Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10157/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qardaşı) X5, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, ev 11 A, mənzil 9 mənzilə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı - İddiaçı, uzun illərdir faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, ev 11 A, mənzil 9-da yaşayır. Həmin mənzil vaxtilə atası X3 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 1116 nömrəli sərəncamı və 040883 nömrəli orderi əsasında verilib. Hazırda mənzildə qeydiyyatda olan və taktiki yaşayan şəxs kimi digər vərəslər - X11, X9 və X6 ilə razılığa gəlinmiş və onlar mənzilin İddiaçı adma rəsmiləşdirilməsinə dair notarial qaydada razılıq vermişlər. Bununla bağlı iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edərək mənzil üzərində hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Müraciətə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda bildirilib ki, mənzilin orderində binanın nömrəsinin sonradan əlavə olunduğu, lakin bu düzəlişin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyi əsas gətirilərək mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Həmin cavab qanunsuz və əsassızdır, çünki order və sərəncamda mənzilin yerləşdiyi ünvanla bağlı hər hansı bir dəyişikik olmamışdır. Mikayıl Mikayılov küçəsində yerləşən 9 saylı mənzil. Binanın nömrəsi orderə sonradan əlavə olunmamışdır. Orderdə olan məlumatlar ilkin olaraq verildiyi zamandan bugiinə qədər iddiaçı tərəfindən heç bir müdaxilə və dəyişiklik edilməmişdir. Bu məlumat da digər məlumatlar kimi müvafiq icra hakimiyyəti -Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində arxiv sənədləri ilə təsdiq olunmalı idi. Bu məqsədlə iddiaçının qardaşı X11 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmişdir. Lakin Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli rəsmi cavab məktubunda bildirilib ki, orderdə sonradan əlavə edilmiş bina nömrəsi arxiv sənədlərində yer almadığı üçün həmin düzəlişin icra hakimiyyətinin səhvi hesab edilməsi və təsdiqlənməsi məqsədəuyğun deyil. Bununla belə, həmin cavabda da qeyd olunur ki, sərəncamda bina nömrəsi ümumiyyətlə göstərilməyib. Yəni, sənəddəki uyğunsuzluq dövlət orqanının vaxtında sənədləşdirmə və texniki dəqiqləşdirməni aparmaması nəticəsində yaranmışdır. Mənzilin faktiki istifadəçisi kimi iddiaçı orada 1997-ci ildən etibarən fasiləsiz şəkildə yaşayır, kommunal xidmətləri ödəyir, qeydiyyatdadır. Cavabdeh orqan təqdim edilmiş sənədlərin hüquqi mahiyyətini deyil, texniki detalları əsas götürərək qanuni müraciəti rədd etmişdir. Faktiki və hüquqi vəziyyət onu göstərir ki, mənzil hüququ iddiaçıya məhz vərəsəlik, yaşayış və notarial razılıqla keçmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamında mənzilin verildiyi açıq şəkildə göstərilmiş, yalnız texniki səbəbdən bina nömrəsi qeyd olunmamışdır ki, bu da hüquqi əsaslarla sənədin mahiyyətini dəyişmir. Cavabdeh orqan isə bu texniki uyğunsuzluğu hüquqi əsas kimi qəbul edərək hüquqları tanımaqdan imtina etmişdir. Belə olan halda bu inzibati akt - yəni cavabdehin mənzil üzrə hüququnun qeydiyyatından imtinası barədə qərarı, həm hüquqi normativlərə, həm də ədalət və hüququn mahiyyətinə ziddir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ərizəyə əlavə edilmiş 040883 saylı orderdə 9 saylı mənzilin yerləşdiyi binanın nömrəsində düzəliş edilsədə, aparılmış düzəlişin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyi müəyyən edilmişdir. Hüquqmüəyyənedici sənədlərə mənzilin yerləşdiyi binanın nömrəsi ilə bağlı düzəliş edilməsinə dair sənəd əlavə ediləcəyi təqdirdə müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Bakı şəhər, ünvan 1 ünvanına dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********81 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş 040883 saylı orderdə 9 saylı mənzilin yerləşdiyi binanın nömrəsində düzəliş edilsə də, aparılmış düzəlişin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 040883 nömrəli Orderə əsasən ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil ailə tərkibi ilə İddiaçı ayrılmışdır. X7 X6 X9 X11 İddiaçı
6. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, vət. F.S.Hüseynov 1973-cü ildən Lokomotiv Deposunda işləyir. Sumqayıt şəhəri 7-ci mikrorayon ev 57, mənzil 58-də yaşayır və pasport qeydiyyatındadır. Binəqədi (Kirov) XDS İK-nin 62 saylı xx.xx.1982-ci il tarixli qərarı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda X4 müdiriyyəti və HİK-si 63 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə vət. F.S.Hüseynova 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 3 uşağı) Biləcəri qəsəbəsi M.Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı, yaşayış sahəsi 45,15 kv.m olan 9 saylı mənzilini ayırmışdır. Lokomotiv Deposu müdiriyyətinin və HİK-nin vət. F.S.Hüseynova 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 3 uşağı) Biləcəri qəsəbəsi M.Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı yaşayış sahəsi 45,15 kv.m olan 9 saylı mənzilinin ayrılması haqqında 63 saylı xx.xx.2000ci il tarixli qərarı təsdiq edilmişdir.
7. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. Müraciətə baxılmasının nəticəsi barədə bildirilir ki, aparılan araşdırma zamanı Rayon İcra Hakimiyyətinin arxiv sənədlərində olan 040883 nömrəli orderdə vətəndaş X3 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 9 saylı mənzilin ayrılması göstərilmiş və indiyədək həmin orderdə heç bir düzəliş edilməmişdir. Belə ki, təqdim olunmuş orderdən müəyyən olunur ki, binanın nömrəsi orderdə sonradan qeyd olunmuşdur. Həmçinin həmin orderin verilməsinə əsas olmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncamında vətəndaş X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı, yaşayış sahəsi 45.15 kvadratmetr olan 9 saylı mənzilinin ayrılması qeyd edilmişdir. Göründüyü kimi sərəncamda da binanın nömrəsi qeyd olunmamışdır. Orderə sonradan bina nömrəsinin əlavə edilməsi Rayon İcra Hakimiyyətinin səhvi olmadığından, onun təsdiq olunması məqsədəmüvafıq hesab edilməmişdir.
8. 113 saylı Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 77 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı M.Mikayılov küçəsi 11a saylı evin 9 nömrəli mənzilində qeydiyyatdadır. Küçənin əvvəlki adı 5039-cu məhəllə ev 11a mənzil 9 olub.
9. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********047 nömrəli Ərizəyə əsasən X6 ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.
10. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********048 nömrəli Ərizəyə əsasən X11 ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********049 nömrəli Ərizəyə əsasən X9 ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.
12. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli **********050 nömrəli Ərizəyə əsasən X7 ünvan 5 ünvanında yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və dövlət reyestrindən çıxarış almasına razıdır, etiraz etmir.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
22. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
23. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 040883 nömrəli Orderə əsasən ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil ailə tərkibi ilə (X7, X6, X9, X11, İddiaçı) İddiaçı ayrılmışdır. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncamında qeyd olunmuşdur ki, vət. F.S.Hüseynov 1973-cü ildən Lokomotiv Deposunda işləyir. Sumqayıt şəhəri 7-ci mikrorayon ev 57, mənzil 58-də yaşayır və pasport qeydiyyatındadır. Binəqədi (Kirov) XDS İK-nin 62 saylı xx.xx.1982-ci il tarixli qərarı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda X4 müdiriyyəti və HİK-si 63 saylı xx.xx.2000-ci il tarixli qərarı ilə vət. F.S.Hüseynova 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 3 uşağı) Biləcəri qəsəbəsi M.Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı, yaşayış sahəsi 45,15 kv.m olan 9 saylı mənzilini ayırmışdır. Lokomotiv Deposu müdiriyyətinin və HİK-nin vət. F.S.Hüseynova 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 3 uşağı) Biləcəri qəsəbəsi M.Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı yaşayış sahəsi 45,15 kv.m olan 9 saylı mənzilinin ayrılması haqqında 63 saylı xx.xx.2000-ci il tarixli qərarı təsdiq edilmişdir.
28. Məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 040883 nömrəli Order Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncamı ilə tamamlanmaqla İddiaçı mənzilə dair mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.
29. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
30. Məhkəmə iddiaçının ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, iş materiallarına əlavə olunmuş ərizələrə əsasən mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmir.
31. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq iddiaçıya əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə müəyyən edir ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 040883 nömrəli Order və xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncam yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıya verilmişdir.
32. Cavabdeh orqan imtinanın əsası olaraq qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş 040883 saylı orderdə 9 saylı mənzilin yerləşdiyi binanın nömrəsində düzəliş edilsə də, aparılmış düzəlişin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmədiyi müəyyən edilmişdir.
33. Məhkəmə nəzərə alır ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki,aparılan araşdırma zamanı Rayon İcra Hakimiyyətinin arxiv sənədlərində olan 040883 nömrəli orderdə vətəndaş X3 Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 9 saylı mənzilin ayrılması göstərilmiş və indiyədək həmin orderdə heç bir düzəliş edilməmişdir. Belə ki, təqdim olunmuş orderdən müəyyən olunur ki, binanın nömrəsi orderdə sonradan qeyd olunmuşdur. Həmçinin həmin orderin verilməsinə əsas olmuş Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1116 nömrəli Sərəncamında vətəndaş X3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsində tikilmiş evin 3 otaqlı, yaşayış sahəsi 45.15 kvadratmetr olan 9 saylı mənzilinin ayrılması qeyd edilmişdir. Göründüyü kimi sərəncamda da binanın nömrəsi qeyd olunmamışdır. Orderə sonradan bina nömrəsinin əlavə edilməsi Rayon İcra Hakimiyyətinin səhvi olmadığından, onun təsdiq olunması məqsədəmüvafıq hesab edilməmişdir.
34. Məhkəmə eyni zamanda nəzərə alır ki, 113 saylı Mənzil-Kommunal İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 77 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı M.Mikayılov küçəsi 11a saylı evin 9 nömrəli mənzilində qeydiyyatdadır. Küçənin əvvəlki adı 5039-cu məhəllə ev 11a mənzil 9 olub.
35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən ayrılmış mənzil olması məhkəmədə şübhə yaratmır.
36. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
37. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsində yerləşən 11A saylı evin 9 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva