Məhkəmə qərarları › İş №2-1(112)-10161/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10161/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10161/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamının dəyişdirilərək, İddiaçı və onun oğlu X1 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmasının 11 fevral 2022-ci il tarixdən müəyyən edilməsi barədə yeni sərəncam verilməsi vəzifəsini cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Suraxanı RİHB-nin 20 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamı ilə İddiaçı və oğlum X3 növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik şəxslərin siyahısına daxil edilmişdir. Məhkəmə aktı və sözügedən sərəncam icra edilməsi üçün AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdikdə, birinci növbədə mənzil ayrılmasından imtina edilərək bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlliliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin sosial -məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli sərəncamı ilə 2014-cü ilin yanvarın 1dən - 2023-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə təmin edilməsi nəzərdə tutulduğuna görə və iddiaçının 01 yanvar 2014-cü il — 01 yanvar 2023-cü il tarixlərindən sonra uçota alındığı üçün bu barədə növbəti hüquqi akt qəbul olunarsa, Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamı ilə əldə etdiyi sosial-məişət şəraitinin yaxşılaşdırılmasına növbəlik qaydasında baxılacaqdır. Həmin imtina cavabında göstərilən məhdudiyyətin, yəni ayrıca mənzilə olan təxirə salınmaz ehtiyacın 2025-ci ildən sonra, əgər anoloji hüquqi akt qəbul olunarsa, təmin olunacağı perespektivinə, 76 yaşlı, xəstə, ahıl şəxsin, habelə ayrıca mənzili olmadığına görə ailə qura bilməyən 42 yaşlı oğlu dillema qarşısında qoyulmadığına kim zəmanət verə bilər. Qeyd edilən normativ hüquqi akt barədə Suraxanı İcra Hakimiyyətinin vəzifəli şəxsi Bakı İnzibati Məhkəməsində iştirak etməklə məlumat verməli idi, yaxud da işi araşdıran məhkəmə özü təqdim olunmuş imtina məktubunda qeyd edilmiş tarixdən yəni, 11 fevral 2022-ci il tarixdən növbəyə alınması qərarının nəticə hissəsində göstərməli idi. Vəzifəli şəxslərin sözügedən normativ hüquqi aktdan ya xəbəri olmayıb, ya da ki iddiaçıya məlum olmayan marağa görə yol verilmiş yanlışlıqlar səbəbindən qanunvericiliklə müəyyən edilmiş mənzil hüququnun reallaşdırılması imkanının əlindən çıxarılıb. Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamının prezumpsiyasının qüvvədə olduğu səbəbindən öhdəlik yaradan qərarın yəni, onu və oğlunu növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik şəxslərin siyahısına 11 fevral 2022-ci il tarixdən daxil edilməsini nəzərdə tutan iddia predmeti üzrə qərar qəbul edilə bilər. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan 006206 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, iddiaçı şəhid ailəsi üzvüdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2046/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınma” barədə iddiası təmin edilmiş, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İşdə olan “Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2046/2023 saylı Qərarının icra edilməsi haqqında” Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamından görünür ki, şəhid ailəsinin üzvü X5 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınsın və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-İ-25813/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asın oımayaıaq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 20 iyun 2023-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamında dəyişiklik edilərək, onun uçota alınmasının 11 fevral 2022-ci il tarixdən müəyyən edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunanlar nəzərə alınmaqla hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, iddiaçının dəyişiklik edilməsini tələb etdiyi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamı iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2046/2023 nömrəli qərarının icrası çərçivəsində qəbul edilmişdir. Əgər iddiaçı həmin sərəncamın düzgün qəbul edilmədiyini iddia edirsə, onda iddiaçı məhkəmə qərarının icrası üçün həmin qərarı qəbul etmiş məhkəməyə müraciət etməlidir, hansı ki, bu müraciət ayrıca iddia qaydasında deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə uyğun olaraq təqdim edilmiş ərizə formasında olmalıdır. Çünki Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2046/2023 nömrəli qərarı ilə iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması barədə inzibati akt qəbul edilməsi vəzifəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur və həmin inzbati aktın hansı tarixdə qəbul edilməsi və hansı tarixdən qüvvəyə minməsi də həmin icraat çərçivəsində baxılmalı və həll edilməli məsələdir. Bu hal özlüyündə müstəqil məhkəmə icraatının predmeti ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağı müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar