Məhkəmə qərarları › İş №2-1(112)-10125/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10125/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10125/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi əsasında onun yanında saxlanılan övladı X1 onun yaşayış yeri üzrə Kəlbəcər rayonu Mollabayramlı kəndinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoylması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla X4 arasında 19 sentyabr 2003-cü il tarixdə Xanlar rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəliyində 08 nömrə ilə nikah qeydə alınmışdır. Birgə nikahdan 11 dekabr 2002-ci il təvəllüdlü X3 və 17 aprel 2004-cü il təvəllüdlü X5 doğulmuşdur. Göygöl Rayon Məkəməsinin 04 may 2021-ci il tarixli 2(066)-215/2021 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Eyni zamanda birgə nikahdan olan, yetkinlik yaşına çatmamış 17 aprel 2004-cü il təvəllüdlü X2 onunla saxlanılması qət edilmişdir. Bundan sonra o, X2 onun yaşayış yeri üzrə qeydiyyata alınması üçün Gəncə “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Müraciətinə cavabdeh Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində baxılmış və cavabdehin 13.07.2021 -ci il tarixli cavab məktubu ilə müraciəti əsassız olaraq təmin edilməmişdir. Sadəcə olaraq xidməti zərurətlə əlaqədar olaraq müraciətindən imtina olunduğu göstərilmişdir. Hesab edir ki, müraciətindən imtina olunması qanunsuz və əsassızdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə təqdim olunmamışdır. İddiaçı 13.10.2021-ci il tarixdə ərizə (teleqram) ilə məhkəməyə müraciət edərək, iddiası üzrə icraatda olan inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin əsl cavabdeh Kəlbəcər rayon Polis İdarəsi ilə əvəz olunmasına və işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri və iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Kəlbəcər Rayon polis İdarəsi ilə əvəz olunmalı və hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. İPM-nin 8.1.4.əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Kəlbəcər rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair 2-1(112)- 10125/2021 saylı inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Kəlbəcər rayon Polis İdarəsi ilə əvəz edilsin. İddiaçı cavabdeh Kəlbəcər rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair 2-1(112)-10125/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar