Məhkəmə qərarları › İş №2-1(112)-1014/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1014/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1014/2020 17.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi ev 7, mənzil 31), cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, 4-cü mkr., Ə.İsgəndərov küçəsi ev, 3, mənzil 25; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Hüquqi Təminat İdarəsi, baş inspektor) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (3-cü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi) qarşı “məlumat vərəqəsinin müvafiq quruma göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddiaçının 1984-1992-ci illərdə təhsil aldığı dövrün, 1986-1988-ci illərdəki hərbi xidmət dövrünün, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixinə qədər gömrük orqanlarında işlədiyi dövrün hesablanaraq bu barədə məumatlandırma vərəqəsinin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı barəsində təhsil aldığı dövrün və xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər gömrük orqanlarında işlədiyi dövrün hesablanaraq bu barədə “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi ünvanı nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1992-ci il tarixdə həmin ali məktəbi bitirmişdir. 1986-1988-ci illər ərzində Sovet ordusunda hərbi xitmətdə olmuşdur. 1992-1998-ci illərdə “Nizami” TM-də müvəkkil vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdən 79 saylı əmr əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2008-ci il tarixində “Azərterminalkompleks T.H X.İ.B"-nin Ərazi Terminalında gömrük brokerinin işinin təşkili şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Hüquq pozmalara qarşı mübarizə şöbəsinin inspektoru vəzfəsinə keçirilmişdir və xx.xx.2017-ci il tarixində isə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ximət illərinin (təhsil aldığı dövr və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına daxil edilməklə) nəzərə alaraq məlumatlandırma vərəqəsinin aidiyyatı orqana - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000- 180/1xx-xx/021681 saylı məktubla onun gömrük orqanlarında xidmət illərinin 18 il, 4 ay 21 gün təşkil edildiyi göstərilərək ona imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1992-ci ildə ali məktəbi bitirmişdir. 1986-cı ildən 1988-ci ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1992-ci ildən 1998-ci ilədək “Nizami” TM-də müvəkkil vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə 79 saylı əmr əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin inspektoru vəzifəsinə, xx.xx.2008-ci il tarixdə "Azərterminalkompleks T.H X.İ.B”-nin Ərazi Terminalında gömrük brokerinin işinin təşkili şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2009-cu ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Hüquq pozmalara qarşı mübarizə şöbəsinin inspektoru vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə isə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək xidmət illərinə təhsil aldığı və hərbi xidmət keçdiyi dövrün sosial sığorta stajına daxil edilməklə məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi ilə bağlı müraciət etsə də xx.xx.2019-cu il tarixli 1000-180/1xxxx/021681 nömrəli məktubla onun gömrük orqanlarında xidmət illərinin 18 il, 4 ay 21 gün təşkil edildiyi göstərilməklə müraciətinin təmin edilməsindən imtina olunmuşdur.Aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarına əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsil alma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 35 nömrəli qərarının 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərti ilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, fiziki şəxslərin, hərbi qulluqçuların, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyaları hüquqlarının nəzərə alınmasından bəhs edilir və 27.1-ci maddəsinə əsasən, bu qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığortahissəsində xx.xx.2006-cı il tarixinə qeydə alınır. Bu və 21-ci maddəyə əsasən, vətəndaş təhsil dövründə heç bir sosial sığorta haqqı ödəmədiyi üçün onun pensiya kapitalı 0-a bərabər olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3-cü fəslində sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Bu Qaydalarda da əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. İddia ərizəsinə əlavə edilmiş H3 seriyalı ******* nömrəli hərbi biletin, ЦB seriyalı 833148 nömrəli diplomun və ИT seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1984-cü ildən 1992-ci ilədək ali təhsil almış,1986-cı ildən 1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2000-ci ildən xx.xx.2017-ci ilədək gömrük orqanlarında xidmətdə olmuşdur. İddiaçı iddia tələbi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsil müddətinin əmək stajına hesablanması nəzərdə tutulmamış, həmçinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarının tələbinə də ziddir. Qeyd edilənlərdən də müəyyən olunur ki, iddiaçının gömrük orqanlarında xidmət illəri (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il, 4 ay 21 gün təşkil etdiyindən onun pensiya hüququ yaranmır. Belə ki, göründüyü kimi İddiaçı əmək pensiyası hüququ yaranmadığından ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməsi qeyri-mümkündür. Bu səbəbdən də İddiaçı iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, ЦВ seriyalı 833148 nömrəli Diploma əsasən İddiaçı 1984cü ildən 1992-ci ilədək Bakı Dövlət Universitetinin tarix ixtisası üzrə tam kursunu bitirmişdir. İş materiallarından görünür ki, ИТ-İ seriyalı ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizə şöbəsinin inspektoru vəzifəsində, xx.xx.2008ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azərterminalkompleks” THXİB-n gömrük brokeri işinin təşkili şöbəsinin inspektoru, xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquq pozmalara qarşı mübarizə şöbəsində işləmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənizə aidiyyəti üzrə X2 İdarəsində baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Sizin gömrük orqanlarında xidmət illəriniz isə (həqiqi hərbi xidmət daxil olmaqla) 18 il 4 ay 21 gün təşkil edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq Sizin xahişinizi yerinə yetirmək qeyri- mümkündür.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarının 1-ci bəndinin 2-ci hissəsində deyilir ki, “Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil müddəti 1984-1992-ci illəri əhatə etsə də, həmin dövrün yalnız 2 il 6 ayı, yəni təhsil dövrünün beş ilədək müddət daxilindəbir ili altı ay sayılmaqla nəzərə alınmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçının təhsil müddətinin yalnız 2 il 6 ayı nəzərə alınsa da belə, onun yaşa görə əmək pensiyası hüququ yaranması üçün qanunvericilikdə tələb olunan 20 təqvim ili mövcud olur. Belə ki, iddiaçının gömrük orqanlarında xidmət illəri, həqiqi hərbi xidmət və təhsil müddəti də daxil olmaqla 20 il 10 ay 21 gün təşkil edir. Məhkəmə hesab edir ki, əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus diploma əsasən İddiaçı 1984–1992-ci illərdə təhsil almışdır. Eyni zamanda qeyd edilməlidir ki, 01 oktyabr 1956-cı ildə qüvvəyə minmiş və 23 sentyabr 1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində qeyd olunmuşdur ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab ki, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun qazanılmış hüququ olmaqla əmək stajı hesab edilir, cavabdehin isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli Qanununun 9.5.1-ci maddəsinə istinad etməsi, iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün onun geriyə tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yeni “Məlumat vərəqəsi”nin verilməsinə gəldikdə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.53-cü bəndinə əsasən gömrük orqanlarında xidmətkeçmə və əmək münasibətləri haqqında qanunvericiliyin icrası üzrə tədbirlər görmək Komitənin vəzifələrinə aiddir. ““Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki,İddiaçı təhsil müddəti onun əmək stajına daxil edilməməsi və nəticədə məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə göndərilməsindən imtina edilməsinə dair cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində təhsil aldığı dövrün (2 il 6 ayı nəzərə alınmaqla), xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixinə qədər gömrük orqanlarında işlədiyi dövrün hesablanaraq bu barədə “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində təhsil aldığı dövrün (2 il 6 ayı nəzərə alınmaqla), xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixinə qədər gömrük orqanlarında işlədiyi dövrün hesablanaraq bu barədə “Məlumat vərəqəsi”nin müvafiq qaydada doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar