Məhkəmə qərarları › İş №2-1(112)-10167/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10167/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10167/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “hərəkətlərin qanunsuz hesab olunması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə ("xxxx" MMC) cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-yə qarşı qeyri-qanuni tələblərə son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin tələbləri (iş № 2(006) - 5640/2018) "xxxx" MMC tərəfindən icra edilmişdir. Bu barədə Nəsimi rayon icra şöbəsinə müvafiq qaydada məlumat verillmişdir. Müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC xx.xx.2016 -cı il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə tələbkar X2 xəstə olduğu müddət üçün ilk 14 təqvim günü üçün əmək haqqı hesablamış və tələbkarın bank hesabına köçürmüşdür. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqqları hesabına müavinət ödənilir. Beləliklə, qanunvericiliyə əsasən qalan günlər üçün vəsait Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir. Bütün bunlara baxmayaraq cavabdeh tərəf Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməli olan məbləği "xxxx" MMC tərəfindən ödənilməsini tələb edir. Müvafiq qanunvericiliyə uyğun olaraq X3 ilə bağlı bütün sənədlər Dövlət Sosial Müdafiə Fonduna "xxxx" MMC tərəfindən təqdim edilmişdir. "xxxx" MMC “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X2 aid məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablayıb, tam məbləğdə nağdsız hesablaşma qaydasında dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 13 iyun 2023-cü il tarixə təyin edilmişdir. İdiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə iddiaçının və cavabdehin nümayənəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs qismində göstərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış 22-016 №-li, xx.xx.2022-ci il tarixli məktubda xx.xx.2022-ci il tarixində daxil olan 104874555/2022- 5-40 nömrəli icra sənədinə cavab olaraq bildirilmişdir ki, onlar 2(006)-5640/2018 nömrəli qətnamədə qeyd olunduğu kimi xx.xx.2018-ci il tarixli əmri və bu əmrə əsasən tələbkar X1 əmək kitabçasına yazılmış onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2016-cı il tarixdən ləğv edilməsi ilə bağlı qeyd ləğv edilmişdir. Əlavə olaraq həmin qətnaməyə əsasən xx.xx.2016-cı il tarixdən tələbkar X1 əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddət üçün “Marş" Sığorta və Təkrarsığorta Üzrə Broker MMC-dən tutularaq xx.xx.2021-ci il tarixində tələbkar X1 bank hesabına ödənilmişdir. Hazırda iddiaçı Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin mülki iş üzrə çıxarılmış 2(006)-5640/2018 saylı 24 oktyabr 2018-ci il tarixli məhkəmə qətnaməsinin icrası ilə bağlı icra hərəkətlərinin qeyri-qanuni hesab edilərək, həmin hərəkətlərə son qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının hazırkı tələbinə hüquqi qiymət verilməsi ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarına istinad edilməsini zəruri hesab edir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatı-iqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1 -ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxlında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “hərəkətlərin qanunsuz hesab olunması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar