Məhkəmə qərarları › İş №2-1(112)-10154/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10154/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10154/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı "kredit müqaviləsi üzrə borcunun olmaması barədə məktub verilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra – iddiaçı) "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının cavabdehə xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məktub verilməsi və Mərkəzi Kredit Reyestrinə borcunun olmaması barədə məlumat verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabehin Nizami filialı ilə rəhbəri olduğu iddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə 300 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri tam olaraq yerinə yetirməyinə baxmayaraq, cavabdeh Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, “öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün əsas borcun, faizlərin, dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia vermişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdehin iddiasının qismən təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 fevral 2017-ei il tarixli, 2 (102)-875/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli 2(001)-8501/2017 saylı qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, X1 və digərlərinə qarşı "borcun tutulması ipotekaya qoyulmuş yaşayış evinə tutmanın yönəldilməsi" tələbinə dair ilkin iddia rədd edilmiş, "Alin LTD” MMC-nin ’’Azərbaycan Beynəlxalq Bank” ASC-yə qarşı "artıq ödənilmiş pulun qaytarılması, fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair qarşılıqlı iddia təmin olunaraq "xxxx" ASC-dən 9.954 ABŞ dolları məbləğində artıq ödəmənin öhdəlik icra olunan zaman üçün Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, onlar arasında 08 aprel 2008-ci il tarixdə bağlanmış 578/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 145,7 kv.metr yaşayış, 224,6 kv.metr köməkçi sahədən ibarət 263 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Binəqədi rayon Məhkəməsinin 30 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2019-cu il tarixli iş № 2(102)-5195 saylı qərarı ilə ilk iddia üzrə iddiaçı "Azərbaycan Beynəlxalq Bank” ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdiriləmədən saxlanılmışdır. Binəqədi rayon İcra şöbəsi tərəfindən yekun məhkəmə qərarı icra edilmiş, İddiaçı MMC tərəfindən "xxxx" ASCyə artıq ödənilməsi qeyd edilən 9954 ABŞ dolları iddiaçıya geri ödənilmiş, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 263 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilmişdir. Bütün məhkəmə instansiyalarında verilən qərarların iddiçının xeyrinə çıxarılmasına, məhkəmə qərarlarının tam olaraq xeyrinə icra edilməsinə baxmayaraq artıq 5 ildir ki, cavabdeh tərəfindən iddiaçının adı borclu olaraq hələ də bankın sistemindən silinməmiş, borcunun olmaması barədə Mərkəzi Kredit Reyestrinə məlumat verilməmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etirazda göstərilmişdir ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında qeyd edilən siyahıda cavabdehin adı yoxdur. Bu o deməkdir ki, cavabdeh inzibati orqan deyil və inzibati akt qəbul etmək səlahiyyətinə malik deyil. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən bəlli olur ki, cavabdeh kommersiya qurumudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən, fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan hüquqi şəxs kommersiya hüquqi şəxsləri hesab edilir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçının tələbinin mahiyyəti ona kredit müqaviləsi üzrə borcunun olmaması barədə məktub verilməsi və Mərkəzi Kredit Reyestrində borcunun olmaması barədə məlumat verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir (2.). Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir (3.1.). İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır (3.2.). Göründüyü kimi hazırkı mübahisənin hər iki tərəfi kommersiya hüquqi şəxslərdir. Belə olan halda hazırkı mübahisəyə ümumi hüquq münasibətlərindən irəli gələn mübahisə kimi inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). Bu səbəbdən iddia mümkün sayılmamalı, eyni zamanda məhkəmə tərəfindən iddiaçıya izah edilir ki, o, hazırkı tələblə mülki mühakimə icraatı qaydasında ümumi məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə borcunun olmaması barədə məktub verilməsi və digər” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada elan olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar