Məhkəmə qərarları › İş №2-1(112)-10150/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10150/2021

10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10150/2021 10.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək soyadının “Əlibəyli”dən “Əliyev”ə dəyişdirilməsi öhdəliyinin cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxx 2002-ci ildə Saatlı şəhərində Naxçıvan MR Şərur rayonunun Mahmudkənd kəndində anadan olub. Doğum haqqında şəhadətnamə alınarkən soyadı Əlibəyli olaraq yazılmışdır. Həmin zamanlar sonluğu “ov”, “ev” şəkilçiləri olan soyadlardan əl çəkmək üçün atası soyadı öz soyadına uyğun “Əliyev” deyil, “Əlibəyli” olaraq yazdırmışdır. Artıq 18 yaşına çatdıqdan sonra bu soyad ona yad gəlmişdir. Çünki soyadın sonunda “lı” şəkilçisinin olması hər hansı məkanı ifadə edir, o isə “Əlibəyli” deyilən bir məkanda anadan olmayıb. Bununla əlaqədar onun tərəfindən Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət olunmuşdur. Yasamal rayon Qeydiyyat şöbəsi ilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1. və 6.2-ci maddələrini əsas gətirərək soyadını dəyişdirməmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar qəbul edir və 5 iş günü müddətində ərizə verən şəxsə məlumat verir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Amma buna baxmayaraq, Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən soyadı ilə əlaqədar səhvlərin düzəldilməsindən və ona dəyişiklik edilməsindən imtina edilmişdir.

3. Məhkənin hazırlıq icraatı üzrə iclasında və baxış iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtinada bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını ata adını və soyadının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir. 6.2-ci bəndində göstərilir ki, adın ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbələri və konsulluq tərəfindən həyata keçirilir. Həmin qərara əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar qəbul edir və 5 iş günü müddətində ərizə verən şəxsə məlumat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydinə dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X2 qeydindəki səhvlərin düzəldilməsi və ya ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edir. Soyadının “Əlibəyli”dən “Əliyev”ə dəyişdirilməsi imkan xaricindədir.

5. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir.

II. İddianın növü

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

10. İddiaçı doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx xxx 2002-ci ildə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində anadan olmuşdur. X1, anası X6r. Şəxsiyyət vəsiqəsinə əsasən yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi pr., məh. 3153, mən. 198-dir.

11. Əlibəyli kəndi Tovuz rayonunda yeləşməklə məkan bildirir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

13. X10 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X10 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.

14. İlk növbədə qeyd edilməlidir ki, X10 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).

15. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X10 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. 6.15. Ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. 6.17. Qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir. 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.

18. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 fevral 1993-cü il tarixli 495 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.

19. X10 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılğa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X4rşı).

20. İddiaçının soyuna və kökünə bağlılığını ifadə etmək onun şəxsiyyəti ilə qırılmaz bağlı olan hüququdur. Odur, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər hansı tutarlı əsas təqdim edilmədən soyadın dəyişdirilməsindən imtina etməsi qanuni olmamaqla hansı qanuni məqsəd daşıması aydın deyil, odur ki, demokratik cəmiyyətdə “zəruri” hesab edilə bilməz.

21. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

22. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

23. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

24. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

25. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının soyadının dəyişdirilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi (ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərilməsi) məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq cavabdehin üzərinə qoyulmalıdır.

26. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. İddiaçı soyadının “Əlibəyli”dən “Əliyev”ə dəyişdirilməsi ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar