Məhkəmə qərarları › İş №2-1(112)-10145/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10145/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10145/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “evin bölgü sxeminə uyğun bölünməsi və yeni ünvanın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 690,00 kv.metr torpaq sahəsinin Dövlət Kadastrı və Reyestrində Qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abdullayeva (Baqvanova) X21 babası X25 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən əmlak xx.xx.2014-cü il tarixdə Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və X26 vərəsələrinə ¼ pay ayrılmışdır. X1 2014-cü ildə vəfat etmiş və onun ¼ hissəli payı X4r və X9 hal-hazırda İzraildə yaşayır. Payçılardan X8 digər payçıların razılığı ilə payına düşən torpaq sahəsinin ¼ hissəsini mişar daşı ilə hasara almışdır. X2 2010-cu ildə vəfat etmiş və onun ¼ hissəli payı həyat yoldaşı X3 istifadəsindədir. İddiaçı Abdullayeva {Baqvanova) X27 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 713,40 m2 torpaq sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********46 № li bildirişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 773.10 m2 torpaq sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. İmtinaya səbəb kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən Texniki Pasportda hüquq sahibi kimi adı qeyd olunmuş şəxslə X10 arasında əlaqəli sənədin təqdim edilməməsi, torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi, torpaq sahəsinin perimetrik ölçü fərqinin mövcud olması və torpaq sahəsinin faktiki 690,00 kv.m. təşkil etməsi göstərilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən torpaq sahəsini Dövlət Reyestrində Qeydiyyata almamasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respubliksinin Qanununun tələbləri təmin edildiyindən cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh formal əsaslara istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almamaqla iddiaçının torpaq üzətində gözlənilən mülkiyyət hüquqlarının reallaşdırılmasına maneəçilik törədir. Cavabdehin imtinası iddiaçının və digər payçıların hüquqlarının pozulması halı kimi qiymətləndirilir. İddiaçı və digər payçılar sözügedən torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olduğu üçün qanunvericilik normalarına əsasən onun torpaq sahəsi üzərində sahiblik hüququna təminat verilməlidir.

3. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.07134 kv.m qeyd olunsa da, faktiki 0,0690 kv.m təşkil edir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1963-cü il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə X11 arasında əlaqəli sənəd təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə (Balaxanı Əməliyyat Şirkəti) yerləşir. O cümlədən texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.07134 kv.m qeyd olunsa da, faktiki 0,0690 kv.m təşkil edir.

5. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hüquqların dövlət qeydiyyatına haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X29 küçəsi, ev 9 ünvanında yerləşən ümumi sahəsi 277.1 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququ 1/4 hissədə X5 adına, 1/4 hissədə X6 adına, digər 1/4 hissədə X7 adına qeydiyyata alınmış, qalan 1/4 hissədə isə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Ümumi ölçüsü 0.0319 hektardan ibarət torpaq sahəsi üzərində paylı müıkiyyətçilərin istifadə hüququ qeydiyyata alımışdır.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

İİ. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair Qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. Hazırda tələb iddiaçının paylı mülkiyyət hüququ üzrə torpaq sahəsinin ona məxsus hissəsinin bölünməsi və həmin hissəyə ayrıca yeni ünvanın (çıxarışın) verilməsidir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 144.5-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

14. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın 3.2.5-ci bəndinə əsasən daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə daşınmaz əmlak obyektinə yeni ünvan verilir.

15. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən torpaq sahəsindən istifadə ilə bağlı İddiaçı və digər paylı mülkiyyətçilər arasında mübahisə mövcuddur və həmin mübahisə mülki xarakterlidir. Belə ki, torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi 1/4 hissədə iddiaçının, qalan 1/4 hissələrdə isə digər paylı mülkiyyətçilərin mülkiyyətindədir və faktiki olaraq fərdi yaşayış evi digər paylı mülkiyyətçilərə məxsus fərdi yaşayış evinin bir hissəsi olmaqla, eyni torpaq sahəsində yerləşməklə hasarlanmışdır. Sözügedən əmlaka dair digər payçılar tərəfindən imzalanaraq razılaşdırılmış bölgü sxemi isə təqdim edilməmişdir. Odur ki, qeyd edilən şəraitdə yaşama ilə əlaqədar torpaq sahəsinin bölünərək yeni ünvanla çıxarış verilməsi üçün səmərəli hüquq müdafiə vasitəsi mülkiyyətçinin öz payının naturada ayrılması ilə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciətdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15-ci hissəsində qeyd olunur: İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir (bənd 15.1). İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (bənd 15.2). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (bənd 15.3).

17. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar