Məhkəmə qərarları › İş №2-1(112)-1016/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1016/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1016/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 Bakı şəhəri 11 nömrəli şəhər poliklinikasına qarşı “əlillik dərəcəsinin müəyyən olunması üçün göndərişin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə onun əllilik dərəcəsinin müəyyən olunması vəzifəsinin, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əlillik dərəcəsinə uyğun ona pensiya təyin edilməsi vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X4 Bakı şəhəri 11 nömrəli şəhər poliklinikasını göstərməklə, cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X4 Bakı şəhəri 11 nömrəli şəhər poliklinikasına onun əllilik dərəcəsinin müəyyən olunması üçün Tibbi-Sosial Ekspert Komissiyasına forma 88 göndərişi verilməsi vəzifəsinin həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı barəsində Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin xüsusi-həkim ekspertiza komissiyası tərəfindən verilmiş 0031 nömrəli, 15 yanvar 2021-ci il tarixli Xəstəlik haqqında şəhadətnamənin 13-cü bəndinə görə o, həm dinc dövürdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Bundan başqa həmin şəhadətnamənin 12-ci bəndinə görə iddiaçıya “X3. Qeyri-stabil stenokardiya” diaqnozu qoyulmuşdur. X2 14 fevral 2020-ci il tarixli əmri ilə Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru daxili xidmət kapitanı İddiaçı uzunmüddətli xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü ilə əlaqədar olaraq fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. İddiaçı X2 Tibb Xidməti Tibb Mərkəzinin xx.xx.2019-cu il tarixli göndəriş vərəqəsi ilə Səhiyə Nazirliyinin Tibb Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə göndəriş vərəqəsi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 05 mart 2021-ci il tarixli məktubu ilə iddiaçıya 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan Respublikasında icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanıldığı bildirilmiş, tibbi xidmətin təmin edilməsi üçün vətəndaşın ilkin səhiyyə xidmətlərini göstərən Ailə sağlamlıq mərkəzlərinə müraciət edərək mütəmadi ailə həkim nəzarətində olması ona tövsiyə olunmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişinə uyğun olaraq Bakı şəhəri Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının 970 nömrəli, 5 may 2021-ci il tarixli məktubunda iddiaçıda müalicədən sonra əlillik meyarlarına uyğun ağırlaşmalar (ürək çatışmazlığı), AF 60% olduğu və əlavə dispanser nəzarət etdiyi üçün forma 88-dən müvəqqəti imtina edildiyi, əgər ağırlaşmalar əmələ gələrsə iddiaçıya forma yazılmasına yenidən baxıla biləcəyi qeyd olunmuşdur. İddiaçıya forma 88 arayışının verilməsindən imtina edilməsi onun əlilliklə bağlı hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X5 Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Vətəndaş İddiaçı Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi əsasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş müraciəti aidiyyatı üzrə baxılması üçün 11 nömrəli şəhər poliklinikasına göndərilmişdir. İddiaçı barədə müvafiq məlumatlar və müşayət məktubu Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim edilmişdir. Məktuba və ambulator karta əsasən İddiaçı xx.xx.2019-cu ildən “X3: qeyri-stabil stenokardiya. AKŞ əməliyyatından sonrakı vəziyyət“ diaqnozu ilə dispanser qeydiyyata götürülmüşdür TSEK-ə göndəriş verilməsi üçün xəstə təkrar müayinə olunmuşdur. 3 nömrəli Şəhər Klinik Xəstəxanasında və onda xəstəliyin ağırlaşmaları olmadığına görə ona forma 088 AZS yazılmasından imtina edilmişdir (AE-60%- exokq cavabı). Xəstəyə izah olunmuşdur ki, ağırlaşmalar əmələ gəldiyi halda yenidən müraciət edə bilər. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixdə 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə uyğun olaraq, TSEK-ə göndəriş verilməlidir. Yuxarıda göstərilən Əsasnamədə iddiaçıda göstərilən diaqnozun ağırlaşması: “qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı” və ya “ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı”, nə də “ürək ritmınin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı” müayinə zamanı təsdiqini tapmamışdır, bu səbəbdən TSEK-ə göndərişin verilməsinə imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 11 nömrəli şəhər poliklinikası tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir: İddiaçı 2019-cu ildən özünü xəstə hesab edir. Aorta koronar şuntlama əməliyyatı olunub. Əlilliklə əlaqədar xəstə 11 saylı şəhər poliklinikasına müraciət edib və xəstəliyin ağırlaşmasını təyin etmək üçün 3 saylı ŞKX-ya müayinəyə göndərildi. xx.xx.2020xx.xx.2020 tarixdə xəstə stasionar müalicə alıb və onda ağırlaşma aşkar olunmayıb. Yəni TSEK-ə göndəriş üçün əsas olan ürək çatışmazlığı aşkarlanmayıb. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikası tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli, PHŞ/1-2-2021-3460 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Siz 2019-cu ildə “UİX qeyri-stabil gərginlik stenokardiyası AKŞ” diaqnozu ilə stasionar müalicə almısınız. Hazırda əlillik almaq üçün müraciətinizə cavab olaraq bildiririk ki, Sizdə müalicədən sonra əlillik meyarlarına uyğun ağırlaşmalar (ürək çatışmazığı), AF 60% olduğu və əlavə dispanser nəzarət etdiyi üçün forma 88-dən müvəqqəti imtina edilmişdir. Əgər ağırlaşmalar əmələ gələrsə Sizə forma yazılmasına yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli, PHŞ 1-2-2021-3466 nömrəli sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı 2019-cu ildən 11 saylı şəhər poliklinikasında dispanser qeydiyyatdadır. Kardioloq tərəfindən mütəmadi müayinə və nəzarətdə olur. Əlillik təyini üçün xəstə 3 saylı ŞKX-da müayinə olunmuş və onda xəstəliyin ağırlaşması aşkarlanmamış və buna görə də ona forma 88 yazılması üçün göstəriş olmamışdır. Xəstəyə bu barədə ətraflı izahat verilmişdir. 17.05.202l-ci ildə tarixdə xəstə poliklinikaya dəvət olundu. Lakin bildirdi ki, gəlməyəcək heç bir şikayəti yoxdur. Ona görə də xəstəyə əlillik üçün tibbi göstərişin olması barədə heç bir qərar verilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 354/2021 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı düçar olduğu “X3, qeyri-stabil gərginlik stenokardiyası, AKŞ əməliyyatından sonrakı vəziyyət” diaqnozunda əsas xəstəliyin ağırlaşmaları hazırda iddiaçıda aşkar olmadığı üçün səhiyyə müəssisəsi tərəfindən 88 saylı formanın doldurulması əlillik dərəcəsinin təyininə əsas vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı “X3: qeyri-stabil stenokardiya. AKŞ əməliyyatından sonrakı vəziyyət“ diaqnozu ilə müalicə almışdır. TSEK-ə göndəriş verilməsi üçün iddiaçı müayinə olunmuş, müalicədən sonra əlillik meyarlarına uyğun ağırlaşmalar olmadığına görə ona forma 088 göndərişinin yazılmasından imtina edilmişdir. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 T 354/2021 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı düçar olduğu “X3, qeyri-stabil gərginlik stenokardiyası, AKŞ əməliyyatından sonrakı vəziyyət” diaqnozunda əsas xəstəliyin ağırlaşmaları hazırda iddiaçıda aşkar olmadığı üçün səhiyyə müəssisəsi tərəfindən 88 saylı formanın doldurulması əlillik dərəcəsinin təyininə əsas vermir. Göründüyü kimi, iddiaçıda əlillik meyarlarına uyğun ağırlaşmalar mövcud olmamışdır. Bu səbəbdən də ona səhiyyə müəssisəsi tərəfindən 88 saylı formanın doldurulmasından imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar