Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1014/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 0.12 ha olan, 423 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nardaran bağ masivi ünvanında yerləşən, sahəsi 0.12 ha olan, 423 saylı bağ sahəsi verilmişdir, verildiyi vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2023-cü il tarixli **********53 nömrəli məktubla bildirilmişdir ki, order arxivdə aşkar edilməmişdir, sxdemdə əks edilməyib, ümumi hasar daxilindədir. Cavabdehin yanaşması tamamilə qanunsuzdur, beləki bağ sahəsi verildiyi vaxtda iddiaçının daimi istifadəsindədir, hasarlanmışdır, dövlət arxivində məlumatlar vardır, bu barədə arayışı cavabdehə təqdim etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, təqdim edilmiş 3 nömrəli orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 424 saylı torpaq sahəsinə, bir hissəsi isə nömrə qeyd olunmayan boş sahəyə düşür. Torpaq sahəsinin sərhəddindən 219 mm.lik qaz xətti keçir. xx.xx.2023-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən məlum olmuşdur ki, torpaq sahəsi ümumi 4759 kv.m təşkil edən sahə ilə ümumi hasar daxilindədir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 0,12 hektar olan 423 nömrəli torpaq sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun X1 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər XDS İK-nin bağ təsərrüfatının inkişafı və istismarı birliyinin 3 nömrəli xx.xx.1989-cu il tarixli orderində göstərilmişdir ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli qərarına əsasən Nardaran bağlar sahəsindəki 77 nömrəli BTK nəzdində 0.12 ha ölçüdə 423 saylı bağ torpaq sahəsi X3 ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-976/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş X4 barəsində keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarının 1-ci və sonuncu səhifələrinin və ona əlavə edilmiş 77 saylı Nardaran Bağ Tikinti Kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surətlərindən görünür ki: - Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına əsasən vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsinin ayrılması qərara alınmışdır. -Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarına əlavə edilmiş 77 saylı Nardaran Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında İddiaçı adı üçüncü sırada göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********70 nömrəli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 77 nömrəli BTK üzvlərinin siyahısının və yerləşmə sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********540 nömrəli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən torpaq sahəsinin (423 nömrəli bağ-topraq sahəsinin uyğun gəldiyi ərazi göstərilməklə) sxematik xəritəsinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki olaraq 0.4759 ha-dır, 3559 kv.m artıqdır. Bağ sahəsi qonşu bağlarla bir hasar daxilindədir, ara sərhəd şərtidir. Qonşu bağ sahəsinə dair 1 sənəd təqdim olundu, ərizəyə əlavə olundu. Tikili yoxdur. Yerli baxış zamanı nümayəndə ümumi hasarın şimal hissəsinin 1200 kv.m sahənin şərti göstərərək ona aid olduğunu bildirdi. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********68 nömrəli məktubu ilə Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 423 nömrəli torpaq (bağ) sahəsinin (ətrafında qonşu bağ nömrələri göstərilməklə) ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********81 nömrəli məktubu ilə göndərilmiş Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 424, 425 və 426 saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətindən görünür ki: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən ünvan 4 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan torpaq sahəsinə X6 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində, qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi ilə X8 arasında bağlanmış xx.xx.1990-cı il tarixli 13273 saylı müqaviləyə əsasən Bakı şəhər XDS-nin xx.xx.1986-cı il tarixli 2/585 sərəncamına əsasən Nardaran qəsəbəsində 0.12 ha 424 nömrəli bağ sahəsi X6 icarəsinə verilmişdir. -Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, MH seriyalı çıxarışına əsasən ünvan 5 ünvanında yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan torpaq sahəsinə tam xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2009-cu il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatının inkişafı və istismarı İdarəsi ilə X5 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 2510 saylı müqaviləyə əsasən Bakı ŞİH-nin xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamına əsasən Sabunçu rayonu, Nardaran ərazisində 0.12 ha 426 nömrəli bağ sahəsi X2 icarəsinə verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********53 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağların ərazisinə uyğun gəlir. Eyni zamanda bağın nömrəsi Bağlar Tikinti Korperativi sxemində əks olunmayıb. Bundan başqa, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli qərarı ilə X3 Sabunçu rayonu, Nardaran ərazisində 77 BTK tərkibində 0.12 ha ölçüdə 423 nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Bakı şəhər XDS İK-nin bağ təsərrüfatının inkişafı və istismarı birliyinin 3 nömrəli xx.xx.1989-cu il tarixli order verilmişdir. Beləliklə, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli qərarı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin 3 nömrəli orderi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində sahəsi 0,12 ha olan 423 №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Cavabdehin mübahsiləi torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: - elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. - torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 424 saylı torpaq sahəsinə, bir hissəsi isə nömrə qeyd olunmayan boş sahəyə düşür. - torpaq sahəsinin sərhəddindən 219 mm.lik qaz xətti keçir. - torpaq sahəsi ümumi 4759 kv.m təşkil edən sahə ilə ümumi hasar daxilindədir. - bağın nömrəsi Bağlar Tikinti Korperativi sxemində əks olunmayıb. -təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə ilk öncə cavabdehin etirazında qeyd etdiyi eyni nömrəli bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olmaması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir. İddiaçı tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. İddiaçı sözügedən 3 nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmin orderin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi olan Bakı şəhər XDS İK-nin xx.xx.1989cu il tarixli, 4/151 nömrəli qərarı isə Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Cavabdehin və Dövlət Arxivinin Bakı Filialının məhkəmənin sorğusuna cavab məktublar ilə təqdim edilmiş 77 nömrəli BTK üzvlərinin siyahısında iddiaçının adı mövcuddur. BTK-ya aid bölgü sxemin hansı tarixdə tərtib edildiyi müəyyən olmadığından, bölgü sxemin xx.xx.1989-cu ildə yaradılmış 77 nömrəli BTK üzvlərinin siyahısına aid olması da öz təsdiqini tapmır. Cavabdeh elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə istinad etsə də bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır. Belə ki, iddiaçının iddia etdiyi 423 nömrəli bağ sahəsi Nardaran bağ massivinə aid sxematik xəritədə əks olunmuş və məhkəmə sorğusu ilə cavabdeh tərəfindən 423 nömrəli bağ sahəsi, ətrafında 303, 424, 425, 422, 426 nömrəli bağlarla bir sırada yerləşdiyi hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, təqdim olunan ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 303, 300, 424, 425, 426 nömrəli bağ torpaq sahələrinin yerləşdiyi görünür. Başqa sözlə, cavabdeh tərəfindən təqdim edilən Nardaran bağ massivinə aid sxematik xəritə və ortofoto görüntünün müqayisəli şəkildə təhlili zamanı müəyyən edilir ki, iddia edilən torpaq sahəsi 303 nömrəli bağ sahəsi ilə 424 bağ sahəsinin arasında eyni sırada (istiqamətdə) yerləşir, yəni 423 nömrəli bağ sahəsinin eyni ərazidə yerləşməsi sübuta yetirilir. Həmçinin, qonşu bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlərdən yuxarıda qeyd edilən bağ sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdiyi müəyyən olunur. Belə olan halda cavabdehin bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bu əsasdan qeydiyyatın aparılmasından imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. Cavabdehin digər imtina dəlili ondan ibarətdir ki, torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 424 saylı torpaq sahəsinə, bir hissəsi isə nömrə qeyd olunmayan boş sahəyə düşür. Bununla bağlı bildirilir ki, məhkəməyə təqdim edilən ortofoto görüntüdən də görünür ki, həmin ərazi ümumilikdə 4759 kv.m ölçüdə ümumi hasar daxilindədir və 424 nömrəli bağ sahəsi qeydiyyata alındığı ölçüdə ərazinin cənub hissəsində yerləşir, daha sonra boşluq bir sahə gəlir, ərazinin şimal hissəsində isə iddia olunan 423 nömrəli bağ sahəsi yerləşir. Göründüyü kimi, iddia olunan torpaq sahəsi nömrəsi qeyd edilməyən boş sahədə yerləşsə də, rəsmiləşdirilən 424 nömrəli bağ sahəsi ilə hər hansı hissədə üst-üstə düşməsi öz təsdiqini tapmır. İddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Ümumi hasar daxilində yerləşən ərazi, eləcə də həmin ərazi daxilində iddia olunan 423 nömrəli bağ sahəsinin baş planı, həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir. İddia olunan torpaq sahəsinin sərhəddindən 219 mm.lik qaz xəttinin keçməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir ki, cavabdeh orqan bununla bağlı hər hansı sübut təqdim etməmiş, həmçinin 423 nömrəli bağ sahəsinin qonşuluğunda yerləşən 424, 425 və 426 nömrəli bağ sahələrinin eyni ərazidə yerləşməsinə baxmayaraq yuxarıda qeyd edildiyi kimi həmin bağ sahələrinə dair mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini formal imtina əsası kimi qiymətləndirir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 0,12 hektar olan 423 nömrəli bağ torpaq sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun X1 adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən sahəsi 0,12 hektar olan 423 nömrəli bağ torpaq sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1014/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1014/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver