Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10130/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavadeh xx.xx.2023-cü il tarixli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 13 saylı 15 noyabr 1991-ci il tarixli qərarına əsaən ona fərdi yaşayış evinin tikintisi üçün “Savalan” yaşayış massivində 1200 kv.m (12 sot) torpaq sahəsi ayrılmışdır. Mövcud sənədlər əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sabunçu rayon Maştağa qəsəbəsi “Savalan” yaşayış massivində ayrılmış 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüquqularının tanınması barədə çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina verilmişdir. Həmin imtina qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddiaçı tərəfindən təqdim edilmiş Sabunçu rayonu, Maştağa qəsəbə X3 İcraiyyə Komitəsinin qərarından xx.xx.1991-ci il tarixli, 13 saylı çıxarışda 0.12 ha torpaq sahəsinin ayrılması qeyd edilsə də, iddiaçının həm idarəyə müraciəti zamanı təqdim etdiyi ərizəsində, həm də iddia tələbində torpaq sahəsinin ölçüsü 12000 kv.m göstərilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş qərarda yerli icra hakimiyyətinin qərarına istinad edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və idcia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 saylı qərarından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 293 nömrəli qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınaraq, Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 0,12 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sabunçu rayonu Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin A№379496 saylı xx.xx.1991-ci il tarixli 13 saylı qərarı ilə iddiaçıya ayrılmış 1200 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı - Maştağa qəsəbəsi ,Ə.İbrahimov , döngə 2, ev 18. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0.12 ha, faktiki sahəsi 0.1238 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmçinin faktiki sahənin 113.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizəsində yerləşir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda isə göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daş hasar daxilindədir. Bir tərəf yol, üç tərəf qonşudur. Sənəd üzrə sahə 0.12 ha, faktiki sahə isə 0.1238 ha təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin 113.0 kv.m hissəsi 6kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə sahə Savalan yaşayış massivinə ayrılmış ərazinin hüdudları daxilindədir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-6090/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir. İddiaçı hazırda bu sənədlərə istinad edərək istifadəsində olan 1200 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin maddəyə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilmişdir: 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. İstinad olunan normadan görünür ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar yalnız o halda daşınmaz əmlaka hüququn qeydə alınması əsası kimi çıxış edir ki, həmin qərar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qəbul edilsin. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının xx.xx.1991-ci il tarixdə qəbul olunduğu nəzərə alındıqda, aydın olur ki, iddiaçının təqdim etdiyi hüquqmüəyyəndici sənəd Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə deyil, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra qəbul edilmişdir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-04509/203 nömrəli məktubundan görünür ki Sabunçu rayon Maştağa qəsəbə XDS İK-nin arxiv sənədləri, o cümlədən xx.xx.1991-ci il tarixli 13 saylı qərarı Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli 3-52/2- 5419/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhər Maştağa qəsəbə X3 İcraiyyə Komitəsinin qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Maştağa qəsəbə XDS İK-nin arxiv sənədləri, o cümlədən xx.xx.1991-ci il tarixli 13 saylı qərarı və ona əlavə edilmiş sənədlər ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətində məlumat yoxdur. Göründüyü kimi, iddiaçı hüququnun qeydə alınması üçün müvafiq qərar təqdim etsə də, həmin qərar dövlət arxivində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10130/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10130/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver