Məhkəmə qərarları › İş №2-1(112)-10178/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10178/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10178/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 19 aprel 2022-ci il tarixində tələb olunan sənədlərlə birlikdə cavabdeh inzibati orqana (etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə) müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 may 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsilə almışdır) ona məxsus əmək kitabçasının əslini təqdim etməyini bildirmişdir. O, əmək kitabçasının əsli və digər tələb olunan sənədlərlə birlikdə 24 may 2022-ci il tarixində cavabdehə (nümayəndəsi X1 vasitəsilə) təkrar müraciət etmişdir. Cavabdeh 10 iyun 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsilə almışdır) ona pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 10 ay 28 gün) olması göstərildi. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb oldu. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan ən azı 12 il 06 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. O xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1980-ci il tarixində 56 nömrəli Bakı Texniki Peşə Məktəbinə daxil olaraq, xx.xx.1983-cü ildə “Avtomobil təmiri üzrə çilingər” ixtisası üzrə tam əyani formada bitirmişdir. Dövlət İmtahan Komissiyasının 14 iyul 1983-cü il tarixli qərarı ilə ona çilingər ixtisası verilərək adına Д № seriyalı 414008 nömrəli diplom verilmişdir (3 il ümumi staj). xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək hərbi xidmətdə olmuşdur (2 il 21 gün ümumi staj). Ona məxsus ИТ-İ № ******* nömrəli, 18 dekabr 1985-ci il tarixli əmək kitabçasının və xx.xx.2022-ci il tarixli arayışın məlumatlarına əsasən: xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Azərbaycan SSR MSN-nin Nəqliyyat Kontorunda birinci dərəcəli motorçu işləmişdir (4 il 7 ay 6 gün güzəştli staj). xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək “Yeganə” kooperativində santexnik peşəsində işləmişdir (4 ay 2 gün ümumi staj). xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Azərbavcan SSR Qlavuprjivprom PMK-da 3-cü dərəcəli motorçu peşəsində işləmişdir (8 ay 10 gün güzəştli staj). xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilədək Xəzər Dəniz Neft Donanma İdarəsinin “Dm.Dudçenko” gəmisində 2ci dərəcəli motorçu peşəsində işləmişdir (5 il 6 ay 19 gün güzəştli staj). xx.xx.1997-ci ildən xx.xx.2001–ci ilədək X8 Donanma İdarəsinin “İ.Xankişiyev gəmisində kapitanın böyük köməkçisi vəzifəsində işləmişdir (4 il 1 ay 27 gün güzəştli staj). xx.xx.2001-ci ildən xx.xx.2012-ci ilədək X8 Donanma İdarəsinin “S.Vəzirov”, “Atlet-2”, “A.Mustafayev”, “Şirvan-3” gəmilərində kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, dublyorkapitan və kapitan vəzifələrində işləmişdir (11 il 4 ay 10 gün güzəştli staj). xx.xx.2012-ci ildən hal-hazıradək X8 Donanma İdarəsinin “Bunkerovişik-7”, sonradan “Əli Əmirov” gəmilərində kapitan vəzifələrində işləyir. (xx.xx.2017-ci ilədək 4 il 9 ay 14 gün güzəştli staj). Göründüyü kimi xx.xx.2017-ci il tarixinədək onun ümimi iş stajı 39 il 9 ay 5 gün təşkil edir. Həmin 39 il 9 ay 5 gün əmək stajın yarıdan çoxu, yəni 31 il 1 ay 25 günü ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun xx.xx.1991-ci ildən hal-hazıradək X8 Donanması İdarəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş vəzifələrə uyğundur və əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. O “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyədək 39 il 9 ay 5 gün ümimi, 31 il 1 ay 25 gün xüsusi staj qazandığına görə mövcud iş üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və - Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 57 yaşından pensiya təyin edilməlidir. Qeyd edir ki, analoji işlə bağlı vahid məhkəmə təcrübəsi var. Azərbaycan Respublikasının yüksək məhkəməsi olan Ali Məhkəmə oxşar işlə bağlı aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv etmiş, qanuna müvafiq göstərişlər vermişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası qəbul edilmir. İddiaçı iddia edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının Filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına aşağıdakı dövrlər daxildir: xx.xx.1980 - xx.xx.1983; xx.xx.1983 - xx.xx.1985; xx.xx.1985 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1990; xx.xx.1990 - xx.xx.1991; xx.xx.1991 xx.xx.2005-ci il tarixli. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Belə ki, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı cəmi 24 il 10 ay 28 gün təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyası iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi “ƏPQ”-nin 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qüvvədə olan redaksiyasının iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının xx.xx.2017-ci il tarixinədək 57 yaşı tamam olmalı idi. Lakin iddiaçının 57 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur, həmin tarixdə isə həmin maddə üzrə şəxs güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilə bilməsi üçün yaş həddi artıq 60 yaş olaraq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus Д 414008 nömrəli, 14 iyun 1983-cü il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1980-ci ildə Azərbaycan SSR Bakı şəhər 56 №-li orta texniki peşə məktəbinə daxil olmuş, 14 iyul 1983-cü ildə avtomobil təmiri üzrə çilingər peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan Komissiyasının qərarı ilə İddiaçı üçüncü dərəcəli avtomobil təmiri üzrə çilingər ixtisası verilmişdir (2 il 10 ay 14 gün). - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, Ə-07/25 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində 56 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Avtomobil təmiri üzrə çilingər” ixtisasına qəbul olmuş və xx.xx.1983-cü il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış D № 414008 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisinə verilmiş dövlət nümunəli sənəddir. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29 oktyabr 1983-cü ildən 14 noyabr 1985-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (2 il 16 gün). - İddiaçıya məxsus 18 dekabr 1985-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985ci ildən xx.xx.1990-ci ilə qədər Azərbaycan SSR MSN-nin Nəqliyyat Kontorunda 1-ci (birinci) dərəcəli motorçu (4 il 07 ay 07 gün), xx.xx.1990-ci ildən xx.xx.1990-cı ilə qədər “Yeganə” kooperativində santexnik (04 ay 03 gün), xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Azərbaycan SSR Qlavuprjivprom PMK-da 3-cü dərəcəli motorçu (08 ay 11 gün), xx.xx.1991-ci ildən Xəzərdənizneftdonanma idarəsində “Dm.Dudçenko” gəmisində 2-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilə qədər “İ.Xankişiyev” gəmisində kapitanın baş köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər “S.Vəzirov” gəmisində kapitanın 2-ci köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2007-ci ilə qədər “Atlet-2” gəmisində kapitanın böyük köməkçisi, xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilə qədər “A.Mustafayev” gəmisində dublyor kapitan və kapitan, xx.xx.2012-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X5 “Bunkerovşik-7” gəmisində kapitan vəzifəsində vəzifəsində işləyir (xx.xx.1985-xx.xx.2006 - 20 il 14 gün). - "xxxx" QSC X8 Donanması tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, EN01/02-126 №-li arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixində X8 Donanma İdarəsinin “Dm.Dudçenko” gəmisində 2-ci dərəcəli matros peşəsinə (xx.xx.1991-ci il tarixli, 168r/s nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixində “İ.Xankişiyev” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (xx.xx.1997-ci il tarixli, 78-k nömrəli əmr) keçirilmişdir. O, xx.xx.2001-ci ildən Donanmanın “S.Vəzirov, “Atlet-2”, “A.Mustafayev”, “Şirvan-3” gəmilərində kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, dublyor kapitan və kapitan vəzifələrində işləmişdir. xx.xx.2012-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli, 767-r/s nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixində “Bunkerovşik-7” gəmisinə kapitan vəzifəsinə (xx.xx.2012-ci il tarixli, 330-k/d nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Əli Əmirov” gəmisində kapitan vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 ”b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət – ind:********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2006-cı il tarixinədək) güzəştli şərtlərlə əmək stajı: 14 il 04 ay 09 gün təşkil edir. Əsas: kadr əmrləri, şəxsi iş №352, şəxsi vərəqə T/2, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasənn “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X8 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin və X8 Donanmasının yenidən təşkili yoli ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, iddiaçının Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 28 gün) (xx.xx.1980xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındaki dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə uyğun güzəştli şətlərlə əmək pensiyasının təyin edilməsi üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. Məhkəmə araşdırılması zamanı İddiaçı 57 yaşının xx.xx.2022-ci il tarixdə tamam olması, xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan çox, yəni 14 il 4 ay 09 gün olması, Sovet ordusunda hərbi xidməti, təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 11 ay, yəni 25 ildən az təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı ilə bağlı şərt ödənilmir. Məhkəmə iddiaçının ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin tətbiq olunması ilə bağlı tələbinə qiymət verərək qeyd edir ki, həmin müddəa iddiaçıya münasibətdə o zaman tətbiq oluna bilərdi ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixədək tamam olmuş olsun. İddiaçının 57 yaşı isə xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar