Məhkəmə qərarları › İş №2-1(112)-1014/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1014/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1014/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi və s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İİ qrupa uyğun gələn müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizənin məzmunu nəzərə alınmaqla iddia tələbi “iddiaçıya əlilliyin təyinatı barədə qərarda dəyişiklik edilməklə orqanizm funksiyasının 61-80 faizə uyğun gələn müddətsiz əlilliyin təyin edilməsinin cavabdehə həvalə edilməsi” formasına icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona döyüşlərdə iştirak etmiş şəxs kimi 3 qrup 2 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı hesab edir ki, ona əlillik düzün təyin edilməmişdir.Odur ki, təqdim edilən sənədlər nəzərə alınmaqla ona əlilliyin mövcud bütün xəstəliklər nəzərə alınmaqla düzgün təyin edilməsi xahiş edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 28 oktyabr 2022ci il tarixli göndəriş əsasında 2 il müddətinə üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi hallyusinoz, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, astiqmatizm diaqnozu ilə əlillik təyin edilmişdir. İddiaçı əlillik təyinatı barədə qərardan şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin bildirilmişdir ki, iddiaçı və cavabdeh arasında mübahisə predmetinə səbə olan hallar baş verməmiş, əlillik düzgün təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı barəsində əlilliyin təyinatı barədə qərar qəbul edilsə də həmin qərar iddiaçının məhz qəbul edilməsini arzuladığı inzibati akt hesab edilmədiyindən, hazırkı iddia məcburetmə növündə iddiadır. Belə ki, cavabdeh iddiaçı barəsində əlillik təyin etsə də, iddiaçının hüquqi marağı əlilliyin müddətsiz və orqanizmin əmək funskiyasının 61-80 faiz pozulmasına uyğun təyin edilməsi ilə əlaqədardır ki, həmin iddia isə AR İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə növündə iddiadır. Belə ki, maddənin tələbinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Necə ki, təhsil və miqrasiya mübahisələri üzrə müraciətin təminindən imtina barədə qərarın ləğvi formasında qərar mübahisələndirilərək diplomun tanınması və ya mənsubiyyətin tanınması formasında iddialar üzrə məhkəmə iddianın növü kimi məcburetmə iddiasını müəyyən edirsə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinin qismən təmini də qismən təminə dair qərarda dəyişiklik edilməsi də prosessual baxımından mübahisələndirmə kimi yox, məcburetmə kimi qiymətləndirməlidir. Hazırkı iş üzrə də iddiaçı əlilliyin təyinatı barədə müraciət etsə də onun arzuladığı əmək funskiyasının 61-80 faiz pozulmasına uyğun gələn müddətsiz əlillik təyin edilməmiş, əlillik 31-60 faiz göstəricisinə uyğun iki il müddətinə təyin edilmişdir ki, iddiaçı tərəfindən AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddianın predmetini təşkil edən arzuladığı, yəni müddətsiz və əvvəl qüvvədə olmuş Qaydalarla İİ qrupa uyğun gələn, yəni əmək funskiyasının 61-80 faiz pozulmasına uyğun gələn inzibati akt qəbul edilmədiyindən onu qəbul etmək vəzifəsi məhz məcburetmə iddia növündə məhkəmədən tələb edilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üzvi mənşəli şəxsiyyət pozuntusu, əsasında 2 il müddətinə orqanizmin funksiyasının 40 faiz pozulmasına görə əlillik təyin edilmişdir. Hərbi –Həkim Komissiyasının qərarından görünür ki, həmin xəstəliklər Komissiya tərəfindən də təsdiq edilmişdir. Arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır. 2 saylı Klinik Psixiatriya müəssisəsi tərəfindən verilmiş göndərişdən görünür ki, iddiaçı aşağıdakı xəstəliklərdən stasionar müalicədə olmuşdur. F.07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu H52.2-Astiqmatizm H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi M24.5- Oynaqların kontrakturası R26.8- Hərəkət və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları S62.0 Biləyin qalxanabənzər sümüyünün sınığı Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr Ekspert rəyində qeyd edilmişdir ki, göndərişdə qeyd edilən üzvi mənşəli şəxsiyyət pozuntusu, üvi hallyusinoz, baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, astiqmatizm diaqnozu şəxsin statisonarda müalicəsi zamanı klinik müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Aparılmış müalicə nəticəsində xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Cavabdehin əlilliyin təyinatına dair 07 noyabr 2022-ci il tarixli qərarından görünür ki, ona ilkin olaraq 40 faiz orqanizm funksiyalarının pozulması faizi ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitision quruluşunun müdafiəsi ilə əlaqədar psixi və davranış pozuntuları, simptomatik daxil olmaqla üzvü psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsinə əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması əsası ilə əlillik təyin edilmişdir. Məhkəmənin məktubuna cavabdeh olaraq cavabdeh 30 may 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq 530 nömrəli şəhadətnamədə göstərilən səbəb və diaqnozlar öz əksini tapmasa da, yanakı xəstəliyi, yəni üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik təyinatına əsas vermiş, bu səbəbdən ilkin göndəriş dövlət səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Daha sonra 2 saylı X1 yeni göndərişi əsasında Hərbi Həkim Komissiyasının 12 oktyabr 2022-ci il tarixli 16 nömrəi qərarına əsasən meyarların 7.6.2.1-ci bəndinə əsasən üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə iddiaçıya 07 noyabr 2022-ci il tarixdən 2 il müddətinə əlillik təyin edilmişdir. Cavabdehin əlillik vəziyyətinə dair məhkəmə sorğusuna 04 iyul 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının əlillik təyinatı Meyarların 7.6.2.1-ci bəndinə uyğun aparılmış, baş beynin zədələnməsi nəticəsində üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu nəzərə alınmaqla əlillik təyin edilmişdir. Digər xəstəliklər (astiqmatizm, ikitərəfli postravmatik koxlear nevrit, sağ əlin qayıqvari sümüyünün köhnəlmiş sınığı, qayıqvari-aypara sümüklərinin bağlarının cırılması, mil-bilək oynağının və barmaqların rigit bükücü-açıcı kontrakturası diaqnozu Meyarlara əsasən əlilliyin təyinatına əsas vermədiyindən faiz müəyyən edilməmişdir. Aralıq inzibati akta cavabdehin 04 dekabr 2023-cü il tarixli cavab məktubuna əlilliyin təyinatı barədə qərarın qüvvədə saxlanılmasına dair 27 noyabr 2023-cü il tarixli qərarda qey edilmişdir ki, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən üzvi mənşəli şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla kimi müəyyən edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia rədd edilməlidir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Hazırda qüvvədə olan qanunvericiliyin tələbindən də göründüyü kimi Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında cavabdeh tərəfindən şəxsin əlilliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən edilməkdədir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıda mövcud olan xəstəliklər cavabdeh tərəfindən həmin meyarlar əsasında düzgün olaraq qiymətləndirilmiş, ona ilkin olaraq 40 faiz orqanizm funksiyalarının pozulması faizi ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitision quruluşunun müdafiəsi ilə əlaqədar psixi və davranış pozuntuları, simptomatik daxil olmaqla üzvü psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsinə əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması əsası ilə əlillik təyin edilmişdir. İddiaçı isə əlilliyin müddətsiz və İİ qrupa, yəni orqanizm funksiyalarının 61-80 faiz arası pozulması halına uyğun olmaqla əlilliyin yenidən təyin edilməsini tələb etmişdir ki, məhkəmə hesab edir ki, əlilliyin göstərilən formada təyinatı ilə bağlı hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”nın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Göründüyü kimi 61-80 faiz orqanizmin funksiyalarının faiz göstəricisinin müəyyən edilməsi üçün xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı mütləqdir. Adıçəkilən Meyarların: 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:

2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:

2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:

2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:

2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı; İddiaçı da isə nə məhkəmə araşdırması zamanı, nə də inzibati orqan tərəfindən əlillik vəziyyətinin qiymətləndirilməsinə dair aparılmış araşdırma zamanı xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halı aşkar edilməmiş, iddiaçı özü də həmin halların mövcudluğu barədə əsaslı sübut təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının əlilliyi Meyarların 7.6.2.1-ci bəndinə uyğun olaraq aparılmışdır ki, həmin müddəaya əsasən baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) hallarında 35-60 faiz olmaqla əmək funskiyalarının pozuntusuna aiddir ki, həmin hal da 2 il müddətinə əlillik təyinatına əsas verir. Həmin xəstəliyin ağırlaşması məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ilə bağlı olduğu təqdirdə 65-80 faiz orqanizmin əmək funksiyasının pozuntusu halı yaradır ki, həmin halda belə əlillik 2 il müddətinə təyin edilir. Göründüyü kimi iddiaçıda mövcud olan baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusu halı iddiaçıda mövcud olan ağırlaşma ilə 2 il müddətinə 35-60 orqanizmin əmək funksiyasını 2 il müddətinə pozulması halına, 7.6.2.2-ci bənddə olan ağırlaşma isə 60-81 faiz orqanizmin əmək funksiyasının 2 il müddətinə pozuntusu halına uyğundur ki, hər bir halda iddiaçıda mövcud olan baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular, üzvi mənşəli şəxsiyyət pozuntusunun ağırlaşması əlilliyin müddətsiz təyinatına əsas vermir. İddiaçıda mövcud olan xəstəlik və onun ağırlaşması isə əlilliyin təyinatı barədə qərarda olduğu kimi 40 faiz orqanizmin əmək funksiyasının pozuntusu halına uyğun olmuşdur ki, iş materiallarında olan tibbi sənədlərdən, rəydən, cavabdeh tərəfindən aralıq inzibati akta dair aparmış olduğu araşdırma materiallarından göründüyü kimi iddiaçıda mövcud olan əlilliyin təyinatına əsas verən xəstəliklər nəzərə alınmaqla qanuni və əsaslı təyinat aparılmışdır. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar