Məhkəmə qərarları › İş №2-1(112)-10133/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10133/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10133/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 avqust 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2003-cü il təvəllüdlü X2 və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilib. N nömrəli hərbi hissənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli 5202 nömrəli bildirişə əsasən X7, N nömrəli hərbi hissənin 1-ci taborunun,1-ci bölüyünün, 3-cü tağımının, 2-ci manqasının baş atıcısı olmuş və xx.xx.2022-ci il tarixidə saat 10:50 radələrində Kəlbəcər rayonu Vəzirxana kəndi ərazisində hərbi hissənin 1-ci taborunda xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində vəfat edib. 1 saylı Gəncə regional ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 318770 nömrəli ölüm haqqında X1 ölümünün səbəbi - təbii su hövzəsində yıxılma nəticəsində boğulma və suda batma qeyd edilib. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət edərək oğlu X3 ölüm haqqında akt qeydində düzəliş edilərək ölümün səbəbinin "Kəlbəcər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində iştirak etməsi və hərbi xidmət vəzifələrini yeri vəfat etməsi" kimi düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “ölüm haqqında tibbi şəhadətnamə Kəlbəcər Regional Məhkəmə və Tibbi Ekspertiza bölməsi” tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnaməyə əsasən verilmişdir. Kəlbəcər Regional Məhkəmə və Tibbi Ekspertiza bölməsi” tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnaməyə düzəliş edildikdən sonra, vətəndaşın ölüm haqqında akt qeydinə düzəliş eidlməsi mümkündür”. İddia tələbi, onun əsaslandırılması, cavabdehin etirazı: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 3-43-75/3-2/26-2023 saylı arayışını əsas götürərək 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında Şəhadətnamədə dəyişiklik edilərək, xx.xx.2003-cü il təvəllüdlü oğlu X3 ölümünün səbəbini “hərbi xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində, Kəlbəcər rayonu Vəzirxan kəndi ərazisində həlak olması” kimi qeyd edilməsi barədə düzəliş aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aidiyyəti dövlət onqanlarının təqsiri ucbatından oğluna ona layiq olduğu şəhid adının indiyə qədər verilməməsi ədalətsizlikdir və bu onun ailəsinə, şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan istifadə etmək imkanının qarşısını alır. Ölüm haqqında şəhadətnamədə nə ölümün səbəbi, nə də ki, oğlunun ölüm yeri qeyd edilməmişdir. Bu səbəbdən də "şəhid ailəsi" statusu ala bilməyib. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçı izahatında, iş məhkəmənin icraatında olarkən oğluna şəhid statusunun verildiyini bildirmiş və bu barədə arayışı məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçının oğlu Nurəddin Mirzəzadə xx.xx.2022-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci il tarixli əmrlə N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə hərbi hissənin dislokasiya yerində su kanalında boğularaq ölmüşdür. Nurəddin Mirzəzadənin ölüm haqqında Şəhadətnaməsində ölümün səbəbi kimi “təbii su hövzəsinə yıxılma və suda batma” kimi yazılmışdır. İddiaçı hazırkı tələbində oğlunun ölüm haqqında Şəhadətnaməsində ölümün səbəbi kimi “xidməti vəzifələrinin icrası zamanı” sözlərinin və eyni zamanda xidmət yerinin də yazılaraq müvafiq düzəliş edilməsini xahiş edir. Cavabdeh isə tələbin təmin olunmasından imtina etməklə ona istinad edir ki, ölüm haqqında Şəhadətnamədə ölümün səbəbi, Kəlbəcər Regional Məhkəmə və Tibbi Ekspertiza bölməsinin arayışına əsasən yazılıb. Həmin arayışa dəyişiklik edildikdən sonra ölüm akt qeydində dəyişiklik edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Maddə 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının oğlu hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi hissənin dislokasiya ərazisində ölmüşdür. Belə ki, 172 № li Hərbi Hissədən verilmiş xx.xx.2022-ci il tarixli, 345 № li əmrdə ölümün xidməti vəzifələrin icrası ilə bağlı olması qeyd edilmişdir. SHXÇDX-in Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışında X3 xx.xx.2022-ci il tarixdə saat 10:50 radələrində Kəlbəcər rayonu, Vəzirxan kəndi ərazisində hərbi hissənin 1-ci taborunda xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində vəfat etməsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının oğlunun Kəlbəcər rayonu Vəzirxan kəndi ərazisində hərbi hissənin 1-ci taborunda xidməti vəzifələrini yerinə yetirərkən ölməsi halı iş materiallarına əsasən öz təsdiqini tapır. Məhkəmə cavabdehin imtinasında qeyd edilən halla bağlı bildirir ki, Kəlbəcər Regional Məhkəmə və Tibbi Ekspertiza bölməsinin arayışında ölümün göstərilən səbəbi yalnız ölümün tibbi aspektlərini əks etdirmişdir. Yəni həmin arayışda ekspertiza nəticəsində şəxsin “suda batma və su hövzəsində boğulma” kimi tibbi terminlər qeyd edilərək ölümün tibbi tərəfi barədə qeyd aparılmışdır. Lakin həmin arayışda ölümün hərbi xidmət vəzifələrinin icrası zamanı və xidmət yerinin göstərilməməsi N.Mirzəzadənin hərbi xidmət vəzifələrinin icrası zamanı ölməməsi kimi qəbul edilə bilməz. Qeydiyyat orqanı ölüm haqqında akt qeydini tərtib edərkən ölümün səbəbinin həm tibbi, həm də hüquqi (faktiki) aspektlərini nəzərə alaraq ölüm haqqında şəhadətnamədə, həmçinin hərbi xidmət vəzifələrinin icrası zamanı qeydini də əlavə etməli idi. Bundan başqa iddiaçının sonuncu məhkəmə iclasında təqdim etdiyi SHXÇDX-in Suraxanı rayon İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından müəyyən edilir ki, X6 “şəhid”, onun ailəsinə “şəhid ailəsi” statusu verilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının oğlunun akt qeydindəki yanlışlıq aradan qaldırılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. 1 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında Şəhadətnamədə dəyişiklik edilərək, Şəhadətnamədə xx.xx.2003cü il təvəllüdlü X3 ölümünün səbəbi “hərbi xidməti vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində, Kəlbəcər rayonu Vəzirxan kəndi ərazisində həlak olması” kimi qeyd edilməsi barədə düzəliş aparılması vəzifəsi Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar