Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1017/2020 01.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının vəkili Kəngərli Orxan Rüstəm oğlunun, cavabdehin nümayəndəsi Məmmədli Cəbrayıl Hüseynxan oğlunun iştirakı ilə, iddiaçı Madahazadmanjiri Amirhosseinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının və onun oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Madahazadmanjiri Amirhossein cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzində saxlanılan hüquqlarını müdafiə etdiyi şəxs Madahazadmanjiri Amirhosseinin və onun yetkinlik yaşına çatmayan oğlu Radmehr Madahazadmanjirinin saxlanılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və şəxslərin dərhal azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Hazırlıq icraatının gedişində məhkəmənin 18.06.2020-ci il tarixli qərardadı ilə iddiaçı Madahazadmanjiri Amirhosseinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının və onun oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iş üzrə icraata “iddiaçının və onun oğlunun Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” hissəsində xitam verilməsi qərara alınmış, qərardaddan apelyasiya şikayəti daxil olmamış, qərardad qanuni qüvvəsini almışdır. 01 oktyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında müəyyən edildi ki, iddia ərizəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü O.Kəngərli tərəfindən imza edilərkən, yəni 16.12.2019-cu il tarixdə onun iddia ərizəsinin imza edilməsinə dair səlahiyyəti olmamışdır. Belə ki, işdə olan etibarnamənin surətindən də müəyyən edilir ki, həmin etibarnamə Madahazadmanjiri Amirhossein tərəfindən vəkil O.Kəngərliyə 26.12.2019-cu il tarixdə verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin iclasda müəyyən edilən halları nəzərə alaraq iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçının özü məhkəmə iclasına gəlmədiyindən və iddiaçının vəkilinə verilmiş etibarnamənin əsli və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti, həmçinin, vəkil orderinin əsli məhkəməyə təqdim edilmədiyindən onun izahatı dinlənilməmişdir. Təyin edilmiş məhkəmə iclasında iddiaçı iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respub-likası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarda məhkəmələrə tövsiyyə edilmişdir ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər.(15.1.) Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri).(15.2.) Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (15.3.). İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-nin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanları) tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1017/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1017/2020
01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver