Məhkəmə qərarları › İş №2-1(112)-10169/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10169/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10169/2023 04.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X22, X23, X17, X24, X25, X30) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X6, X7, X2, X8, X9, X18 ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi ev 32, mənzil 5 iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər X22, X23, X17, X26 , X25, X30 və onların yetkinlik yaşına çatmayan uşaqları X10, X27, X19 onun mülkyyətində olan mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq göstərilən mənzildə yaşamırlar. Bütün bu müddət ərzində o, üçünçü şəxslər X22, X23, X17, X26 , X25, X30 və onların yetkinlik yaşma çatmayan uşaqları X10, X27, X4 qeydiyyatdan çıxma barədə müraciət etdikdə onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdırlar. Beləliklə üçünçü şəxslər mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. Belə ki, üçünçü şəxslərin mülkiyyətində olan mənzildə formal da olsa qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını kobud surətdə pozur və onun həmin əmlak üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə maneə olur. O, onların qeydiyyatdan çıxarılması barədə Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ərizə ünvanlamış, lakin ərizəsinə müsbət cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8115/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X22, X23, X17, X24, X25, X30 iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 53.83 kv.m sahəsi olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1952-ci il təvəllüdlü X22, xx.xx.1973-cü il təvəllüdlü X23, xx.xx.1991-ci il təvəllüdlü X17, xx.xx.1975-ci il təvəllüdlü X24, xx.xx.1993-cü il təvəllüdlü X25, xx.xx.1992-ci il təvəllüdlü X30 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 20564/2023 nömrəli məktubunda bildirilmişdir ki, X22 xx.xx.2005-ci il tarixdən, X23 xx.xx.2010-cu il tarixdən, X20 xx.xx.2012-ci il tarixdən, X21 xx.xx.2005-ci il tarixdən, X25 xx.xx.2009-cu il tarixdən, X30 xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********94 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin ünvan 5 üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğuya uyğun olaraq ünvan 5 ünvanına dair təqdim edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surətindən görünür ki: -AN–İ ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X28 Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-il tarixdə verilmiş 30\15654 nömrəli arayışa əsasən, ünvan 7-də yerləşən 2 otaqlı yaş.sah 33.0 kv.metrdən ibarət mənzili alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “BalaxanıNeft” neft və qazçıxarma idarəsinin xx.xx.2005-ci il tarixli S-42 nömrəli 5 nömrəli Protokolunda qeyd olunmuşdur ki, 3 otaq sahəsi 51,72 kv.m ailə üzvü 15 nəf. Ş/hesab Məmmədov S.N. adınadır., 27.X.90 ildə rəhmətə gedib. İV-JQ № 268443 Bakı şəh. İ Zabrat qəs.nümayəndəliyi verilmiş ərizə və razılıqlar əsasında mənzilin ş/hesabı 2 hissəyə: 1) X28 - h/yold. 8 nəf.(özü, 3 oğlu, gəlin, 3 nəvə) 2 otaq sahəsi 33,0 kv.m, 1 mətbəx 14,63 kv.m 2) Aydın Nüsrət oğlu - qaynı 7 nəf.(özü, h/yold., 2 qızı, oğlu, 2 nəvə) 1 otaq sahəsi 18,72 kv.m, 1 mətbəx 10,05 kv.m olmaqla bölünsün Həmin ünvanda 1969 ildən yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon icra Hakimiyyəti Başçısının Zabrat Qəsəbəsi İnzibati Ərazi X5 xx.xx.2023cü il tarixli, 5-18-10/2-3495/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 73 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 352 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəh., Zabrat 1 qəs., Nərimanov küçəsi, 32 saylı evin, 2 ədəd 5 saylı mənzilləri var. Bunlardan 1-də yaşayan sahəsi 18,72 kv.m olan mənzildə 1969-cu ildən qeydiyyatda olmaqla X29 9 (doqquz) nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayırlar. B/neftin protokoluna əsasında 2-ci 5 saylı 33,0 kv.m olan mənzil İddiaçı şəxsi mülkiyyətindədir. Mənzildə özü yaşamır, yaşayan şəxs Səməd adlı qardaşı sənədləri MKİS-ə təqdim etməkdən imtina etdi. MKİS-in şəxsi hesab kitabına əsasən bu mənzildə qeydiyyatda heç kim yoxdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-Y-16447 nömrəli məktubda bildirilmişdir ki, ərizənizdə qeyd etdiyiniz vətəndaşlar X1, X6, X12, X13, X3, X2, X14, X9 və X18 Sizə məxsus olan Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi, ev 32, 5 saylı mənzildən pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir.Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı cavabdehə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qeyd edilməlidir ki, qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin tələbi əsasında şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır. Lakin bu hal daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etmir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 3 ünvanında 2 mənzil mövcuddur. Belə ki, ünvan 7-də yerləşən ilkin olaraq 2 otaqlı yaş.sah 33.0 kv.metrdən ibarət mənzil xx.xx.2005-il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X15 adına qeydiyyata alınmış, sonuncu AN–İ ******* nömrəli xx.xx.2005-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən mənzili İddiaçı satmış, xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mənzil 53.83 kv.m ölçüdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda sözügedən mənzil İddiaçı mülkiyyətindədir və sonuncu həmin ünvanda qeydiyyatdadır. .Eyni zamanda mübahisəli ünvanda yerləşən digər mənzil 1 otaqlı yaşayış sahəsi 18,72 kv.m olmaqla 1969-cu ildən üçüncü şəxslər X29 9 (doqquz) nəfər ailə üzvləri ilə həmin mənziildə qeydiyyatdadır və yaşayırlar. X16 və üçüncü şəxslərin yaşadıqları mənzilə olan hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Üçüncü şəxslərin yaşadıqları mənzil qeydiyyata alınmamış əmlak olmaqla həmin mənzillə bağlı 1969-cu il tarixli Nüsrət Məmmədə neft və qazçıxarma idarəsi tərəfindən verilmiş 1969-cu il tarixli icazə sənədi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Balaxanı Neft” neft və qazçıxarma idarəsinin xx.xx.2005-ci il tarixli S-42 nömrəli 5 nömrəli Protokolu mövcuddur. Beləliklə, ünvan 8 ünvan göstəricisinə malik -ev 32 mənzil 5 nömrəsi altında iki ayrı mənzil var. İddiaçının qeydiyyatdan çıxarmaq istədiyi şəxslər- X22 və onun ailə üzvləridir. Üçüncü şəxslərin öz yaşadıqları mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməsə də həmin ünvanda 1969-cu ildən yaşayırlar və onlar arasında X22 xx.xx.2005-ci il tarixdən, X21 xx.xx.2005-ci il tarixdən, X23 xx.xx.2010-cu il tarixdən, X30 xx.xx.2008-ci il tarixdən, X25 xx.xx.2009-cu il tarixdən, X20 ünvan üzrə xx.xx.2012-ci il tarixdən qeydiyyatdadırlar. Məhkəmə yuxarıda sadalanan qeydiyyatdan çıxarma ilə bağlı halları hazırkı işə tətbiq etdikdə müəyyən edir ki, iddiaçının üçüncü şəxsləri ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. Belə ki: -1. Üçüncü şəxslər mülkiyyətçinin razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişdirlər. Üçüncü şəxs X22 və ailəsi mübahisəli ev 32 mənzil 5 ünvanına həmin ünvan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı vaxt (mənzil ilkin olaraq xx.xx.2005-il tarixdə X15 adına qeydiyyata alınmışdır.) xx.xx.2005-ci il tarixdən qeydiyyata alınmışlar. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, Aydın Nüsrət oğluna aid 1 otaq sahəsi 18,72 kv.m ölçüdəki mənzildə faktiki yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus mənzillə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı halda üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzildə deyil, onlara məxsus ayrı mənzildə yaşayırlar və yaşadıqları mənzilin ünvanı üzrə qeydiyyatdadırlar. Nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın məhz ünvan 1 ünvanı üzrə qeydiyyata alınması üçüncü şəxslərin 1969-cu ildən yaşadıqları və 2005-ci ildən qeydiyyatda olduqları ünvandan iddiaçının tələbi ilə qeydiyyatdan çıxarılmalarına əsas vermir. Bundan əlavə, izah edilir ki, bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq ünvan reyestrini həyata keçirən inzibati orqana müraciət etmək və yeni ünvan göstəricilərinə malik dövlət reyestrindən çıxarış əldə etmək imkanını da məhdudlaşdırmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar