Məhkəmə qərarları › İş №2-1(112)-10184/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10184/2024

09.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10184/2024 09.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı X7 (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 3168/6 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli, **********63 nömrəli məktub ilə bildirmişdir ki, təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin sxematik xəritəyə əsasən göstərilən sahə digər bağın bir hissəsinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsiunin ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki sahənin 0,1059 ha təşkil etdiyi müəyyən olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən fakiki sahəsi 0.1059 ha olan 3168/6 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun babası X1 mülkiyyətində Ləhiş bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olmuşdur. Bakı şəhəri X8 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli Qərarı ilə 148 nömrəli Ləiş Bağ-Tikinti Kooperativinin tərkibi təsdiq edilmişdir. X6 148 nömrəli Ləiş Bağ-Tikinti Kooperativinin üzvü kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş Arxiv arayışı həmin məlumatı əks etdirir. Həmçinin, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X10 Bağlar Sahəsindəki 148 nömrəli Kooperativ tərəfindən verilmiş 3 saylı Orderdən də görünür ki, X3 Ləhiş bağlar sahəsində 148 nömrəli ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 3168/6 nömrəli bağ ayrılmışdır. X6 xx.xx.1999-cu ildə vəfat etmişdir. Mərhumun ölümündən sonra Bakı şəhəri 5 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Lakin yuxarıda qeyd olunan əmlaka dair çıxarış olmadığında görə əmlakın vərəsələr arasında pay bölgüsü aparıla bilmir. İddiaçı notariusun məktubu əsasında xx.xx.2024-cü il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Sxematik xəritəyə əsasən hər hansı uyğunsuzluq mövcud deyildir və əgər uyğunsuzluq varsa, mahiyyəti açıq şəkildə göstərilməlidir. Orderin nüsxəsi idarənin arxivində aşkar edilməməsi isə iddiaçının hüququnun pozulmaması ilə nəticələnməməlidir. Çünki iddiaçıda orderin əsli və kooperativ üzvü olması barədə arxiv arayışı var. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və göstərmişdir ki, təqdim edilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin sxematik xəritəyə əsasən göstərilən sahə 3168 saylı bağın bir hissəsinə uyğun gəlir. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı sənəd üzrə torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, faktiki sahənin 0,1059 ha təşkil etdiyi müəyyən olunmuşdur.. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqənda arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 15/595 nömrəli qərarından görünür ki, həmin qərarla 148 saylı Ləiş Bağ Tikinti Kooperativinin üzvlərinin siyahısı təsdiq edilmiş, kooperativin 20 üzvü olmuş, siyahıda X2 adı 3-cü sırada qeyd olunmuşdur. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 148 saylı Bağ-Tikinti Kooperativinin 3 saylı orderindən görünür ki, X4 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il traixli 15/595 nömrəli qərarına əsasən Ləiş bağlar sahəsində 148 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 3168/6 saylı bağ sahəsi ayrılmışdır. İşdə olan 148 saylı BTK-ya ayrılmış bağ sahələrinin sxematik xəritəsindən görünür ki, kooperativə ayrılmış torpaq sahəsində 20 sayda bağ sahəsinin yerləşmə yeri göstərilmiş, iddiaçıya ayrılmış 3168 saylı bağ sahəsi həmin sahələrdən biri olmuş və 6-cı sırada yerləşmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 152 nömrəli məktubundan görünür ki, X2 xx.xx.1999-cı il tarixdə vəfatı ilə əlaqədar vərəsələr İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi 0,1059 ha təşkil edir. Bağ sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanıb, şimal - şərq tərəfdən isə bir hissəsi hasarlanıb digər hissəsi isə şərtidir. Daravaza yoxdur, giriş sərbəstdir. Bağ sahəsində 1-ci və 2-ci yarımçıq tikililər, 3-cü hovuz var. Bağ sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir- 6kv, bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. İddiaçı hazırda bu sənədlərə istinadən 3168/6 saylı bağ sahəsinə vəfat etmiş babası X2 mülkiyyət hüququnun yarandığını iddia edərək, həmin bağ sahəsinə mülkiyyət hüququnun Ş.Ağasıyevə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən babasına bağ sahəsinin ayrılması ilə bağlı qərarı və orderi təqdim etmişdir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, Ş.Ağasyevin 148 saylı BTK üzvünə qəbul edilməsi barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədi mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı babasına ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən: 1.təqdim edilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsinə;

2. torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etməyin mümkün olmamasına; 3 göstərilən sahənin digər bağın bir hissəsinə uyğun gəlməsinə;

4. torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlillərini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, iddiaçının təqdim etdiyi orderin cavabdehin arxivində saxlanılmaması iddiaçının məsuliyyəti sayıla bilməz. Belə ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə bağ təsərrüfatı idarələri ləğv edilərkən arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmış, həmin arxivlərin təhvil verilməsi vəzifəsi vətəndaşların deyil, müvafiq arxivsaxlayıcı olan yerli icra hakimiyyətlərinin vəzifəsi olmuşdur. Bundan əlavə, iddiaçı bağ sahəsinin Ş.Ağasıyevə ayrılması barədə orderin əslini cavabdehə təqdim etmişdir. Cavabdeh həmçinin torpaq sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etməyin mümkün olmamasına istina etmiş, bu halı bağ sahəsinin nömrəsinin sxematik xəritədə əks olunmaması ilə əsaslandırmışdır. Halbuki iş materiallarında olan 148 saylı BTK-nın Ləhiş massivində yerləşən bağ sahələrinin yerləşmə sxemində 6-cı sırada olan 3168 saylı bağ sahəsi göstərilmiş, cavabdeh özü də həmin bağın 3168 saylı bağ sahəsinə uyğun gəlməsini qəbul etmişdir. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən:

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.

12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı təqdim etdiyi sənədlər mötəbər olmuşdur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı babasına ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən fakiki sahəsi 0.1059 ha olan 3168/6 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar