Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10141/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müraciətə cavab verilməsi” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddiaçıya lazım olan cavabların (Bakı Avtomobil Zavodu neçənci ildə idarəetməyə verilmişdir, hansı illərdə idarəetmədə olmuşdur, neçənci ildə Bakı Avtomobil ASC-yə çevirilmişdir və Bakı Avtomobil Sənaye ASC-nin vergi hesabatları ilə bağlı məlumatlar) verilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 20 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyinə və İqdisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə sorğular ünvanlayaraq səhmdarı olduğu "xxxx"xxxx"neçənci ildə ASC-yə çevirildiyi, neçənci ildə idarəetməyə verildiyi və hansı illər idarəetmədə olduğu”na dair məlumatları verilməsini xahiş etmişdir. Müraciətdən bir aydan çox vaxt keçməsinə baxmayaraq Vergi Xidməti sorğuya cavab verməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 may 2024-cü il tarixli 3-21-3/2-6969/2024 saylı məktubunda verilən cavablar isə iddiaçının sorğusu ilə uzlaşmır və bir-birini təkzib edir. Cavabda qeyd edilir ki "zavod 22 mart 2001-ci ildə özəlləşdirilərək Səhmdar Cəmiyyətə çevirilmişdir", növbəti abzasda qeyd edilmişdir ki, "Səmdar Cəmiyyət 28 dekabr 2021-ci ildə "X1 və Koordinasiya Mərkəzi"xxxx". Sonuncu cümləsində isə iddiaçının ASC-yə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı dəfələrlə ASC-yə müraciət etmişdir. Aldığı cavablar onu qane etməmişdir. Ona görə də o, məcbur qalaraq İqdisadiyyat Nanzirliyinə və Nazirliyin Vergi Xidmətinə müraciət etmişdir. İddiaçı mülkiyyət hüququnu qorumaq və bu hüquqlarından qanunun ona verdiyi hüquqla istifadə etmək üçün kimə müraciət edəcəyini artıq bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia tələbinə münasibətdə vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əsasən vətəndaş İddiaçı Alqadunoviç adından Dövlət Vergi Xidmətinə hər hansı müraciət daxil olmamışdır. Lakin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 38 saylı Vəkil Bürosundan "xxxx" ASC-nin (VÖEN **********) fəaliyyəti barədə məlumatların təqdim edilməsinə dair sorğu daxil olmuş, həmin sorğu aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Həmin baş idarə tərəfindən müvafiq müraciət xx.xx.2024-cü il tarixdə **********081200 nömrəli məktubla cavablandırılmışdır. iddiaçının tələbin cavabdehin üzərinə "ona lazım olan cavabların verilməsi öhdəliyinin" qoyulması olsa da, iddiaçı həmin tələbini qanunvericiliyin norması baxımından əsaslandırmamış, cavabdehin onun hər hansı hüquqlarını və ya qanunla maraqlarını pozduğuna dair dəlillər gətirməmişdir. İddiaçı hansı hüquqların və ya qanunla qorunan hansı maraqlarının Dövlət Vergi Xidməti tərəfindən pozulduğuna, cavabdehin yerinə yetirməsini tələb etdiyi öhdəliyinin qanunvericiliyin konkret olaraq hansı normasında nəzərdə tutulduğuna dair dəlil və ya sübutlar təqdim etməmişdir. Nəticədə cavabdeh qismində göstərilən vergi orqanının hansı hərəkətləri və ya hərəkətsizliyi iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı aydın ifadə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Başqa sözlə, iddiaçı irəli sürdüyü iddia tələbi ilə onun xeyrinə olan halın yaranmasını, yəni hüquqi və ya faktiki, o cümlədən maddi vəziyyətinin yaxşılaşdırılmasını arzulayır. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Məhkəmə xüsusi ilə bir məqama toxunmaq istəyir ki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun müraciətlərinə cavabdehlər tərəfindən düzgün cavab verilməsidir. İddiaçının qeyd olunan tələbi üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən iddiaçının müraciətlərinə cavab verilmiş, cavablar aşağıdaki mətnlər formasında təqdim olunmuşdur: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Maşınqayırma sənayesi müəssisələrinin özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli 647 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 27 noyabr 2001 -ci il tarixli 242 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin tabeliyində olan Bakı Avtomobil zavodu səhmdar cəmiyyətinə çevrilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) adlandırılmışdır. Məlumat üçün bildirilir ki, Cəmiyyətin səhmlərinin bir hissəsi (0,77%) özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan səhmləri (99,23%) Xidmətin 28 dekabr 2021 -ci il tarixli 228 nömrəli sərəncamına əsasən Xidmətin tabeliyində “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin idarəetməsinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və Cəmiyyətin Nizamnaməsinə uyğun olaraq Cəmiyyət müstəqil təsərrüfat subyekti olmaqla, maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn, həmçinin səhmdarların hüquq və vəzifələrinə dair məsələlər müəssisə tərəfindən sərbəst şəkildə tənzimlənir. Müraciətdə göstərilən digər məsələlər ilə əlaqədar aidiyyəti üzrə Cəmiyyətə müraciət olunması məqsədəuyğun hesab edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş məktubda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin (VÖEN **********) fəaliyyəti barədə hər hansı məlumat kommersiya sirri hesab olunduğundan qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi cavabdehlər tərəfindən iddiaçının müraciətlərinə rəsmi baxılmış, həmin müraciətlər üzrə "xxxx" ASC barəsində müvafiq məlumatlar təqdim edilmiş, yalnız vergi hesabatları ilə bağlı məlumatları kommersiya sirri olması səbəbi ilə həmin məlumatların təqdim olunmasından imtina olunmuş, aidiyyəti üzrə "xxxx" ASC-yə müraciət olunması tövsiyyə olunmuşdur. Faktiki olaraq cavabdehlər iddiaçının müraciətlərinə münasibətdə hərəkətsiz mövqeyi nümayiş etdirməmişdirlər. Başqa sözlə desək cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğunu, sonuncunun hazırki tələb üzrə hüquqi müdafiəyə ehtiyac meyarı müəyyən olunmamışdır. İddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı müraciəti ilə bağlı əlavə olaraq bildirilir ki, sonuncu həmin müraciəti aidiyyəti üzrə Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmışdır. Lokal Gəlirlər Baş İdarəsi isə məlumatların kommersiya sirri olması səbəbi ilə təminindən imtina etmişdir. İddiaçının bu məlumatları tələb etmək üçün subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi üçün aşağıdaki qanunvericiliyin müddəaları ilə təhlil edilməli, məlumatların kommersiya sirri olub-olmaması istiqamətində araşdırma aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 30.1. Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. 30.2. Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur: 30.2.1. vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 30.2.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 30.2.3. müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında; 30.2.4. vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında. 30.2.5. vergi ödənişləri üzrə borclar. 30.2.6. hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla). 30.2.7. vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında; 30.2.8. bu Məcəllənin 16.3-cü maddəsinə uyğun olaraq vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında; 30.2.9. vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında. 30.3. Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Kommersiya və (və ya) vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya və (və ya) vergi sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. 30.4. Vergi orqanına daxil olmuş və kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər. 30.5. Kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanunun: 2.0.1. kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlar; 4.1. Aşağıdakılar istisna edilməklə, hüquqi və fiziki şəxslərin bu Qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir: 4.1.1. dövlət sirrini təşkil edən məlumatlar; 4.1.2. təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla); 4.1.3. sahibkarlıq fəaliyyətinin bəzi növləri ilə məşğul olmaq hüququ verən lisenziyalar haqqında məlumatlar; 4.1.4. qanunvericilikdə nəzərdə tutulan hallarda auditor rəyi daxil olmaqla maliyyə hesabatlarında olan məlumatlar; 4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunmayan məlumatlar; 4.1.6. əməyin ödənilməsi formaları və məbləği barədə, əmək haqqı və sosial ödənişlər üzrə borclar, işçilərin say tərkibini, boş iş yerlərinin mövcudluğunu əks etdirən məlumatlar; 4.1.7. patent və digər mühafizə sənədləri ilə qorunan əqli mülkiyyət obyektləri haqqında məlumatlar; 4.1.8. qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qiymətli kağızların emitenti, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, mərkəzi depozitar, səhmdar investisiya fondu və investisiya fondunun idarəçisi tərəfindən açılmalı olan məlumatlar; 4.1.9. qeyri-kommersiya təşkilatlarının fəaliyyəti barədə məlumatlar; 4.1.10. özəlləşdirmənin dövlət proqramının həyata keçirilməsi və konkret obyektlərin özəlləşdirmə şərtləri barədə məlumatlar; 4.1.11. hüquqi şəxsin ləğvi və onun kreditorları tərəfindən tələblərin irəli sürülməsi qaydası və müddəti barədə məlumatlar; 4.1.12. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən barəsində məsuliyyət növü nəzərdə tutulan əməllərə dair məlumatlar ; 4.1.13. ekoloji və antiinhisar qanunvericiliyinə əməl olunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığına ziyan vura bilən məhsulların satışı ilə bağlı məlumatlar; 4.1.14. kommersiya sirri rejiminin qoyulması qüvvədə olan qanunvericiliklə məhdudlaşdırılan məlumatlar; 4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar; 4.1.16. qanunvericiliyə əsasən kommersiya sirri hesab edilməyən digər məlumatlar. Kommersiya və ya vergi sirri dedikdə, vergi ödəyicisinin razılığı ilə aşkar edilən, VMnin 30.2-ci maddəsində və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində səciyyələnmiş məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat başa düşülür. Vergi orqanları və onların vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludur. Kommersiya və ya vergi sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir. Qeyd olunmalıdır ki, kommersiya (vergi) sirrini təşkil edən məlumatların açılmasına görə hüququ pozuntusu subyeklətlərinin onlar üçün hüquq normaları ilə nəzərdə tutulmuş əlvərişsiz vəziyyətə düşməsi ilə nəticələnir. Adı çəkilən hüquq pozuntularının törətdiyi nəticələrə görə hüquq pozuntusuna yol vermiş şəxslər inzibati məsuliyyətinə cəlb edilə bilərlər. Məhkəmə diqqətə çatdırır ki, kommersiya və ya vergi sirrini təşkil edən məlumatların açılması yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkündür. Qeyd olunmalıdır ki, qanunvericilik kommersiya və ya vergi sirrinin açılmasına görə məsuliyyətin tətbiqini dəqiq müəyyən etmiş, həmçinin kommersiya və ya vergi sirri olmayan məlumatların əhatə dairəsini konkret olaraq təsbit etmişdir. İddiaçı isə "xxxx" ASC-yə aid vergi hesabatlarını tələb etmişdir ki, həmin hesabatların bütünlüklə təqdim edilməsi həmin məlumatların kommersiya sirri olması əsası ilə qeyri-mümkündür. İddiaçı bu məlumatları tələb etməkdə subyektiv hüquqa da malik olmamışdır. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin tələblərində vergilər üzrə kommersiya və ya vergi hesab olunmayan məlumatlar yalnız vergi qanunvericiliyinin pozulub-pozulmamasını, eləcə də qanun pozuntusuna görə məsuliyyətə cəlb olunubolunmaması, vergi ödənişləri üzrə borcun yaranıb-yaranmamasını; vergi ödəyicisi kimi, o cümlədən ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasını; vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyətinin, həmçinin vergi tutulan əməliyyatlarının dayandırılıbdayandırılmamasını, eyni zamanda riskli vergi ödəyicisi olub-olmamasıdır ki, iddiaçı öz müraciətində bu məlumatları deyil, müəssisəyə aid bütün vergi hesabatlarını tələb etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı həmin məlumatları tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Göstərilənlərə əsasən Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının müraciətlərinə cavabdehlər tərəfindən rəsmi cavab verildiyindən, həmçinin kommersiya sirrinə aid olan məlumatların tələb edilməsi hissəsində isə o, subyektiv hüquqa malik olmadığından, hazırki iddia tələbi subyektiv hüquq və hüquq marağın aydın olmaması əsası ilə mümkünlük şərtlərinə cavab vermir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müraciətə cavab verilməsi” tələbinə barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10141/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10141/2024
10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver