Məhkəmə qərarları › İş №2-1(112)-1015/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1015/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1015/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC-də fəaliyyət göstərdiyi üçün ödənilmiş pensiya sığortasının pensiya kapitalına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun əmək pensiyasının yenidən hesablanması haqqında cavabdehin 23 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçı yenidən iddia tələbini dəqiqləşdirərək cavabdehin 18 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9974/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-də fəaliyyət göstərdiyi üçün ödənilmiş pensiya sığortasının pensiya kapitalına əlavə olunması ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya 24 aprel 2001-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Əmək pensiyasının fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün iddiaçının 17 oktyabr 2022-ci il tarixində Mərkəzi Filiala müraciəti daxil olmuşdur. Bununla əlaqədar, əmək pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına və həmin tarixdəki yaşına uyğun qaydada hesablanmalı olduğu halda, yuxarıda göstərilən tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 72 aya bölünərək pensiyası 467,48 manat (1 yanvar 2024-cü il tarixindən 650,50 manat) məbləğində müəyyən edilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra Mərkəzi Filiala müraciət etdiyi 17 oktyabr 2022-ci il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı 16512,55 manat təşkil etmişdir. Həmin 16512,55 manat pensiya sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 131 aya bölünməklə (16512,55:131 ay (65 il-60 il 1 ay=59 ay+72 ay (144 ay-72 ay))=126,05 manat) həmin tarixədək mövcud olmuş pensiyasının (425,27 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 551,32 (425,27+126,05) manat məbləğində hesablanmışdır. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 593,85 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 681,15 manat, növbəti dəfə 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilmə nəticəsində 757,44 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ötən dövr üzrə ümumilikdə 1576,06 manat fərq məbləği ödənilməli olduğu halda, 893,35 manat ödənilmişdir. Buna görə də, iddiaçıya artıq ödənilmiş 317,29 (1893,35-1576,06) manat pul vəsaiti müəyyən edilmişdir. Həmin 317,29 manat cari ilin avqust ayından etibarən hissəhissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1992-ci ildə anadan olmuşdur. O, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatdadır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Balakən şəhəri 3 saylı Tikinti-quraşdırma sahəsində suvaqçı, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Balakən şəhəri 3 saylı Tikintiquraşdırma sahəsində suvaqçı, xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət etmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Bakı Dövlət Universitetində 3 saylı tədris binasına fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi Kanalizasiya Nasos X1 19 saylı nasos stansiyasına İV-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi Kanalizasiya Nasos X1 19 saylı nasos stansiyasına İV-cü dərəcəli nasos qurğuları maşinisti peşəsinə qəbul olmuş, xx.xx.2012-ci il tarixdə Bakı Sukanal İdarəsinin xx.xx.2011-ci il tarixli, 618/K saylı əmrinə əsasən kollektorlar və nasos stansiyası istismarı departamentinin 4 saylı kanalizasiya stansiyasına nasos qurğuları maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2013-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.2013-cü il tarixdən bugünədək "xxxx" ASC Bakı Sukanal İdarəsinin 4 saylı Kanalizasiya nasos Stansiyasında 4-cü dərəcəli nasos qurğuları maşinisti peşəsində işləyir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası 37.3.2-1-ci maddəsinə əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 467 manat 48 qəpik təşkil etmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-2167/2024 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası 37.3-cü maddəsinə əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 773 manat 51 qəpik təşkil etmişdir. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-9974/2024 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası 37.3-cü maddəsinə əsasən yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 757 manat 44 qəpik təşkil etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv olunmasını xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən göründüyü kimi iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. Ona xx.xx.2001-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. O, əmək fəaliyyətini davam etdirmiş və xx.xx.2022-ci il tarixdə əmək pensiyasının toplanmış pensiya kapitalına uyğun yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Lakin, sonradan cavabdeh həmin qərarla iddiaçının pensiyasının düzgün hesablanmadığını hesab edərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. “Əmək pensiyaları haqqında” Qanunda göstərilir ki, əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (1.0.15.). Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). İşləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.). Qanunun qeyd edilən normalarının məzmunundan görünür ki, şəxsə əmək pensiyası təyin edildikdən sonra o, işləməyə davam edərsə, onun əmək pensiyası 72 aydan sonra yenidən hesablana bilər. Bu halda onun toplanmış pensiya kapitalı 72 aya bölünərək təyin edilmiş əmək pensiyasının üzərinə hesablanır. Bununla yanaşı qeyd edilməlidir ki, bəzi kateqoriyadan olan şəxslərə fərqli qaydada, yəni qanunvericiliklə müəyyən edilmiş son yaş həddinə çatmadan güzəştli şərtlərlə pensiya təyin edilir. Belə olan halda həmin şəxslər yenidən işləməyə davam edə və 72 aydan sonra onların fərdi hesablarında toplanmış pensiya kapitalına əsasən əmək pensiyaları yenidən hesablana bilər. İddiaçı da həmin kateqoriyadan olan şəxsdir. Belə ki, 2001-ci ildə, yəni 39 yaşında ona daxili işlər orqanlarında xidmət illərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Bundan sonra isə o işləməyə davam etmişdir. 17 oktyabr 2022-ci il tarixində iddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli qərarla iddiaçının əmək pensiyasını yenidən hesablayarkən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1.-ci maddəsinə əsasən pensiya kapitalını 72 aya bölərək hesablama aparmışdır. Lakin, xx.xx.2024-cü il tarixli qərarla iddiaçının əmək pensiyası fərqli qaydada aparılmışdır. Belə ki, iddiaçının toplanmış sığorta kapitalı 72 aya deyil, gözlənilən pensiya ödənişi aylarının (144 ay) sayının 72-yə qədər azaldılmaqla, iddiaçının pensiya yaşından (65 yaş) pensiyanın yenidən hesablandığı yaşı (60 il 1 ay) arasında yaranan fərqin (59 ay) üzərinə əlavə edilməklə alınan rəqəmə (72+59=131 ay) bölünmüşdür. Bu isə iddiaçının pensiya məbləğinin azalmasına səbəb olmuşdur. Cavabdeh hesablamanın əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsaslanmışdır. Həmin maddədə deyilir: Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qeyd edilməlidir ki, həmin maddədə xx.xx.2017-ci il tarixli Qanunla, əlavə edilmiş ikinci cümlə aşağdakı kimi olmuşdur: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Həmin müddəa xx.xx.2022-ci ilə qədər qüvvədə olmuş və həmin tarixli Qanunla çıxarılmışdır. xx.xx.2023-cü il tarixindən sonra isə Qanuna yeni məzmunlu ikinci cümlə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndində göstərilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Qanunda göstərilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1.). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2.). Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci ilə qədər qüvvədə olmuş ikinci cümləsi əmək pensiyasının təyin olunması məsələlərinə, xx.xx.2023cü ildən qüvvədə olan ikinci cümləsi isə əmək pensiyalarının yenidən hesablanması məsələlərinə aiddir. Qeyd edilməlidir ki, iddiaçıya pensiya təyin edilərkən, həmçinin onun əmək pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyalarının yenidən hesablanması məsələlərini tənzimləyən 45-ci maddəsinin ikinci cümləsi hələ Qanuna əlavə edilməmişdir. Belə ki, iddiaçıya 2001-ci ildə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixli qərarla yenidən hesablanmışdır. Bu zaman isə artıq “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixli Qanunla əlavə edilmiş ikinci cümləsi də Qanundan çıxarılmışdır. Belə olan halda cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablayarkən 72 ayın üzərində əmək pensiyası yaşı ilə əmək pensiyasının yenidən hesablanması yaşı arasında fərqi əlavə etməklə pensiya kapitalını həmin rəqəmə bölməkdə haqlı olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, 3-17-1/3-3- 9974/2024 nömrəli qərar qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia təmin edilməli və həmin qərar ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 iyul 2024-cü il tarixli, 3-17-1/3-3-9974/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar