Məhkəmə qərarları › İş №2-1(112)-10174/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10174/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10174/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X5 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 111 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ildə Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 111 saylı mənzilini alqı-satqı yolu ilə almışdır. Alqı-satqı zamanı qeydiyyatda olan digər şəxslər qeydiyyatdan çıxsalar da, sonradan məlum olmuşdur ki, üçüncü şəxs hazırkı vaxtadək qeyd olunan mənzildə qeydiyyatdan çıxmamışdır. Bu isə iddiaçının mülkiyyətində olan mənzillə bağlı sərəncam vermək hüququnu məhdudlaşdırır. İddiaçı adıçəkilən şəxsin mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması barədə Bakı şəhəri Xətai RPİ-nə ərizə ilə müraciət etsə də, nəticəsi olmamışdır. Bakı şəhəri Xətai RPİ-nın xx.xx.2023-cü il tarixli məktubunda bununla bağlı məhkəmə qərarının olması göstərilmişdir. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması qeyri-qanuni olmaqla onun mülkiyyət hüquqlarının pozuntusudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə göndərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə uyğun məzmunda izahat verdi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək X4 iddiaçının mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 111 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edildi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətinin təmin edilməsindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə müvafiq olaraq imtina edilmişdir. -Notariat orqanında bağlanmış xx.xx.1994-cü il tarixli müqavilənin surətindən görünür ki, iddiaçı ünvan 3 ünvanında yerləşən 111 saylı mənzili X2 almışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 İddiaçı xüsusi mülkiyyətindədir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışdan görünür ki, üçüncü şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 2, 111 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 2, 111 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X5 xx.xx.2002-ci il tarixdən ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. -Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xidməti ərazi üzrə 93 saylı MKİS-in verdiyi məlumata X5 Q.Nəbi küçəsi ev 2, mənzil 111 ünvanında yaşamır. İşin faktiki hallarından görünür ki, iddiaçı ünvan 5-in mülkiyyətçisidir. İş üzrə üçüncü şəxs iddiaçıya məxsus mənzildə yaşamır və onun həmin mənzilə dair əmlak hüquqlarının müvafiq reyestrdə qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; -5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxs faktiki yaşamadığı və istifadə hüquqları olmadığı ünvan üzrə qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmasa da, bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Belə ki, Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, üçüncü şəxs iddiaçının ailə üzvü deyil, iddiaçıya məxsus mənzildə faktiki olaraq yaşamır, onun həmin mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınmasına dair məlumat aşkar edilmir. Həmçinin iş üzrə sənədlərdən və iddiaçı tərəfin izahatlarından məlum olmuşdur ki, üçüncü şəxs sözügedən mənzilin keçmiş mülkiyyətçisinin yaxın qohumudur, iddiaçı mənzili aldıqdan sonra da o, həmin ünvan üzrə pasport qeydiyyatında qalmağa davam etmişdir. Belə olan halda, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan iddiaçı onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs - X4 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar