Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10134/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı məbləğini təşkil edən 2000 manat məbləğində pul vəsaitinin Təhsil Nazirliyindən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi 2019-cu ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək "xxxx" MMC-də coğrafiya ixtisası üzrə istehsalat təcrübəsi keçmişdir. Xəzər Universiteti tərəfindən Təhsil Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, istehsalat təcrübəsi dövründə iddiaçıya 2000 manat əmək haqqı hesablanmış və onun ödənilməsi xahiş olunmuşdur. Təhsil Nazirliyinin imtina məktubundan görünür ki, Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas)” təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2 və 4.3-cü bəndlərinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli Qərarı ilə “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamə təsdiq edilmişdir. Bildirilir ki, “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci bəndinə görə, dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-döviət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən, təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Eyni zamanda nəzərə çatdırılır ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 noyabr 2001-ci il tarixli 179 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat“ bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına ... 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. İddiaçının Elm və Təhsil Nazirliyinə etdiyi müraciətlərə cavabdeh tərəfindən baxılmış və cavablandırılmışdır. Həmçinin İddiaçı "xxxx" MMC-də coğrafiya ixtisası üzrə istehsalat təcrübəsi keçmiş və Xəzər Universiteti qeyri-dövlət təhsil müəssisəsi olduğuna görə həmin təcrübəni öz vəsaiti hesabına təşkil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkiidə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Yuxarıda şərh olunanları və AR İPM-in 47.2-ci və 68.2-ci maddələrini rəhbər tutaraq iş üzrə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iddia ərizəsinin təmin edilməsi, istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı məbləğini təşkil edən 2000 manat məbləğində pul vəsaitinin Təhsil Nazirliyindən tutularaq ona ödənilməsi barədə” iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1998-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ № 726615 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2014-cü ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 191 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 777471 nömrəli, xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X2 xx.xx.2015-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 959 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 569 nömrəli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı ondan ötrü ki o, həqiqətən, oktyabr 2019-cu il tarixindən aprel 2020-ci il tarixinədək "xxxx" MMC-də coğrafiya ixtisası üzrə təcrübə keçmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, K-11176/01/18-24 nömrəli məktubda bildirilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqının ödənilməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığınız (daxil olma tarixi: xx.xx.2021-ci il, nömrəsi: K-11176/01) və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindən daxil olmuş (daxil olma tarixi: xx.xx.2021-ci il, nömrəsi: 17/11-K-24) müraciətlərinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci və 4.3-cü bəndlərinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, K-11176/03/18-24 nömrəli məktubda bildirilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqının ödənilməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığınız təkrar müraciətinizə (daxil olma tarixi: xx.xx.2021-ci il, nömrəsi: K-11176/03) baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli qəran ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 4.2-ci və 4.3-cü bəndlərinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Məlumat üçün bildirilir ki, eyniməzmunlu müraciətinizə xx.xx.2021-ci il tarixli, K-11176/01/18-24 nömrəli cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, K-1242/18-24 nömrəli məktubda bildirilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqının ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanladığınız müraciətinizə Azərbaycan Respublikası Təhsil Nazirliyində baxılmışdır. Bildirilir ki, həmin məsələ ilə bağlı eyniməzmunlu müraciətlərinizə xx.xx.2021-ci il tarixli, K11176/01/18-24 nömrəli və xx.xx.2021-ci il tarixli, K-11176/03/18- 24 nömrəli cavab məktubları göndərilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyü baxımından işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı cavabdehin inzibati aktı, hərəkət, hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı “Xəzər Universitetində ali təhsil almış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq olduğundan ona təhsil aldığı dövrdə təhsil haqqı və təqaüd dövlət büdcəsinin hesabına ödənilmişdir. Eyni zamanda iddiaçı oktyabr 2019-cu il tarixindən aprel 2020-ci il tarixinədək "xxxx" MMC-də coğrafiya ixtisası üzrə təcrübə keçmişdir. İddiaçı sözügedən istehsalat təcrübəsi dövründə əmək haqqı ilə təmin edilməmiş, bu əsasdan o istehsalat təcrübəsi dövründə ödənilməli olan əmək haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün cavabdeh Elm və Təhsil Nazirliyinə müraciət etmiş, cavabdeh orqan qeyd edilən tələblə bağlı öhdəliyinin olmadığına istindən müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı istehsalat təcrübəsi dövründə ödənilməli olan 2000 manat əmək haqqının cavabdeh inzibati orqan tərəfindən ödənilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş öhdəliyi müəyyən edilmir. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun: -1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən təhsil müəssisələri tələbələrin təcrübəsinin keçirilməsi məqsədi ilə ayrı-ayrı istiqamətlər (ixtisaslar) üzrə mütəxəssis hazırlığının xüsusiyyətlərini və bu Əsasnamənin tələblərini nəzərə alaraq, müvafiq tədris sənədlərini (tədris plan və proqramları) hazırlayır və təsdiq edir. -2.1-ci bəndinə görə təcrübənin əsas növləri aşağıdakılardır: - tədris təcrübəsi; - istehsalat (pedaqoji) təcrübəsi, o cümlədən diplomqabağı təcrübə. -2.2-ci bəndinə görə tədris təcrübəsi mütəxəssis hazırlığının xüsusiyyətlərini nəzərə almaqla, təhsil müəssisələri tərəfindən dövlət təhsil standartlarına uyğun müəyyənləşdirilir. -2.3-cü bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmipedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. -3.1-ci bəndinə görə tədris təcrübəsi təhsil müəssisəsinin müvafiq struktur bölmələrində (laboratoriyalarda, təcrübə-sınaq və uçuş poliqonlarında, trenajorlarda, elmi-tədqiqat laboratoriyalarında, tədris emalatxanalarında və s.) keçirilir. İxtisasların xüsusiyyətlərindən asılı olaraq, zəruri hallarda tədris təcrübəsi istehsalatlarda və digər struktur bölmələrində keçirilə bilər. İstehsalat (pedaqoji), diplomqabağı təcrübə bir qayda olaraq, müəssisə, idarə və təşkilatlarda (bundan sonra-istehsalat müəssisələri) keçirilir. -3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. -3.3-cü bəndinə görə istehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsi üçün tərəflərin aşağıdakı vəzifə və öhdəlikləri vardır: 3.3.1. ali (orta ixtisas) təhsil müəssisəsi: hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat (pedaqoji) təcrübəsinin proqram və qrafikini onlarla razılaşdırır; təcrübə bazasının profilini nəzərə almaqla, ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir; təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir; təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir; zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir. 3.3.2. istehsalat müəssisələri: tələbələrin təcrübəsini təşkil edir və keçirir;(...) -4.1-ci bəndinə görə istehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır. -4.2-ci bəndinə görə dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. -4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. -4.4-cü bəndinə görə istehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir. -4.5-ci bəndinə əsasən istehsalat təcrübəsi təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Sadalanan normalardan müəyyən olunur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar tam dövlət təminatında olmaqla, ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir, eyni zamanda təhsil aldıqları müddətdə təqaüdlə təmin edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Qanunun adıçəkilən 5-ci maddəsinin 3-cü abzası qeyd edilən kateqoriya şəxslərin istehsalat təcrübəsi dövründə əmək haqqı ilə təmin edilməsini tam dövlət təminatından əlavə kimi nəzərdə tutmuşdur. Qeyd edilməlidir ki, istehsalat (pedaqoji) təcrübəsinin keçirilməsi, təşkili, maddi təminatı ilə bağlı qaydalar konkret olaraq “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamə ilə tənzimlənir. Əsasnamənin yuxarıda sadalanan bəndlərindən müəyyən olunur ki, tələblərin istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Belə ki, ali təhsil müəssisələri istehsalat (pedaqoji) təcrübəsinin keçiriləcəyi müəssisələrlə müqavilə bağlayır, təcrübənin proqram və qrafikini razılaşdırır, təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə bilavasitə nəzarət edir. Əsasnamənin 4.2 və 4.3-cü bəndlərə əsasən dövlət təhsil müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirdikləri halda, qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Və bu müddəanın davamı olaraq ki, təcrübə müddətində tələbələrə əməkhaqqı təhsil müəssisələri ilə təcrübə keçirilən istehsalat müəssisəsi arasında bağlanmış müqavilə əsasında ödənilir. Başqa sözlə, istehsalat (pedaqoji) təcrübəsinin təşkili və keçirilməsinə bilavasitə ali təhsil müəssisəsi məsul olduğundan, qeyd edilən təşkilatı və maddi təminat ilə bağlı məsələlərin icrası qeyridövlət təhsil müəssisəsinin öz hesabına, o cümlədən təcrübə dövründə tələbələrə əmək haqqının verilməsi də həmin prosesin tərkib hissəsi olaraq təcrübəni təşkil edən təhsil müəssisəsi ilə istehsalat müəssisəsi arasında bağlanmış müqavilə ilə tənzimlənir. Qeyd edilən normalardan çıxış edərək iddiaçının qeyri-dövlət ali təhsil müəssisəsi olan Xəzər Universitetinin tələbəsi olaraq istehsalat təcrübəsini Xəzər Universitetinin nəzdində olan Dünya Məktəbində, bilavasitə adları çəkilən müəssisələr arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyini nəzərə alaraq hesab edir ki, iddia edilən istehsalat təcrübəsi dövründə əmək haqqının ödənilməsinin cavabeh olaraq inzibati orqandan tələb edilməsinin normativ əsası yoxdur. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10134/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10134/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver