Məhkəmə qərarları › İş №2-1(112)-10140/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10140/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10140/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh1 2 nömrəli poliklinikaya qarşı “əlillik dərəcəsinin müəyyən olunması üçün Forma 088 göndərişinin göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh1 2 nömrəli poliklinikaya qarşı “əlillik dərəcəsinin müəyyən olunması üçün Forma 088 göndərişinin göndərilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh1nə və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Forma 088-in təqdim edilməsi və ya müvafiq sistemdə yerləşdirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Biliyi Cavabdeh1 2 nömrəli poliklinikasını göstərməklə xx.xx.1989-cu il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X6" X8 2 nömrəli poliklinikasının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edirəm. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixdən 35 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 6 №li Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktı əsasında verilmiş 2276 saylı arayış ilə ona ümumi xəstəlik səbəbi ilə ikinci qrup əlillik təyin edilmişdir. Hazırda o, xroniki intersistal nefrit №18 2 xroniki böyrək xəstəliyi 2-ci mərhələ xəstəliyindən əziyyət çəkir. Ona əlillik təyin olunsa da, sonradan əlilliyi ləğv edilmişdir. Belə ki, 06 dekabr 2022-ci il tarixində Həkim Məsləhət Komissiyasının iclası zamanı onun diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsas verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Lakin göründüyü kimi ona eyni diaqnozla artıq əvvəlki tarixlərdə ikinci qrup əlillik təyin edilmişdir, bu imtina aktı tamamilə əsassız olmuşdur. Xəstəliyi ilə bağlı dəfələrlə müalicə almışdır. Məcbur olub yenidən 35 saylı şəhər poliklinikasına əlilliyinin bərpa olunması ilə bağlı müraciət etmişdir. 16 aprel 2024-cü il tarixli arayışla, xəstəliyi ilə bağlı son 2 il ərzində stasionar yatış olmaması səbəbindən ona stasionarda müalicə alması tövsiyyə edilmişdir. xx.xx.2024-cü il tarixdə terapevt tərəfindən xəstəyə BTM-də stasionar müalicə alması üçün göndəriş verilmişdir. X2 qəbul edib müayinə etmişlər, stasionar müalicəyə ehtiyacı olmaması bildirilmişdir və göndərişin üzərində qeyd aparılmışdır. Qeyd edilən xəstəliklərə görə dəfələrlə xəstəxanaya müraciət edib müayinə və müalicə olunmuş, bir neçə dəfə ambulator və stasionar müalicə almışdır. Əlilliyin bir daha müəyyən edilməsi məqsədi ilə 35 nömrəli şəhər poliklinikasının Həkim Məsləhət Komissiyasına müraciət etsə də, müraciətinə əsassız olaraq imtina cavabı verilmişdir. Cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. Hesab edirəm ki, X7 Komissiyası tərəfindən ekspertiza keçirilməli və qeyd olunan xəstəliklər üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin bəndlərinə uyğun olaraq qeyd edilmiş diaqnozun ikinci dərəcə əlilliyin təyininə əsas veribvermədiyi ətraflı araşdırılmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlərin iddiaya dair yazılı mülahizələri məhkəməyə daxil olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehlər müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda sonuncuya bildirilmişdir ki, onun əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərə əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdınlmış sənədlərlə qiymətləndirilməldə müəyyən edilir. O, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin iştirakı olmadan Tibbi - Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdınlmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh1 tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məkubda göstərilmişdir ki, 2 nömrəli poliklinika şöbəsinin endokrinoloji kabinetində "Şəkərli diabet tip İ" diaqnozu ilə dispanser qeydiyyatdadır. İmtiyazlı novarapit, revemir insulinləri ilə təmin olunur. Vətəndaş xx.xx.2025-ci ildə həkim-nevroloq (Diaqnoz: gərginlik tipli baş ağrısı), həkim-oftalmoloq (VisOD=0,2k/i-1,0 VisOS=0,2 k/i-1,0), həkim terapevt (Diaqnoz: xolesistit) müayinəsində olmuşdur. Agırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci ildə tarixli, 180 nomrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarlarına" uyğun olmadığı səbəbdən İddiaçı sənədləri həkim - məsləhət komissiyasına təqdim olunmamışdır. Vətəndaş ilə yenidən əlaqə saxlanılır. Vətəndaşa ətraflı müayinə və müalicə üçün Cavabdeh1nin endokrinoloji şöbəsində stasionar müalicə məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Мəнкəmə-Tibbi Ekspertiza və X3” X8 tərəfindən verilmiş 890/2025 saylı (ekspertizanın başlanma tarixi xx.xx.2025, ekspertizanın bitmə tarixi xx.xx.2025) rəyində qeyd olunmuşdur ki, 1989-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: qərardadda ekspertiza qarşısında qoyulmuş müvafiq bənd və yarımbəndlərdəki bütün suallar qiymətləndirmə meyarlarına aid olduqlarından onların cavablandırılması və tibb müəssisələrindən Forma 88 göndərişinin verilməsinin qiymətlənidirilməsi məsələsi Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası:

1. Ümumi müddəalar.

Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barədə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X4 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsinҝ nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən isə Forma 088 göndərişinin göndərilməməsinin əsası kimi əlilliyin müəyyən olunması meyarlarına uyğun olmadığına istinad edilmişdir. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. İddia tələbi ilə bağlı qeyd edilməlidir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, şəxsin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Başqa sözlə desək, əlilliyin qiymətləndirilməsi üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin qiymətləndirilməsi ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyətidir. Belə ki, əlilliyin qiymətləndirilməsi istiqamətində əhəmiyyət kəsb edən forma 088 adı altında olan göndəriş müvafiq səhiyyə müəssisələri tərəfindən tərtib olunur. Səhiyyə müəssisələrinin məsul şəxsləri bu sahədə xüsusi biliyə və ixtisaslaşmış təcrübəyə malik olan şəxslər olduğundan, onlar göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar. Eyni zamanda nəzərə alınmalıdır ki, şəxsdə xəstəlik və diaqnozun qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlər verilməməsi cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsilə bağlı xüsusi şərt nəzərdə tutulmuşdur. Başqa sözlə desək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.3-cü bəndində təsbit edilmişdir ki, əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla şəxsin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər verilməlidir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati Prosessual Məcəlləsinin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş imtinanın təsdiqlənməsi üçün inzibati orqan imtinanın əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü İddiaçı əlillik dərəcəsinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına Forma 088 göndərişinin göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X6" X8 2 nömrəli poliklinikasının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar