Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10175/2023 22.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5) qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı 13 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanmdakı 13 saylı mənzil 29.10. 2016-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Həmin mənzildə iddiaçı anası X6 ilə birlikdə yaşayır. Üçüncü şəxs X8 2016-cı ildən iddiaçının mülkiyyəti olan yuxarıda göstərilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin iddiaçı bildirmişdir ki, üçüncü şəxs qeyd edilən ünvanda yaşamır və heç vaxt yaşamamışdır. X3 mülkiyyəti olan yuxarıda göstərilən ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması yalnız formal xarakter daşıyır. X8 ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Yəni iddiaçının mülkiyyətində olan, qeyd edilən mənzil X3 yaşayış yeri deyildir. “Yaşayış yeri və olduğu yer üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Üçüncü şəxs X3 iddiaçının mülkiyyəti olan ünvan 2 ünvanındakı 13 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə ərizə ilə cavabdeh Nəsimi Rayon Polis İdarəsinə müraciət etsə də cavabdeh xx.xx.2022-ci il tarixli, 082-39173H-3222 nömrəli məktubu ilə X3 yuxarıda göstərilən ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.
3. Cavabdeh Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.
7. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Həmçinin bildirilmişdir ki, iddiaçının məhkəmə orqanlarına müraciət etmək hüququ var.
11. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X5 ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 9, 13 nömrəli mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
13. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 9 №-li binanın sakinləri – X4, X2, X1 tərəfindən tərtib olunmuş Aktda qeyd olunur ki, X5 ünvan 1 ünvanındakı 13 nömrəli mənzildə yaşamır və heç vaxt yaşamamışdır.
14. Nəsimi rayon mənzil-Kommunal Təsərrüfat Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 938 nömrəli Arayışında qeyd olunur ki, X5 3-cü mkr., R.Məmmədov küçəsi, 9 saylı evin 13 №-li mənzilində qeydiyyatdadır. Qonşuların aktına əsasən qeydiyyatda olmasına baxmayaraq heç vaxt göstərilən ünvanda yaşamayıb.
IV. Məhkəmənin mövqeyi
15. Məhkəmə tərəfindən müəyyən olunur ki, üçüncü şəxs X5 iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (atasıdır).
16. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
19. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
22. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz.
23. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilmədiyi və ya istifadə hüququ olmayan şəxs olmadıqları müəyyən edilmədiyi halda, inzibati orqanın həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmadan imtinası qanunsuz deyil.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva