Məhkəmə qərarları › İş №2-1(112)-1014/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1014/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1014/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ (ikinci) qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 30 aprel 2020-ci il tarixli **********7 saylı əmrlə barəsində verilmiş intizam tənbehi tədbiri, töhmətinin ləğv və ya həmin əmrin ona aid olan hissədə ləğv edilməsini və ƏƏSM-nin müvafiq qurumları tərəfindən ləğv edilmiş İİ qrup əlilliyinin bərpa edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi iş materialları ilə birlikdə məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, artıq 20 ilə yaxındır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin, Mərkəzi Laboratoriyasının baş məsləhətçisi vəzifəsində qulluq keçir. Qulluq keçdiyi dövrdə hər zaman qanunun aliliyini əsas tutaraq vəzifə funksiyalarını vicdanla yerinə yetirmişdir. Fəaliyyətinə xidməti qaydada və tabeçilik qaydasında nəzarət edən rəhbərlərinin göstəriş, əmr və tapşırıqlarını 2-ci qrup əlil olduğuna baxmayaraq yerinə yetirmişdir. Çalışdığı sahə ağır və zərərli iş yerlərində müvafiq ölçmələr apararaq iş yerlərində əmək şəraitinin qiymətləndirilməsindən ibarətdir. Qulluq funksiyasını həyata keçirərkən onun səhhətinə də hər hansı zərərli amillərin təsiri qaçılmazdır.01.05.2020-ci il tarixdə ona məlum olub ki, 30 aprel 2020-ci il tarixli **********7 saylı əmr ilə ona intizam tənbehi tədbiri kimi töhmət verilib. Əmrdə göstərilib ki, o, öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozmuşdur. Əmrin məzmunundan görünür ki, intizam tənbehi kütləvi şəkildə verilib. Tərəfindən heç bir etik davranış qaydaları pozulmayıb və intizam tənbehi verilməsinə səbəb olan heç bir addım atmamışdır. Lakin onlar barəsində verilən bu töhmətdən xəbərsiz olduqlarını bildirmişlər. O, İİ qrup əlildir. 13 mart 2020-ci il tarixdə əlilliyi ləğv edilərək onu təkrar müayinədən keçmək üçün müvafiq tibb müəssisəsinə göndərmişdirlər. Tibbi rəyə əsasən əlilliyinin təsdiqi rəsmi olaraq qiymətləndirilmişdir. Lakin uzun illər qulluq keçdiyi Nazirliyin əməkdaşları ona ömürlük olaraq İİİ qrup əlillik dərəcəsi vermişdir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 413 saylı Qərarının 4.2 bəndində göstərilmişdir; İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyin müəyyən olunması vaxtı 2021-ci ildə keçirilməli olduğu halda ona 2020-ci ildə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması həyata keçirilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 128 saylı Qərarında “Yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması konkret olaraq göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı 29.10.2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial- Ekspertiza və Reabilitasiya Agentliyi qeyd edilməklə İİ qrup əlilliyin bərpa edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş iddia tələbinə dair etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı tələbi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2. bəndində ikinci və üçüncü dərəcə əlilliyin 5 (beş) il müddətinə müəyyən edilib, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlilliyin fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edildiyinin qeyd olunduğuna baxmayaraq, ardıcıl olaraq 10 il ikinci dərəcə əlilliyi olduğu, 10 ilin tamamında əlilliyi müddətsiz təyin edilməli olduğu halda edilməmiş, çəkisi, qan azlığı, səhhəti ikinci dərəcə əlilliyin təyininə əsas verdiyi halda əsassız olaraq əlilliyi üçüncü dərəcəyə keçirilmişdir.Sənədlərin təhlilindən məlum olur ki, İddiaçı 04.04.2007-ci il tarixdə ilkin qiymətləndirilməsi keçirilərək ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə də qiymətləndirmə aparılaraq İİ dərəcə əlillik təyin edilmişdir. 26.05.2015-ci il tarixdə də təkrar qiymətləndirilmə keçirilərək ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi 1 il müddətinə təyin edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin keçid müdəalarının qeyd olunduğu 6.1. bəndində göstərilir ki, Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. Yəni iddiaçının əlilliyinin 10 ili tamam olmamış, 26.05.2016-cı ildə sistem tərəfindən 5 il müddətinə, 26.05.2021-ci il tarixədək uzadılmışdır. Bəzi işçilərin vəzifələrindən sui-istifadə edərək saxta əlillik alma halları aşkar olunduğundan, Nazirliyin tapşırığına əsasən əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyətin təkmilləşdirilməsi, habelə əlillik təyinatlarının düzgünlüyünün araşdırılması istiqamətində aparılan işlərin davamı olaraq, sosial islahatlar çərçivəsində şəffaflığın artırılması, yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya alan əməkdaşları vaxtından əvvəl əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (hazırda Agentlik) dəvət edilmişlər.O cümlədən İddiaçı qeyd olunan tədbirlər çərçivəsində dəvət edilən digər əməkdaşlar kimi 13.03.2020-ci il tarixdə əyani müayinəyə dəvət edilmiş, təkrar qiymətləndirmə aparılmışdır. Əyani müayinə zamanı İddiaçı ümumi vəziyyəti kafi, dəri və görünən selikli qişaları normal olmuş, ağ ciyərlərdə bir qədər sərt tənəffüs eşidilmiş, ürək tonları ritmik (AT-120/80 mm.c.s.) qarnı yumşaq, palpariya zamanı epiqastral nahiyyə bir qədər ağrılı olmuşdur. Qara ciyər və dalaq əllənməmiş, stul və diurez normada olmuşdur.İddiaçı təqdim etdiyi tibbi sənədlərdə qeyd edilmiş (12 b/b xorası, qanaxma ilə yüngül anemiya. Xroniki xlesistit NSD hipertonik tip.) mövcud sağlamlıq vəziyyəti ilə (12 b/b xora xəstəliyi. Qastroduodenit) eynilik təşkil etmədiyindən, ümumi vəziyyətinə əsasən ona həmin tarixdən İİİ dərəcə əlillik təyin edilmişdir.Bundan başqa iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli Qərarına əsasən yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından, əlilliyinin müəyyən olunması vaxtı 2021-ci ildə keçirilməli olduğu halda 2020-ci ildə əyani müayinəyə dəvət edilməsi, əlilliyinin qiymətləndirilməsi, İİ dərəcədən İİİ dərəcəyə keçirilməsi qanunsuz olubdur.İddiaçının istinad etdiyi Qərarda qeyd olunur ki, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların əlillik müddəti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar olaraq, 2020-ci il 1 iyul tarixinədək, xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunan rayonlarda (şəhərlərdə) isə sərtləşmə müddətinin başa çatdığı tarixədək uzadılsın.Qeyd olunan 128 nömrəli Qərar 7 aprel 2020-ci il tarixdə verilmişdir və 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, İddiaçı əyani müayinəyə dəvət edilməsi müddətin bitməsi ilə əlaqədar deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yoxlaması əsasında həyata keçirilmişdir. Digər tərəfdən 128 nömrəli Qərar İddiaçı əyani müayinəyə dəvət edildiyi 13 mart 2020-ci il tarixdən 24 gün sonra qəbul edilmişdir. Eləcə də nəzərə alınmalıdır ki, əlilliyin müddətli və ya müddətsiz olması şəxsin əyani müayinəyə dəvət edilməməsi, əliliyinin dərəcəsinin dəyişdirilməməsinə əsas vermir.İddiaçının ekspert-cərrah İlkin Yusifovun onun müayinəsində iştirak etmədiyini bildirməsi həqiqətə uyğun deyil. Çünki əlilliyin təkrar qiymətləndirilməsinə dair tərtib edilmiş **********0 nömrəli 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, İlkin Yusifov komissiyada həm iştirak, həm də çıxış etmişdir.Göründüyü kimi iddiaçının əlilliyin dərəcəsinin dəyişdirilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İş üzrə şifahi məhkəmə baxış iclası 05 noyabr 2021-ci il tarixə təyin edilmişdir. İddiaçı və onun vəkili şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirmə 13 mart 2020-ci il tarixli Protokolunun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 13.03.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlillik təyin edilməsi, müayinənin nəticəsinin alt sistemə daxil edilməsi qərara alınmışdır. Tibbi Sosial Ekspert Komissiyasının müayinələrindən görünür ki: – 04.04.2007-ci il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: əmək qabiliyyətsizdir, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63-Bağırsağın digər xəstəlikləri => K63,3- Bağırsaq xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Xroniki dəmi defisitli anemiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 04.04.2008-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. – 20.05.2014-cü il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: Xüsusi yaradılmış şəraitdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63-Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Xroniki dəmi defisitli anemiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər: 12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 20.05.2015-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. – 26.05.2015-ci il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: yüngül oturaq sahələrdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63-Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 b/b xorası, qanaxma ilə. Yüngül anemiya. Xroniki xlesistit. NSD hipertonik tip. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 26.05.2016-ci il tarixdə həyata keçirilməli olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0004 saylı qiymətləndirilmə aktından görünür ki, iddiaçı 26.05.2016-ci il tarixində müayinə olaraq, ona “12 barmaq bağırsağının xora xəstəliyi tez-tez kəskinləşmələrlə qanaxmalarla; ikitərəfli nefropotoz; somatogen mənşəli astemik vəziyyət, xroniki dəmi defisitli anemiya” diaqnozu qoyulmuş, ona 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş və növbəti müayinə tarixinin 26.05.2021-ci il tarixdə həyata keçirilməsi olduğu göstərilmişdir. – 13.03.2020-ci il tarixdə keçirilmiş müayinədə İddiaçı əlilik vəziyyəti belədir: Xüsusi yaradılmış şəraitdə işləyə bilər, xəstəliklərin Beynəlxalq Təsnifatı: Xİ Sinif-Həzm sisteminin xəstəlikləri => K55- K63-Bağırsağın digər xəstəlikləri=> K63-Bağırsağın digər xəstəlikləri => K63,3-Bağırsaq xorası, diaqnozun mətni: 12 b/b xora xəstəliyi. Qastroduodenit. tez-tez kəskinləşmələrlə qanaxmalarla. İki tərəfli nefroptoz. Somatogen mənşəli astemik vəziyyət. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı iddia tələbi ilə mübahisələndirdiyi məsələ onun ikinci dərəcəli əlilliyinin bərpa edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyətin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və Həmin Qaydada aşağıdakılar müəyyən olunmuşdur: - 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 1.8. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (İ dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. - 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: - 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; - 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. - 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. - 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. - 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. - 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. - 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. - 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsinə əsasən, İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33) (2.2.1.); ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9) (2.2.2); ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9) (2.2.3). ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84- J86.9,J91-J95.8) (2.2.4); ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9) (2.2.5.); ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) (2.2.6.); endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0-E22.1, E23.0-E23.2, E23.7, E24 24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8) (2.2.7.); etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9) (2.2.8); qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) (2.2.9.); hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) (2.2.10); epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) (2.2.11.); hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) (2.2.12); İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24) (2.2.13); lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97) ( 2.2.14.); xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri (2.2.15.). Əlilliyinin təyin olunmasını tənzimləyən qüvvədə olan normativ hüquqi aktdan görünür ki, şəxsə ikinci dərəcəli əlillik yalnız o halda təyin ola bilər ki, onda olan xəstəliklər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə aid olsun. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə-tibbi ekspertizası Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə-Tibbi Ekspertizа və X6-Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 70/2021 saylı (ekspertizanın başlanma tarixi 03 mart 2021-ci il, başa çatma tarixi 15 aprel 2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1961-ci il təvəllüdlü İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən 13.03.2020-ci il tarixdə ona qoyulmuş “12 barmaq bağırsağının xorası, qastroduodenit” diaqnozu Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) aşkar edilmədiyinə görə hissəvi reabilitasiya olunmuş və üçüncü dərəcə əlillik barədə verilmiş qərarı düzgün hesab etmək olar. Müəyyən edilmiş diaqnoz laborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hal-hazırda əziyyət çəkdiyi “12 barmaq bağırsağın xorası, qastroduodenit” əsas xəstəlikləri tərtib olunmuş müayinə aktlarında (xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx00004) göstərilən xəstəliklərdən patoloji fərqlənməsələr də, onun ağırlaşmalarında fərqlilik olduğu, yəni ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) müəyyən edilməmişdir. İddiaçının vəsatətinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1014/2021 nömrəli, 02.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, məhkəmə-tibbi ekspertizası Azərbаycаn Respublikаsı Səhiyyə Nаzirliyi Məhkəmə- Tibbi Ekspertizа və X6-Təcrübi və Tədris Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 393 nömrəli (ekspertizanın başlanma tarixi 03.08.2021-ci il, başa çatma tarixi 15.09.2021-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1961-ci il təvəllüdlü İddiaçı məhkəmə tibb ekspertizasına, adına tərtib edilmiş sənədə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: İddiaçı mütəxəssis müayinələrinə əsasən onda onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (qanayan) residivləşən, asteno-nevrotik sindrom, posttravmatik diensefal krizləri müəyyən edilmiş, lakin ümumi qidalanmada kəskin anemiya və çəki defisiti (boy: 165; çəki 50 kq) aşkar edilməmişdir. Qeyd edilən diaqnozlar Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5. bəndinə uyğun olaraq komissiyanın üçüncü dərəcəli əlillik barədə verilmiş qərarını düzgün hesab etmək olar. Müəyyən edilmiş diaqnoz laborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq edilmişdir. A. V.Şeyxzadənin müayinəsi zamanı ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) kimi qiymətləndirilən patoloji ağırlaşma müəyyən edilməmişdir. Beləliklə, Məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ (ikinci) qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ (ikinci) qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar