Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10145/2022 21.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı "DOST” Mərkəzinə müraciət etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) iddiaçının tələbini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlandığı **********2 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, xx.xx.1981-ci il tarixində adına açılmış ИT-l №0456054 saylı əmək kitabçasına əsasən sığorta stajı 22 il 3 ay təşkil edir ki, qanunla tələb olunan sığorta stajından (25 ildən) azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək isə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, bu məqsədlə “Gəncə-Qənnadı" ASC-yə yazılı müraciət edilmişdir. Lakin sözügedən müəssisə özündə saxlanılan arxiv sənədlərini təqdim etməkdən imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək qeyd olunmuş “Gəncə-Qənnadı" ATSC-nin arxiv sənədləri X4 filialına təhvil verilməmişdir. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" ATSC-də karamel sexinin maşinisti vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2021-ci il tarixdən, 63 il 6 ay müddətdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 09 yanvar 1981-ci ildə başlamışdır və əmək fəaliyyətinə başladığı müddətdən hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında edilmişdir. İddiaçı 63 yaş 6 ay müddət tamam olduqdan sonra ona əmək pensiyası təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və ona imtina cavabı verilmişdir. xx.xx.1992ci il tarixdən xx.xx.2003-cü il tarixinədək qeyd olunmuş "xxxx" ATSC-nin arxiv sənədləri X4 filialına təhvil verilməməsi səbəbindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi onun hüquqlarını pozur. Belə ki, əmək kitabçasında qeyd olunmuş ümumi əmək stajı cavabdehin hesablamalarına görə 22 il 3 ay hesablanmış, 2 il 9 ay müddət tamam olmadığından, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Lakin xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək qeyd olunmuş "xxxx" ATSC-də işlədiyi dövrlərin ümumi əmək stajına hesablanmaması səbəbindən, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsini qanunsuz hesab edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********1 nömrəli iddiaya etirazında bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının mövcud stajının 25 ildən az olması ilə yanaşı ona avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi də qeyri-mümkündür. Çünki avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmalıdır. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-dəki əmək fəaliyyəti dövrü ilə bağlı məsələ qeyrimüəyyəndir. Sənədlərin arxivə təhvil verilməməsi isə iddiaçının həmin dövrdəki əmək fəaliyyətini şübhə altına alır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edən iddiaçının səlahiyyətli inzibati orqana ünvanlanmış hazırkı tələbi məcburetmə haqqında iddia növünə uyğun olmaqla inzibati mübahisədir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə (İPM), maddə 2.2.2). İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş (İPM, maddə 33.2), ona imtina cavabı verildikdən sonra məhkəmədə iddia qaldırmışdır (İPM, 38.2). İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2014-cü ildə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli 115 saylı qərarı ilə iddiaçıya xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək əlillik dərəcəsi müddəti bitdiyi və əmək pensiyası yaşına çatdığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, ərizədə əlilliyə görə aldığı əmək pensiyasının məbləğinin azala biləcəyi və əlillik dərəcəsinin bərpa edildiyi təqdirdə əlilliyə görə əmək pensiyası növünə keçə bilməyəcəyi barədə ona ətraflı məlumat verildiyini qeyd etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərarla iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrü sığorta stajına daxil etməyərək, iddiaçının sığorta stajının 25 ildən az, 22 il 3 ay olmasına istinad edərək iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 61 ildir. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2018 - 30 iyun 2019-cu il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 61 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuş, onun xx.xx.2019-cu il tarixə 61 yaşı tamam olmuşdur. Deməli, iddiaçı xx.xx.2019-cu il tarixdə qadınlar üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı məhkəmə qeyd edir ki, ƏPQ-nin 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 3 ay 1 gün sığorta stajına uyğun olaraq 16078,07 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 17245,17 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (iddiaçının əmək kitabçasındakı bütün qeydlər nəzərə alınsa belə, həmin məbləğ əldə olunmur), həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin tarixə azı 25 il sığorta stajı olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı il tarixdə “Kirovabad Çörək-Qənnadı” fabrikində karamel sexinə köməkçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.1985-cı il tarixdə “Kirovabad Çörək-Qənnadı” fabrikinin adı “Kirovabad Qənnadı” fabrikinə dəyişdirilmiş, iddiaçı xx.xx.1986-cı il tarixdə həmin yerdə karamelçi vəzifəsinə, xx.xx.1986-cı il tarixdə isə maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.1998-ci il tarixdə Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 714 nömrəli əmrinə əsasən "xxxx" fabriki "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdə ƏM-in 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. Əmək kitabçasındakı bu qeydlərə əsasən iddiaçının cəmi 26 il 3 ay 6 gün ümumi iş stajı olmuşdur ki, bu da qanunla tələb olunan 25 ildən artıqdır. Lakin işdən görünür ki, cavabdeh bu dövrlərdən xx.xx.1998-ci il tarixdən xx.xx.2003cü il tarixinədək olan dövrü arxiv sənədlərini yoxlamaq mümkün olmadığından qəbul etməmişdir. Məhkəmə cavabdehin bu hərəkəti ilə razılaşmır və qeyd edir ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********27 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 981 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X3 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1998-ci il tarixinə hazırlanmış sənədlərə əsasən iddiaçı X1 adı əmək kollektivinin üzvü kimi (vəzifəsi - karamelçi, işə qəbul tarixi-xx.xx.1976-cı il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Həmçinin iddiaçıya ilkin olaraq əlilliyə görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən onun işlədiyi dövrlər yerində yoxlanılmış və xx.xx.2014-cü il tarixdə yoxlama aktı tərtib edilmişdir. Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhər Nizami rayon şöbəsinin məsləhətçisi Elçin Məmmədov və "xxxx" ATSC-nin kadrlar şöbəsinin rəisi N.Verdiyevanın iştirakı ilə tərtib edilmiş həmin yoxlama aktından görünür ki, yoxlama zamanı heç bir qanuna uyğunsuzluq aşkar edilməmişdir. İddiaçı xx.xx.1976-cı ildə 125 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.2003-cü ildə 1 nömrəli əmrlə işdən azad edilmişdir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir: 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək əmək kitabçasındakı qeydləri əsas götürərək həmin dövrü iddiaçının sığorta stajı kimi qəbul edir. Belə olan halda iddiaçının 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixə 25 ildən artıq, 26 il 3 ay 6 gün ümumi iş stajının olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin olunmalıdır. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10145/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10145/2022
21.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver