və rəsmi gəlirlərin əldə edilməsi müəyyən edilməmiş, bununla da mənbəyi bəlli olan faktiki gəlirlərinin xarici valyutaya konvertasiya edilən 21445,20 manat məbləğdən artıq olması təsdiqlənməmişdir. Aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyinin (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım miras və s.) pensiya, digər gəlir) müəyyən edilmədiyini, sahibkarlıq fəaliyyətindən əldə edilməsinin təsdiqlənmədiyini, işin faktiki və hüquqi halları ilə bağlı araşdırmaya təsdiqedici sənədlərin tam təqdim edilmədiyini, bununla da konvertasiya olunmuş vəsaitinin mənbəyi və onun vergiyə cəlb edilmiş gəlir olduğu sübuta yetirilmədiyini nəzərə alaraq şikayət təmin edilməməlidir.” İddiaçı hazırda ona əlavə vergi hesablanmasına dair xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə (bundan sonra – VM) əsasən: - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. - 97.3-cü maddəsinə əsasən gəlirlərə aiddir: - 97.3.1. muzdlu işlə əlaqədar əldə edilən gəlir; - 97.3.2. muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir; - 97.3.3. vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər. - 99.1-ci maddəsinə əsasən Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. - 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: - 99.3.1. faiz gəliri; - 99.3.2. dividend; - 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; - 99.3.4. royalti; - 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4-cü maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; - 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2-ci maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa; - 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; - 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; - 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; - 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar; - 99.3.13. mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat. - 101.2-ci maddəsinə görə qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. İşin yuxarıda istinad olunan hallarından müəyyən olunur ki, iddiaçı 21445,20 manat məbləğində valyuta mübadiləsi əməliyyatı apardığına görə cavabdeh bununla bağlı məlumatı əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə iddiaçını vergi ödəyicisi kimi qeydiyyatda almış, habelə bu gəlirinin yaranma mənbəyi barədə məlumat təqdim etmədiyinə, gəlirin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilməsinə istinad edərək ona həmin məbləğin 14 faizi miqdarında gəlir verigisi hesablamışdır. Lakin bu zaman həmin gəlirin Vergi Məcəlləsinin 99-cu maddəsində nəzərdə tutulan qeyri-sahibkarlıq fəaliyyətindən gəlirin hansı növünə aid olmasını əsaslandırmamışdır. İddiaçı həmin məbləğin yaxın qohumları tərəfindən ona verilən mükafat olduğunu bildirmiş, cavabdeh iddiaçının bu dəlillərini qəbul etməsə də, iddiaçının vergi tutulmasına əsas olan hər hansı fəaliyyət həyata keçirməsini sübut edə bilməmiş, iddiaçının dəlillərinin əksini təsdiq edən hər hansı mötəbər hala istinad etməmiş, müvafiq sənədləri təqdim edə bilməmişdir. Halbuki cavabdeh iddiaçıya vergi hesablamazdan əvvəl konvertasiya olunmuş vəsaitin mənbəyi (muzdlu işdən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), konvertasiya olunmuş vəsaitinin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü (dividend, faiz, icarə, royalti, hədiyyə, maddi yardım, miras və s.), pensiya, digər gəlir), miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası işin faktiki hallarından asılı olaraq digər zəruri məlumatlar araşdırılmalı və konkret hallarla bağlı təsdiqedici sənədlər əldə edilməli idi. Çünki qeyd edilən sənədləri təqdim etmək vergi ödəyicisindən tələb olunduğu kimi vergi orqanından da təqdim olunmuş sənədləri araşdırmaq, həmin sənədlərin konvertasiya olunmuş vəsaitin mənbəyini təsdiq etmədiyini və vergidən yayınma halını müəyyən etdiyi halda bu halı sübut etmək üçün zəruri məlumat və sənədləri bilavasitə əldə etmək tələb olunur. VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Eyni zamanda VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçının konvertasiya etdiyi məbləğin bir neçə il ərzində toplanması mümkün vəsaitdir. Eyni zamanda əldə edilən gəlirin toplanması, həmin gəlirin bank və ya digər kredit təşkilatında deyil, özlərində (evlərində) saxlanılması, son illər baş vermiş devalvasiyalar nəzərə alınmaqla milli valyutada əldə edilən gəlirlərin konvertasiya edilərək xarici valyutaya (xüsusən də ABŞ dolarına) mübadilə edilməsi əhalinin əksəriyyəti arasında geniş yayılmış hal olmaqla həyatın normal axarına uyğundur. Əgər cavabdeh bu halın əksini iddia edirsə, onda bununla bağlı konkret faktlar və bu faktları təsdiq edən sübutlar təqdim etməlidir. Lakin belə bir sübut təqdim edilmədiyindən, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlavə vergi hesablanması barədə qərarı qanuni sayıla bilməz. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyun 2022-ci il tarixli, **********379200 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar