Məhkəmə qərarları › İş №2-1(112)-10146/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10146/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10146/2023 01.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə inzibati işə 1 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh MMC (bundan sonra – cavabdeh) ********** nömrəli VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun Dövlət Sosial Müdafiə Fonduna 720000 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona xx.xx.2023-cü il tarixli bildiriş verilmişdir. Borc ödənilmədiyinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin borcuna görə dəyəri 120000 manat məbləğində 6 ədəd “DAEWOO BS 090 AVTOBUS” markalı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 612547,19 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 720000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc DSMF-yə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehin borcu ödənilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək hazırkı işdə qeyd edilən protokol üzrə cavabdehin borcunun ödənildiyini qeyd etmiş, ərizəyə ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, hazırki iddianın növü İPM-in 2.2.7-ci maddəsinə nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddiadır. Belə iddialarda isə inzibati orqanın iddiaçı kimi çıxış etməsi mümkündür. Bu cür yanaşma “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli 10 № li qərarında ifadə edilmiş hüquqi mövqedən irəli gəlir. Həmin qərarın 10-cu bəndində qeyd edilmişdir ki, ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər. Baxılan işdə də, inzibati orqan olan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ Vergi Məcəlləsinin 90.1-ci maddəsində təsbit edilmişdir. Eyni zamanda hazırki iddia tələbi ilə cavabehin mülkiyyət hüquqlarına məcburi müdaxilə halı baş verdiyindən bu yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Bu cür hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli qərarındada ifadə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “...vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin mülkiyyətində olan əmlakın siyahıya alınaraq ixtisaslaşdırılmış təşkilatda satılması mülkiyyətçinin Konstitusiya ilə təsbit olunmuş mülkiyyətində olan əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına toxunduğu üçün vergi qanunvericiliyində həmin əmlakın alınmasının xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən vergi öhdəliyini yerinə yetirməyən vergi ödəyicisinin mülkiyyətində olan əmlakın hərracda satılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı mübahisə vergi ödəyicisi olan cavabdehin vergi borcunun ödənilməsini təmin edilməsi üçün siyahıya alınmış əmlakın satılması ilə bağlıdır. Əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh məhkəmə mübahisəsinin predmeti olan tarixə, yəni xx.xx.2023-cü-ci il tarixə DSMF-yə olan borcunu ödəmişdir. Belə ki, baxılan iş üzrə borc məbləği göstərilən tarixə DSMF-yə 612547,19 manat olmuşdur. İddiaçı məhz həmin tarixə və həmin məbləğdə olan vergi borcunun ödənilməsinin təmin üsulu üçün, cavabdehin əmlakını siyahıya almışdır. Lakin cavabdehin təqdim etdiyi qəbzlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən 4.04.2023-cü il tarixli, **********6 № li protokol üzrə, xx.xx.2023-cü il tarixli qəbzlə 400000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 75000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 75000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 25000 manat, 6.11.2023-cü il tarixli qəbzlə 15000 manat və 7.11.2023-cü il tarixli qəbzlə 22547,19 manat, ümumilikdə 612547,19 manat DSMF-nin hesabına, X1 ödənişlər etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən hazırkı iddia tələbi üzrə qəbul edilmiş qərarın predmeti olmuş borc məbləğləri ödənilmişdir. Borc məbləği ödənildiyindən, borcun təminatı qismində siyahıya alınmış əmlakın satılmasına dair iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar