Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10129/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X8, üçüncü şəxs X2, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) «qeydiyyatdan çıxarılma» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) «qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanda yerləşən ev 1975-ci ildən iddiaçının sahibliyi və istifadəsindədir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buna baxmayaraq, evdə bütün kommunal xidmətlər mövcuddur və həmin xidmətlərə görə çəkilən xərcləri o (iddiaçı), ödəyir. Evdə iddiaçı özü və ailə üzvləri yaşayış yeri üzrə qeydiyyata alınmışlar. X11 həmin evə pasport qeydliyyatına düşmüşdür. Həmçinin, onun arvadı – iddiaçının keçmiş gəlini X5 2002-ci ildə iddiaçının faktiki sahibliyində və istifadəsində olan həmin evdə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X11 4 dekabr 2015ci ildə Neft Daşlarında baş vermiş qəzada həlak olmuşdur. Aynur Məmmədova bu hadisədən sonra dövlət tərəfindən ona verilən 65.000 manat kompensasiyanı alaraq 14 yanvar 2017-ci il tarixdə digər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus olan evdən getmişdir. Lakin hazırkı ünvanda parsport qeydiyyatında qalmışdır. X6 qeydiyyatdan çıxması və öz mənzilinə qeydiyyata düşməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, heç bir hərəkət etmir. Aynur Məmmədovanın qeydiyyatda qalması iddiaçının artıq kommunal xərclərinin ödənilməsinə səbəb olur ki, buna da onun maddi cəhətdən imkanı yoxdur. Aynur Məmmədovanın ayrı yaşayış sahəsi vardır və hazırda iddiaçıya məxsus olan evdə qeydiyyatının saxlanması onun (iddiaçının) qanunla qorunan hüquq və mənafelərinə ziddir. Ona görə də iddiaçı cavabdeh Bakı şəhəri Xətai RPİ-yə müraciət edərək X2 ona məxsus evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin 2 avqust 2021 -ci il tarixli cavab məktubunda X2 qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 10227/2017 saylı iş üzrə 14 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X2 ona (hazırkı iddiaçıya) və qeyrilərinə qarşı «mənzilə köçürülmə tələbinə dair» mülki iş üzrə iddia tələbi təmin edilməmişdir. Həmin Məhkəmənin 2(011)-6024/2019 saylı iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X4 qarşı «cehiz əşyaların mənzildən çıxarılması tələbinə dair» mülki iş üzrə iddia tələbi təmin edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 2) başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, 3) azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında, 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda – müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Qeyd edildiyi kimi, X5 14 yanvar 2017-ci il tarixdən özünə məxsus olan mənzilə köçdükdən sonra, qeydiyyatda olduğu ünvandan çıxmış, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən onun mənzilə köçürülmə tələbi təmin edilməmiş, ona məxsus olan əşyalar mənzildən çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin bəzi msüddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınması,lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. «İnzibati icraat haqqında» AR Qanunu inzibati orqanlar və ya qanuna əsavsən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin, AR Nazirlər Kabinetinin müvafiq qərarına əsasən cavabdeh Bakı şəhəri Xətai RPİ inzibati orqan, onun qəbul etdiyi qərar isə, inzibati akt hesab edilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPM-in 2.2.2, 35.1-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 1.1, 2.0.2-ci maddələrinə əsaslanaraq, X2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərozəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, onun nümayəndəsi, üçüncü şəxs və onu nümayəndəsi gəlmişlər, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. O, qeyd etdi ki, iddiaçı müvafiq ünvandakı evin istifadəçisidir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinin tələbləri rəhbər tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiı etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, müvafiq ünvandakı ev özbaşına tikili olduğundan iddiaçının hüququ yoxdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəısinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. İş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 oktyabr 2021-ci il tarixli 18 saylı məktubunda aşağıdakılar bildirilir: - Xətai rayonu, R.Bağırov küçəsi, ev 28/1 ünvanında fərdi yaşayış evi mövcuddur, təxmini olaraq 10 – 12 il əvvəl sənədsiz olaraq özbaşına tikilmişdir. Hazırkı məhkəmə icraatında iş materiallarından (o cümlədən məhkəmə qətnaməsindən) və prosesdə iştirak edən şəxslərin izahatlarından müəyyən edilir ki, ünvan 1 ünvanındakı ev özbaşına tikilidir. Bu xüsusat nəzərə alınmaqla hüququ olmaması əsası ilə hazırkı üçüncü Aynur Məmmədovanın sözügedən tikiliyə köçürülməsi barədə iddia tələbi müvafiq mülki iş üzrə məhkəmə qətnaməsi ilə təmin edilməmişdir. Müvafiq ünvandakı ev özbaşına tikili olduğu halda, ona hər hansı şəxsin hüququ da yaranmış olmur. Belə olan halda, məhkəmənin qənaətinə görə ünvan 2 ünvanındakı tikili özbaşına tikili olduğundan, hazırkı İddiaçı sözügedən ünvanda qeydiyyatda olan başqa şəxsin (o cümlədən Aynur Məmmədovanın) qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10129/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10129/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver