Məhkəmə qərarları › İş №2-1(112)-10171/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10171/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10171/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 Adil qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı ““Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə qarşı ““Məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə qarşı “Məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hər iki valideyni məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan oğlu da, bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onun da, adı qeyd edilib və o da, istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onun da, adı qeyd edilib və Dövlət Komitəsi onu da, nəzərə alıb. Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. O, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etmiş və övladları xx.xx.2006 - cı il təvəllüdlü İddiaçı1,xx.xx.2009 - cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 01/2253 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona imtina verilmiş, səbəb kimi isə həyat yoldaşı X2 daimi qeydiyyatının ünvan 2 olması göstərilmişdir. Hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, “Məcburi köçkün” statusu "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərə verilir. Şəxsə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş “məcburi köçkün” vəsiqəsi məcburi köçkün statusunu təsdiq edən yeganə sənəddir. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydaların 5.2-ci bəndində məcburi köçkün statusunun verilmədiyi hallar öz əksini tapmışdır. Qeyd edilən Qaydaların həmin bəndinə əsasən işğal zamanı həbsdə, müddətli hərbi xidmətdə olmuş, fərarilik etmiş şəxslərə məcburi köçkün statusu və vəsiqəsi verilmir. Yuxarıda qeyd edilən suallara verilən cavablardan da, aydın olur ki, övladları - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusu məcburi köçkün statusu və vəsiqəsi verilməməsi üçün heç bir qanuni əsas və səbəb yoxdur. Məktubdan da, göründüyü kimi, əslində övladlarına məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazımi qanuna istinad edə bilməmişdir. Çünki, nə "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda, nə də “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair” Qaydalarda valideynlərdən birinin daimi qeydiyyatının başqa şəhərdə olması faktı onu status almaq hüququndan məhrum etmir. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qanunun məzmunundan göründüyü kimi, məcburi köçkün statusu verilməsi üçün şəxs səlahiyyətli dövlət orqanından qeydiyyatdan keçməlidir. Bunun üçün ərizə (vəsatət) vermək tələb olunmur. Çünki, "məcburi köçkün statusu” bir vəziyyətdir ki, bu vəziyyətə şəxslər öz iradələrindən asılı olmayaraq düşürlər və onların qeydiyyatı qaçqınların və məcburi köçkünlərin məşğulluğunun artırılması, yoxsulluğunun azaldılması və sosial problemlərinin həlli sahəsində dövlət siyasətinin formalaşmasını və onun həyata keçirilməsini təmin etmək baxımından çox önəmlidir. Yuxarıda qeyd edilən qaydalardan belə aydın olur ki, əslində ailənin digər üzvlərinə status məhz ataya, ailə başçısına görə onun ailə üzvlərinə verilir. Hesab edir ki, məcburi köçkün statusu övladlarının doğulması zamanı valideyninə - yəni atasına münasibətdə yaranıb və bu statusu ləğv edilməyib. Onun kimi övladları da, hal-hazırda yuxarıda göstərilən ünvanda pasport qeydiyyatındadırlar və məcburi köçkün kimi dövlətin bizə verdiyi bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Heç kəsə qanunsuz əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, depatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzilməişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə görə, dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin 3-cü bəndinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə, müraciət baxılmış hesab olunur. Hesab edir ki, cavabdehin verdiyi cavab hüquqi cəhətdən əsaslandırılmayıb, qurumun hansı normativ akta istinad etdiyi göstərilməyib. Hesab edir ki, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən və övladları - xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması və övladlarına məcburi köçkün statusunun verilməsi və bu statusu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır.

3. Sonradan iddiaçıların qanuni nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi braədə ərizə ilə müraciət edərək xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı1 “Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddia tələbinin əsassız hesab edilməklə təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıların atası Qanuni nümayəndə övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildirirlər ki, həyat yoldaşı X2 qeydiyyatı ünvan 2 ünvanında olduğundan, xx.xx.2006-cı il təvəllüdlü övladınız İddiaçı1, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1 -ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Qanuni nümayəndə Ağdam rayonu, Kəngərli kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı1, İddiaçı3 və İddiaçı2 anası X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X1 şəhəri, Kəpəz rayonu, 3-cü mkr, ev 18, mənzil 38 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı1, İddiaçı3 və İddiaçı2 anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Gəncə şəhəri” olduğundan, ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01/2253 nömrəli xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar müraciətə baxılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcbui köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Həyat yoldaşı X2 daimi qeydiyyatı ünvan 2 ünvanında olduğundan, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı3 və xx.xx.2010-cu il təvəlüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkan xaricindədir.

8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1980-cii təvəllüdlü Qanuni nümayəndə Ağdam rayonu, Kəngərli kəndində anadan olmuş, evli, Ağdam rayonu, Kəngərli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır.

9. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17705874 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1981-cu təvəllüdlü X1 şəhərində anadan olmuş, evli, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

10. Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 137280 nömrəli “Nikah haqqında şəhadətnamə”yə əsasən Qanuni nümayəndə ilə X4 18 yanvar 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

11. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatdadır.

12. AA seriyalı 000669 nömrəli “Məcburi köçkün” vəsiqəsinə əsasən Qanuni nümayəndə xx.xx.1999-cu il tarixdə “Məcburi köçkün” statusu verilmişdir.

13. Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 608 nömrəli 15 aprel 2023-cü il tarixli arayışa əsasən İddiaçı1 həqiqətən Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatdadır. 2011-ci ildən qeydiyyatsız Binəqədi rayonu Çeşidləmə məntəqəsində yaşayır.

14. Ağdam rayonu İcra Hakimiyyəti başçısının Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 131 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı1 həqiqətən Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəngərli kəndində daimi pasport qeydiyyatındadır yemək xərci müavinəti alır, hal-hazırda Bakı şəhəri Binəqədi rayonu Biləcəri dəmiryol çeşidləmə binasının həyətində müvəqqəti məskulaşmışdır. Atası – Qanuni nümayəndə həqiqətən xx.xx.1993-cü ildə Ağdam rayonunun Kəngərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kəngərli kəndindən məcburi köçkün düşmüş, yemək xərci müavinəti alır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir.

22. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.

23. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir.

24. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir.

25. İşdən görünür ki, iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. Onun qızı İddiaçı1 məcburi köçkün kimi imtiyazlardan istifadə hüququna malik olmuşdur (iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayış).

26. Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara.

27. Beləliklə, sadalanan normalardan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutmamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir (Məcburi köçkün” statusu və həmin statusu təsdiq edən sənədin verilməsi 2004-cü il 16 iyul tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Kollegiyası tərəfindən qəbul edilmiş “Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalar”a əsasən tənzimlənməyə başlamışdır ki, həmin qaydalarda iddiaçıya məcburi köçkün statusunun verilməsini istisna edən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir).

28. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.

29. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir.

30. İddiaçının atası Qanuni nümayəndə 24 yanvar 2017-ci il tarixdən əvvəl məcburi köçkün olması işin mübahisəsiz haldır.

31. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.

32. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçı1 doğulduğu vaxt, yəni xx.xx.2006-cı il tarixdə qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir.

33. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

34. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət öənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz.

35. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-506/16 saylı, 2- 1(102)-618/2020 saylı qərarları) ifadə olunmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

37. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

40. Azərbaycan Respublikası İPM-nin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar