Məhkəmə qərarları › İş №2-1(112)-10149/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10149/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10149/2025 09.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçılar İddiaçı10, İddiaçı2 və İddiaçı8-in vəkili X1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respubliklası Dövlət Miqrasiya Xidmətinin məktubları əsasında onlara qarşı tələbinin və həmin tələbdən irəli gələn imtinasının əsassız sayılması, X4, Sultanı Yasamin, Sultani İddiaçı4, İddiaçı5, İlyas Qurbani, Donya İmami, Yusif İmami, Hamid Mohammadi, Madina Mohammadi, Atifi Rana, Nazari İlyas və Ezatullahi Sara-nın vətəndaşlıq mənsubiyyətlərinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respubliklası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 (X5-ın valideyni), İddiaçı2 (Sultani Yasamin-in valideyni), İddiaçı3 (Sultani İddiaçı4-ın valideyni), İddiaçı4 (Surayya və İlyas Qurbaninin valideyni) və İddiaçı5 (yetkinlik yaşına çatdığından maraqlarını özü müdafiə edəcək), İddiaçı6 (Donya və Yusif İmaminin valideyni), İddiaçı7 (Hamid və Madina Mohammadinin valideyni), İddiaçı8 (Atifi Rananı valideyni), İddiaçı9 (Nazari İlyasın valideyni) və İddiaçı10 (X2 valideyni), 2000-ci illərdə Əfqanıstandan Azərbaycan Respublikasına gəlmiş və burada sığınacaq tapmış Əfqanıstan vətəndaşları Azərbaycan Respublikası ərazisində 30 may 2014-cü il tarixə qədər doğulmuş övladlarının Azərbaycan Respublikası vətəndaşlığı almaları üçün ASAN Xidmətə müvafiq sənədləri təqdim etmişdirlər. Lakin müraciətə onlara Dövlət Miqrasiya Xidməti tərəfindən müraciətlərinin baxılması ilə bağlı müddət axımının dayandırılması barədə qərar cavabı gəlmişdir. Qərarın qəbul edilməsi səbəbi isə övladlarının digər ölkə (Əfqanıstan İslam Respublikası) vətəndaşı olub-olmamalarını təsdiq edən rəsmi sənədin Dövlət Miqrasiya Xidmətinə təqdim edilməməsi göstərilmişdir. Övladlarının doğum faktlarının təsdiqi isə müxtəlif şəhər və rayonların (Sumqayıt, Binəqədi, Nəsimi və s.) Qeydiyyat Şöbələri tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrdə öz əkslərini tapır. Əfqanıstanda hazırkı siyasi vəziyyət DMX tərəfindən tələb olunan arayışın alınmasında çətinlik yaradır. Bu barədə Əfqanıstan İslam Respublikasının Səfirliyinə müraciət etdikdə, bildirilir ki belə məsələlər ilə bağlı ƏİR paytaxtı Kabula sorğu göndərilir. Lakin qeyd edək ki, həmin sorğulara cavab gəlmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə gəlməyən digər iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı10, İddiaçı2 və İddiaçı8-in vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. İPM-in: 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; 30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İş materiallarından görünür ki, iddiaçılar uşaqlarının Azərbaycan Respublikasınln vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edərək cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən hər birinə ayrıca icraatda baxılaraq qərar qəbul edilmişdir. Belə ki, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. Göründüyü kimi, iddiaçıların qohum və ya başqa cür əlaqəli olmaları Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması barədə iddia irəli sürməkdə onların birgə iddiaçı qismində inzibati məhkəmə icraatında iştirak etməsinə əsas vermir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin izah edir ki, iş üzrə iddiaçılar ayrı-ayrılıqda iddia irəli sürməklə ehtimal etdikləri hüquqlarının müdafiəsini həyata keçirə bilərlər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar