Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10172/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehna qarşı “cinayət işinə başlanılmasına dair qərar qəbul etmək və cinayət araşdırmasına başlamaq” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci və 33-cü maddələri tətəbiq edilməklə, Təbriz küçəsi 16,34 ünvanında tikinti cinayətləri törətmiş, "xxxx" M.M.C. və onun rəhbərliyi barəsində dərhal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı, 188-ci, 222-1-ci maddələri əsasında cinayət işinə başlanılmasına dair Qərar qəbul edib, cinayət araşdırmasına başlamağı Cavabdeh tələb etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası A.M.Mövlamov Bakə şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan “A” (115,5 kv.m.) tikilisinin 13/256 hissəsinin, “B” (118,4 kv.m.) tikilisinin tam hissəsinin hüquq sahibi olmuşdur. İddiaçı və bacısı Qurbanova İ.A. evin hüquq varisləridir. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2023-cü il tarixli çıxarışdan göründüyü kimi ünvandakı “A” (115,5 kv.m.) tikilisinin 13/256 hissəsinə hüquqi varisi olan atası A.Mövlamovun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüququ dövlət qeydiyyatına alınmışdır. “A” (115,5 kv.m.) tikilisinin 1/4 hissəsi, mülkün ilkin hüquq sahibi olmuş babası (atasının atası) Mövlamov M.B. hüquq varislərinin adınadır. "xxxx" MMC hər hansı bir əsas olmadan, iddiaçıya məxsus olan Təbriz küçəsi, ev 34 ünvanlı “A” (115,5 kv.m.) tikilisinin tamamilə məhv etməklə, həmin tikiliyə münasibətdə onların 1/4 hissə, atasının 13/256 hissədən ibarət olan mülkiyyət hüquqlarını pozmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Xidməti ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair 10 may 1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən 26 sentyabr 2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Müxtəlif dövrlərdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələri və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən yaşayış evinin hissələrinə münasibətdə müxtəlif hüquq əldə edənlərin adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatlar aparılmışdır. Hazırda həmin yaşayış evi X1, X6, X7, X3, X9 və X2 paylı mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur. ki, sözügedən yaşayış evinə dair Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1961-ci ilin iyun ayında texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Lakin müvafiq ünvanda yerləşən yaşayış evinin payları ilə bağlı tərəflər arasında məhkəmə mübahisəsi olduğundan və həmin mübahisənin başa çatmasını təsdiq edən yekun məhkəmə qərarı 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmadığından, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə baxılması mümkün olmamışdır. Belə ki, “payların bölüşdürülməsi və s.” tələblərə dair məhkəmə mübahisəsi barədə Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli, 2(103)-12508/2017 nömrəli və Ali Məhkəmənin 11 may 2018-ci il tarixli, 2(102)-4265/2018 nömrəli bildirişləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olsa da, iş üzrə mübahisənin yekunlaşmasını təsdiq edən məhkəmə aktı barədə hər hansı məlumat mövcud deyildir. Göstərilənlərə əsasən bildiririk ki, iş üzrə yekun məhkəmə qərarı rəsmi qaydada daxil olduqdan sonra sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (paylı) X4 (A tikilisindən 38/256 hissə) xx.xx.2015-ci il tarixdə, X10 (A tikilisindən 16/32 hissə) xx.xx.2010-cu il tarixdə, X13 (A tikilisindən 5/256 hissə açıq saxlanılır), X8 (A tikilisindən 1/32 hissə), X14 (A tikilisindən 8/32 hissə) və X5 (A tikilisindən 13/256 hissə və B tikilisi) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdırlar.
5. Məhkəmə iclasında tərəflər iştirak etmir.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
7. Məhkəmə qeyd edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, iddia tələbi və onun əsaslandırılması aydın deyildir.
8. Digər tərəfdən Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır.
9. İddia tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (prokurorun) hərəkətlərindən şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
11. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
12. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı məhkəmə nəzarəti qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
14. Məhkəmə hesab edir ki, idda mümkün sayılmadığından iddia ərizəsində qeyd edilən cəlbetməyə və ekspertiza təyin edilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməlidir.
15. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olmadığından həmin hüququn məhdudlaşdırılması hazırki işdə olduğu kimi məhkəməyə müraciət etmə hüququndan sui-istifadə edildiyi halda yol veriləndir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. İddiaçının məhkəmənin icraatında eyni xarakterli çoxsaylı iddia tələbləri olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsini mümkün hesab etmir.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva