Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10164/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evi tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 672 saylı 02 mart 1995-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı keçid, döngə 180 ünvanında iddiaçıya ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün faktiki istifadəsində olan 502 kv.m. olmaqla qeydiyyata alınmasını tələb etmiş, daha sonra tələbini yenidən dəqiqləşdirərək torpaq sahəsinin yerləşmə cizgi sxemində 480 kv.m. göstərildiyini bildirmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı (məhəllə) keçid, döngə 180 ünvanında yerləşən torpaq sahəsinin 480 kv.m hissəsi üzərində yerləşmə sxeminə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 672 saylı 02 mart 1995-cı il tarixli Sərəncamına əsasən İddiaçı 600 (altı yüz) kv.metr torpaq sahəsi ayrılmışdır. Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı keçid, döngə 180 ünvanında torpaq sahəsi naturada iddiaçıya təqdim edilmiş və torpaq sahəsinin yerləşmə cizgisi işlənib hazırlanmışdır. İddiaçı qeyd edir ki, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrıldığı gündən hal-hazıradək onun istifadəsindədir. Sərəncama əsasən fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması və müvafiq hüquq müəyyənedici sənədin verilməsi üçün iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə yazılı müraciət edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********11 nömrə ilə cavab məktubu ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin sənədləşdirilməsindən imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır: “Müraciətinizlə əlaqədar bildiririk ki, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Torpaq sahəsi sənəd üzrə 600 kv.m. yerləşmə cizgisində 480 kv.m., faktiki isə 502 kv.m təşkil edir. Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, qeyd edilən ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Bununla yanaşı, tərəfinizdən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən yaranmış zərurətlə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-104/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 672 saylı. xx.xx.1995-ci il tarixli sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən Qanunun 15-ci maddəsində qeyd olunmuş imtina hallarının heç biri ona münasibətdə tətbiq edilə bilməz. Bu baxımdan cavabdehin imtinası əsassızdır və torpaq sahəsinin dövlət qeydiyyatına alınması, müvafiq hüquq müəyyənedici sənədin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
4. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, tərəfinizdən göstərilən torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Torpaq sahəsi sənəd üzrə 600 kv.m. yerləşmə cizgisində 480 kv.m., faktiki isə 502 kv.m təşkil edir. Məlumat üçün nəzərinizə çatdırmaq istərdik ki, qeyd edilən ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən yaranmış zərurətlə əlaqədar Bakı şəhər, Səbail Rayon icra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-104/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 672 saylı, xx.xx.1995-ci il tarixli sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanünunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə“ 672 saylı 02 mart 1995-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı keçid, döngə 180 ünvanında İddiaçı ayrılmış 600 (altı yüz) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Həmçinin, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin (X2) müraciəti qeydə alınmışdır. Torpaq sahəsi sənəd üzrə 600 kv.m. yerləşmə cizgisində 480 kv.m., faktiki isə 502 kv.m təşkil edir. Məlumat üçün bildiririk ki, qeyd edilən ümumi ərazi fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamışdır. Bununla yanaşı, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən yaranmış zərurətlə əlaqədar Bakı şəhər, Səbail Rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya xx.xx.2023-cü il tarixli, 5-19/2-2/10-104/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 672 saylı, xx.xx.1995-ci il tarixli sərəncam və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********11 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyəti başçısının “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 02 mart 1995-ci il tarixli 672 saylı Sərəncamından Arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 02 mart 1995-ci il tarixli 672 saylı Sərəncamından Arxiv çıxarışına əsasən Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün hər birinə 600 /altı yüz/ kv.m olmaqla aşağıdakı vətəndaşlara torpaq sahəsi ayrılmışdır: ...İddiaçı.
7. Səbail rayon İcra Hakimiyyəti Başçısının 672 №-li, 02 mart 19955-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1128-ci keçid , döngə 180 ünvanında 480,0 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən xx.xx.2005-ci il tarixində təsdiq edilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-ci il tarixli Qərardadı ilə cavabehin vəsatəti əsasında X3 inzibati məhkəməyə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Üçüncü şəxs X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərkən izahatında iddia tələbinin predmeti olan (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı keçid, döngə 180 ünvanında yerləşən) torpaq sahəsi ilə bağlı hazırda hər hansı iddiası və marağı olmadığını və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin olmadığını bildirmişdir.
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-ci il tarixli X1 inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
20. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhəri Səbail rayon İcra Hakimiyəti başçısının “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 02 mart 1995-ci il tarixli 672 saylı Sərəncamından Arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyəti başçısının “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 02 mart 1995-ci il tarixli 672 saylı Sərəncamından Arxiv çıxarışına Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün hər birinə 600 kv.m olmaqla bir sıra vətəndaşlara torpaq sahəsi ayrılmışdır. Qeyd edilən vətəndaşlar siyahısında İddiaçı da adı qeyd olunmuşdur. Səbail rayon İcra Hakimiyyəti Başçısının 672 №-li, 02 mart 19955-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1128-ci keçid , döngə 180 ünvanında 480,0 kv.m. torpaq sahəsinin yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən xx.xx.2005-ci il tarixində təsdiq edilmişdir.
22. Cavabdeh tərəfindən imtinanın dəlili olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsinə digər fiziki şəxsin (X2) müraciətinin qeydə alındığı bildirilmişdir.
23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş vəsatət əsasında məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəməyə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərkən izahatında iddia tələbinin predmeti olan (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1126-cı keçid, döngə 180 ünvanında yerləşən) torpaq sahəsi ilə bağlı hazırda hər hansı iddiası və marağı olmadığını bildirmişdir. Odur ki, məhkəmənin hazırki iş üzrə xx.xx.2023-ci il tarixli X1 inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
24. Cavabdeh tərəfindən imtinanın digər dəlili olaraq iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşdiyi ümumi ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığı qeyd olunmuşdur.
25. Bununla bağlı məhkəmə bildirir ki, mübahisələndirilən torpaq sahəsinə dair cavabdeh tərəfindən təqdim edilmiş ortofoto məhkəmə iclasında tədqiq edilmiş və torpaq sahəsinin ortofotosuna əsasən qeyd olunan ərazidə fərdi yaşayış evlərinin mövcud olduğu müəyyən edilmişdir.
26. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
27. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
28. Odur ki, bu səbəbdən qeyd edilən texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixli yerləşmə cizgisi ilə faktiki sahə arasında konfiqurasiya fərqinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
29. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
31. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
32. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 02 mart 1995-ci il tarixli 672 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 1128-ci keçid, döngə 180 ünvanında yerləşən 480 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva