Məhkəmə qərarları › İş №2-1(112)-10151/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10151/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10151/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi bardə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4890/2025 nömrəli pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi, iddiaçıya pensiya təyin edildikdən sonra 6 illik dövr üzrə xx.xx.2013-xx.xx.2019-cu il tarixdə qeydə alınmış sığorta kapitalının əsasında pensiyanın gözlənilən pensiya ödənişi müddəti aylarının sayının artırılmadan yenidən hesablanması öhdəliyinin və keçmiş dövr ərzində alınmamış pensiya məbləğinin qanunvericiliyin tələblərinə uyğun qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən xx.xx.2012 tarixdə MN HHQ-dən pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. Altı il stajın tamamlanması ilə bağlı müraciəti əsasında pensiyasının yenidən hesablanması icra edilmiş, lakin cavabdeh qurum xx.xx.2022-ci il tarixli 530 nömrəli Qanunun 2.2-ci maddəsini rəhbər tutaraq qanuna zidd olaraq pensiyasının həmin yenidən hesablanmasını 72 aya bölünməklə icra etməmişdir, sığorta kapitalı 279 aya bölünmüşdür. Pensiyaya çıxdıqdan sonra qazandığı kapitalı 72 aya bölməkdən imtina edilmişdir. İddiaçı xx.xx.2017ci ildən əvvəl pensiyaya çıxmışdır. İddiaçıya pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 4 iyun 2013-cü il tarixində əmək fəaliyyətinə başlamışdır. İşləyən pensiyaçı kimi 6 ilinin tamam olduğu 4 iyun 2019-cu il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 52322,71 manat təşkil etmişdir. Həmin 52322,71 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 279 aya bölünməklə (52322,71:279 ay (64 il-46 il 9 ay=207 ay+72 ay (144 ay-72 ay))=187,53 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (1279,24 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1466,77 (1279,24+187,53) manat məbləğində hesablanmışdır. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq 1757,06 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1932,77 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən 2216,88 manat, 1 yanvar 2024-cü il tarixindən 2465,17 manat, 1 yanvar 2025-ci il tarixindən isə 2664,85 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya keçmiş müddət üçün hesablanmış 6262,27 manat fərq məbləği cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 189,77 manat) onun əmək pensiyasının (2664,85 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, iddiaçının əmək pensiyasının yenidən hesablandığı 4 iyun 2019-cu il tarixindən sonrakı dövr ərzində onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən pensiyanın yenidən hesablanması məsələsinə iddiaçının işdən azad olunduğu təqdirdə və ya qeyd edilən 4 iyun 2019-cu il tarixindən sonra işləyən pensiyaçı kimi 6 il işlədikdən sonra baxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafisə Fonduna təqdim olunmuş 00549 nömrəli məlumat vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2012-ci ildə öz arzusu ilə bağlı öz arzusu ilə tərxis olunmuş, cəmi xidmət illəri 31 il 02 ay 20 gün təşkil etmiş, vəzifə maaşı 650,00 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 40% olmaqla 312 manat, ərzaq payı 64 manat, digər növ əlavələr 25% olmaqla 162,50 , cəmi 1318,50 manat qeyd olunmuşdur. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2012-ci il tarixli, 12/2611 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə hesabında toplanmış pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 1569.53 manat olmaqla dəyişdirilməmiş, bu zaman pensiya məbləğinin sığorta hissəsi 250.71 manatdan 561.26 manata artırılmış, qulluq illərinə əlavə 1318,82 manatdan 1008,27 manata azaldılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7062/2022 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilmiş, İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli qərarı **********0 nömrəli qərarı ləğv edilmişdir. İşdən görünür ki, həmin qərar qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-4890/2025 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 37.3.2-1-ci maddəsi tətbiq edilməklə yenidən hesablanmış, pensiyanın məbləği 2678.27 manatdan 2664.85 manata azaldılmışdır. Cavabdehin Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2025-ci il tarixli, 3-12-1/3-3-121397/2025 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 37.3.2-1-ci maddəsi tətbiq edilməklə yenidən hesablanmış, pensiyanın məbləği 2664.85 manatdan 3248.90 manata artırılmışdır. İddiaçı hazırda məhkəmə qərarı icra olunarkən topladığı pensiya kapitalı əsasında əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən gözlənilən pensiya ödənişi müddətinin düzgün müəyyən edilmədiyini, həmin müddətin 72 ay kimi müəyyən edilməli olduğunu iddia edir. Cavabdeh isə məsəslə ilə bağlı iddiaçıya ünvanladığı məktubda qeyd edir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 4 iyun 2013-cü il tarixində əmək fəaliyyətinə başlamış, işləyən pensiyaçı kimi 6 ilinin tamam olduğu 4 iyun 2019-cu il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 52322,71 manat təşkil etmiş, həmin kapital Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 279 aya bölünməklə (52322,71:279 ay (64 il-46 il 9 ay=207 ay+72 ay (144 ay-72 ay))=187,53 manat) həmin tarixədək mövcud olmuş pensiyanın (1279,24 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 1466,77 (1279,24+187,53) manat məbləğində hesablanmışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçının tələbini əsasız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında Qanunun (bundan sonra ƏPQ): - maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. -37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (xx.xx.2022-ci ildə qanuna daxil edilmişdir). - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017ci ildən qüvvəyə minmişdir) aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun (xx.xx.2023-cü ildən qüvvəyə minmişdir) 1.13-cü maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır.” Beləliklə, istinad olunan qanunvericiliyin normalarından görünür ki, ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: - xx.xx.2017-ci il tarixədək 144; - xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Həmçinin ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxslərə münasibətdə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı xx.xx.2023-cü ildən 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı kimi müəyyən edilmişdir. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı ƏPQ-nin 9.5-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs, həmçinin ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxs olmuşdur. İşdən görünür ki, ona 2012-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o 2013-cü ildən etibarən işləməklə işləyən əmək pensiyaçısı kateqoriyasına aid olmuş, ƏPQ-yə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 2019-cu ildə topladığı kapitala əsasən əmək peniyasının yenidən hesablanmasını tələb etmək hüququ olmuşdur. İddiaçı həmin kapitala əsasən pensiyanın yenidən hesablanması barədə ilk dəfə cavabdehə 2022-ci ilin fevral ayında müraciət etmiş, cavabdeh 2025-ci ilin mart ayında onun əmək pensiyasını yenidən hesablamışdır. İşin istinad olunan hallarından görünür ki, istər iddiaçının əmək peniyasının yenidən hesablanmasını tələb etmək hüququ yarandığı dövrdə, istərsə də cavabdehə müraciət etdiyi dövrdə qüvvə olan qanunvericilik 9-cu maddəyə əsasən pensiya təyin edilən şəxs kimi onun gözlənilən pensiya ödənişi müddəti aylarının sayını “144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı” kimi müəyyən etmişdir. Həmçinin cavabdehin mübahisəli qərarı qəbul etdiyi dövrdə də ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxs kimi iddiaçıya eyni qaydanın tətbiq edilməsi barədə norma qüvvədə olmuşdur. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının tələbinin qanuni əsası olmadığından hazırkı məzmunda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar