Məhkəmə qərarları › İş №2-1(112)-1014/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1014/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1014/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs Ağsu rayon Mərkəzi Xəstəxanası) qarşı “əlillik dərəcəsinin 01.04.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona verilmiş əlillik dərəcəsinin bərpa edilməsi və ömürlük əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, hipoxrom anemiya ağ ciyərlərin emfizeması, Xr. tənəffüs çatmazlığı İİ dərəcə diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2011-ci il tarixdən 2016-cı il tarixədək əlillik dərəcəsi hər dəfə 1 il müddətinə artırılmışdır. 2016-cı il tarixdən 5 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2021-ci il tarixdə əllilik dərəcəsinin uzadılması və daimi olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdehə göndəriş (Forma 88) göndərilmişdir. Cavabdeh əlavə müalicəyə ehtiyacın olması, 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicənin olmaması, ətraflı müayinə olunmaması, ixtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülməsi əsası ilə əllik dərəcəsinin uzadılmasından imtina etmişdir. 2011-ci il tarixdə ona qanunvericilik normalarına uyğun olaraq əlillik dərəcəsi təyin edilmiş, 10 ildən çox eyni xəstəlikdən əziyyət çəkmişdir. Qanunvericilik normalarına əsasən ikinci dərəcəli əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik dərəcəsi müddətsiz müəyyən edildiyindən cavabdeh tərəfindən əlillik dərəcəsinin uzadılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Buna görə də cavabdehin hərəkətləri əsassız hesab olunmalı, əlillik dərəcəsi bərpa olunmaqla və ömürlük əlillik dərəcəsi təyin edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağsu Rayon Mərkəzi Xəstəxanasının 07.02.2011-ci il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı ilə” səbəbi ilə bir il müddətinə əlllik verilmişdir. Həmin xəstəxananın 01.04.2014cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə, 31.03.2015-ci il tarixli 0225003AABT6 saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr astmatik komponentli diffuz bronxit tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ- İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər” səbəbi ilə bir il müddətinə, elektron təyinatla 31.03.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər.” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Ağsu Rayon Mərkəzi Xəstəxanasının 14.04.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmamazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək xəstəliyi olarsa, dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Məhkəmənin 12.07.2021-ci il tarixli qərardadı ilə Ağsu rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı 20.09.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin iddiaçıya verilmiş əlillik dərəcəsinin 01.04.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması kimi müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. 31.01.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının 07.02.2011-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J47 - Bronxoektatik xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı ” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının 01.04.2014-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J47 - Bronxoektatik xəstəlik; Diaqnozun mətni: Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmazlığı” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının 31.03.2015-ci il tarixli 0225003AABT6 saylı göndərişi əsasında qiymətləndirilmiş, “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi -> J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Xr astmatik komponentli diffuz bronxit tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR; Xr. astmatik komponentli diffuz bronxit. tez-tez kəskinləşmələrlə və boğulma tutmaları ilə. XTÇ-İİ dər” meyarı ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Əsasnamənin təsdiq edildiyi günədək, yəni 30.12.2015-ci il tarixədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır. İddiaçıya 31.03.2015-ci il tarixdə bir il müddətinə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti 31.03.2016-cı il tarixdə bitmiş, Əsasnamənin 6.1-ci bəndinə əsasən iddiaçının ikinci dərəcə əlilliyi cavabdeh tərəfindən avtomatik olaraq elektron təyinat əsasında eyni diaqnoz ilə beş il müddətinə uzadılmış və növbəti müayinə tarixi 31.03.2021-ci il müəyyən edilmişdir. 5 illik müddət bitdikdən sonra iddiaçının əlillik vəziyyəti Ağsu Rayon Mərkəzi Xəstəxanasının 14.04.2021-ci il tarixli 0225003AAKEQ saylı göndərişi əsasında qiymətləndirilmiş, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Xr.astmoid komponentli, diffuz bronxit, tez-tez kəskinləşmələr və boğulma tutmaları ilə. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Hipoxrom anemiya. Ağ ciyərlərin emfizeması. Xr Tənəffüs çatmazlığı İİ dərəcə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb; 2009-cu ildən 2021-ci ilə kimi stasionar müalicəsi yoxdur, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış xəstəxanada ətraflı stasionar müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. İddiaçı 16.05.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə icraatı gedişində Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 07.06.2021-ci il tarixdə iddiaçının əlilliyinin müəyyən edilməsi məqsədilə cavabdehə 2574003AAM26 nömrəli göndəriş təqdim edilmiş, göndərişdə müayinə tarixi 17.06.2021-ci il olaraq müəyyən edilmişdir. Cavabdeh həmin göndəriş üzrə “Səbəb; Əlavə ixtisaslaşmış müalicə təyin edilir. Müalicə potensialı tükənməmişdir.” səbəbi ilə əlillik təyin etməkdən imtina etmişdir. Məhkəmənin 30.07.2021-ci il tarixli iclasında iddiaçının əyani müayinə olunması və əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinin yenidən qiymətləndirilməsi üçün cavabdehə müddət verilmişdir. İşdə olan cavabdehin 22.10.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, məhkəmənin göstərişinə əsasən İddiaçı 05.08.2021-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə əyani müayinə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçıya 17.06.2021-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda cavabdehin ona 17.06.2021-ci il tarixdən əlillik təyin etməsi ilə razılaşmır və əlilliyin 01.04.2021-ci il tarixdən bərpa edilməsini xahiş edir. Lakin işdən görünür ki, iddiaçının əlilliyi cavabdeh tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. Belə ki, iddiaçının əlilliyi sonuncu dəfə 31.03.2016-cı il tarixdə qiymətləndirilmiş, 5 illik müddətə təyin edildiyindən 31.03.2021-ci il tarixdə iddiaçıya təyin edilmiş əlilliyin müddəti bitmişdir. Bundan sonra iddiaçı yeni göndərişə əsasən ona əlillik təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə imtina etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. - 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. - 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. - 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, Ağsu Rayon Mərkəzi Xəstəxanasının 04.04.2021-ci il tarixli göndərişi cavabdeh tərəfindən qiymətləndirilmiş, 14.04.2021-ci il tarixdə əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçı bu qərarı mübahisələndirsə də, eyni zamanda müraciəti əsasında Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən 07.06.2021-ci il tarixdə yeni göndəriş verilmiş və sonuncu qiymətləndirmə məhz həmin göndərişə əsasən aparılmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı barəsində 07.06.2021-ci il tarixdə yeni göndəriş verilmişdir, deməli, həmin göndərişədək verilmiş əvvəlki göndərişlər, o cümlədən Ağsu Rayon Mərkəzi Xəstəxanası tərəfindən 04.04.2021-ci il tarixdə verilmiş 0225003AAKEQ saylı göndəriş də öz qüvvəsini (əhəmiyyətini) itirmişdir. Buna görə də artıq qüvvədə olmayan göndərişə əsasən iddiaçının əlilliyinin qiymətləndirilməsi və həmin göndərişin verildiyi tarixdən iddiaçının əlilliyinin müəyyən edilməsi mümkünsüzdür. İddiaçı barəsində əlilliyin müəyyən edilməsinə dair qərar sonuncu göndərişin verildiyi tarixdən 10 gün müddətində, yəni 17.06.2021-ci il tarixdə qəbul edildiyindən, qanunvericiliyin tələbinə əsasən iddiaçı həmin tarixdən əlilliyi olan şəxs hesab edilir. Çünki “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Bundan başqa, yuxarıda istinad olunan normalardan görünür ki, qanunverici şəxsə ilk dəfə əlillik təyin edilmə proseduru ilə əlilliyin müddəti bitdikdən sonra yenidən əlillik təyin edilmə proseduru arasında heç bir fərqləndirmə qoymamış, hər dəfə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi üçün eyni tələbləri təsbit etmişdir. Yəni şəxsin əlilliyinin müddəti bitdikdən sonra onun müraciəti əsasında yenidən əlilliyinin müəyyən edilməsinə dair qəbul edilən qərar yeni, müstəqil bir inzibati aktdır və qəbul edildiyi tarixdən şəxsə hüquq və imtiyazlar yaradır. Bu qərar, şəxsin əlilliyinin müddəti bitdiyi tarixdən davam etməsinə səbəb olmur (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya əlilliyin təyin edilməsi barədə qərarın qəbul edildiyi 17.06.2021-ci il tarixə qüvvədə olan redaksiyasına əsasən). Məhkəmə onu da qeyd edir ki, əlilliyin müəyyən edilməsinə dair hazırkı iddia (müddəti bitmiş əlilliyin növbəti müddətə təyin edilməsi də daxil olmaqla) məcburetmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi məhkəmə məcburetmə haqqında iddia vasitəsilə özü inzibati orqanın əvəzinə hər hansı bir inzibati akt qəbul etmir və məhkəmə qərarı inzibati aktı əvəz etmir. Məhkəmə inzibati orqanın hərəkətlərini qanunazidd hesab etdiyi halda müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsini cavabdeh orqanın üzərinə qoyur və həmin məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra inzibati orqan iddiaçının xeyrinə müvafiq əlverişli inzibati aktı qəbul etməlidir. Məhz inzibati orqanın həmin qərarı qəbul edildiyi andan iddiaçının müvafiq hüquq və imtiyazları yaranır. Yəni hazırkı halda məhkəmə iddiaçıya verilən imtinanın qanunsuz olduğu qənaətinə gəlsə belə, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərar, məcburetmə haqqında iddianın təmin edilməsi ilə bağlı qəbul edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra, inzibati orqanın özü tərəfindən qəbul edilməlidir. Belə olan halda şəxsin əlilliyi də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən məhz həmin tarixdən yaranacaqdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya artıq qüvvədə olmayan göndərişə əsasən və keçmiş tarixə əlilliyin təyin edilməsi mümkünsüzdür, buna görə iddiaçının bu məzmunda iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar