Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10185/2023 16.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına qarşı “qərarın ləğvi və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə 25 iyul 2023-cü il tarixli və 16 oktyabr 2023-cü il tarixli elektron qaydada dəqiqləşmə ərizələri vermişdir. Məhkəmənin iddia tələbinin dəqiqləşdirilməsi zərurəti ilə əlaqədar hüquqi yardımına uyğun olaraq təqdim edilən son dəqiqləşdirmə ərizəsi ilə iddiaçı məhkəmədən cavabdehin iddiaçı baərsində qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli və 10 aprel 2023-cü il tarixli qərarlarının ləğv edilməsini, iddiaçıdan ümumilikdə 58602,62 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi və iddiaçıdan 2023-cü ilin aprel ayından etibarən hər ay 190,26 manat olmaqla tutulan pensiya məbləğinin iddiaçıya geri qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Son ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya 50 yaşının tamam olduğu 06 avqust 2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Sonradan aparılmış yoxlama zamanı ona 50 yaşdan yox, 57 yaşdan pensiya təyin edilməli olması cavabdeh tərəfindən qərara alınmışdır. Bundan əlavə, son 3 il ərzində artıq ödənilmiş məbləğ hər ay olmaqla ondan tutulmağa başlanılmışdır. İddiaçı həm pensiya yaşının dəyişdirilməsi, həm də artıq ödəmə adı ilə məbləğin tutulmasının qanunsuz olduğunu hesab edərək iddianın təmin edilməsini xahiş etmişdir. Hər nə qədər cavabdeh hesab edir ki, iddiaçının işlədiyi vəzifələr neft sənayesinə aid deyildir, iddiaçı bununla razılaşmır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi peşə 1 nömrəli siyahı üzrə nəzərdə tutulmuş güzəştli peşə hesab edilmir. Bu səbəbdən də iddiaçı 50 yaşdan yox, 57 yaşdan pensiya təyin edilməli olan şəxs statusundadır. Qeyd olunanlar nəzərə alınmaqla da artıq ödənilmiş pul vəsaiti son 3 il nəzərə alınmaqla tutulmaqla büdcəyə bərpa edilməlidir. Bu səbəbdən də iddia rədd edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin məktubunda qeyde edilmişdir ki, iddiaçının işlədiyi peşə 1 nömrəli siyahı üzrə nəzərdə tutulmuş güzəştli peşə hesab edilmir. Bu səbəbdən də iddiaçı 50 yaşdan yox, 57 yaşdan pensiya təyin edilməli olan şəxs statusundadır. Qeyd olunanlar nəzərə alınmaqla da artıq ödənilmiş pul vəsaiti son 3 il nəzərə alınmaqla tutulmaqla büdcəyə bərpa edilməlidir. İşəgötürənə məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab məktublarından görünür ki, iddiaçının işləmiş olduğu elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmuş qaz qaynaqçısı və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə uyğunluq təşkil edir. Əmək pensiyasının yenidən hesablanması barədə 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, pensiyanın təyinat tarixi dəyişdirilərək 06 avqust 2007-ci il tarixdən 06 avqust 2014-cü il tarix kimi müəyyən edilmiş, artıq ödənilmiş pensiya məbləğinin tutulmalı olması qərara alınmışdır. Əmək pensiyasının yenidən hesablanması barədə 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, artıq ödənilmiş pensiya məbləğinin tutulmalı olması barədə 3 illik məhdudlaşdırıcı halın nəzərə alınması qərara alınmışdır. Pensiya altsistemindən görünür ki, iddiaçıdan hər ay artıq ödəmə adı ilə 190,27 manat tutulmaqdadır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya 50 yaşdan təyin edilmiş pensiyanın 57 yaşdan təyin edilməsi üzrə yenidən hesablanması və səhv hesablama səbəbindən iddiaçıya artıq ödənilmiş məbləğin ondan tutulub-tutulmamalı olması ilə əlaqədardır. İddiaçı hesab edir ki, onun güzəştli iş stajı da nəzərə alınmaqla pensiya təyinatı düzgün olaraq 50 yaşından həyata keçirilmişdir. Cavabdeh isə hesab edir ki, iddiaçının işləmiş olduğu peşələr 50 yaşdan yox 57 yaşdan pensiya təyinatı üçün əsasdır. Bu səbəbdən də pensiya düzgün hesablanmadığından, yenidən hesablama aparılaraq pensiya təyinatı 57 yaşdan həyata keçirilməli, eləcə də artıq ödənilmiş pensiya məbləği Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçıdan tutulmalıdır. Məhkəmə hər iki tərəfin mövqeyini qismən əsaslı hesab edərək iddianın qismən təmin edilməli olması nəticəsinə gələrək qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya ilkin pensiya təyinatı 50 yaşdan həyata keçirilsə də, həmin yaşdan pensiya təyinatının aparılması qanunvericiliyin tələblərinə uyğun olmamış, cavabdeh haqlı olaraq inzibati icraat aparmaqla 50 yaşdan aparılmış pensiya təyinatının 57 yaşdan həyata keçirilməsi və hesablama qaydasının da 57 yaşının tamam olduğu vaxt olan qanunvericilik müddəalarının tələblərinə uyğun aparılmasında qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki,«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 50 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün şərtlərdən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə azı 10 il işləməsidir. Lakin, istər inzibati orqan tərəfindən həyata keçirilmiş inzibati icraat, eləcə də inzibati məhkəmə icraatı çərçivəsində işəgötürənə ünvanlanmış məhkəmə sorğularına cavab məktublarından görünür ki, iddiaçının işləmiş olduğu elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında nəzərdə tutulmuş qaz qaynaqçısı və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə uyğunluq təşkil edir. Göründüyü kimi iddiaçının peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifə ilə hər hansı əlaqəsi olmadığından, yəni ona 50 yaşdan pensiya təyinatı üçün əsas olan 1 №-li Siyahısı siyahıda olan peşə və ya vəzifə üzrə azı 10 il stajı olmadığından cavabdeh tərəfindən qanuni və əsaslı qərarlar qəbul edilmişdir. Qəbul edilən qərarlardan da göründüyü kimi cavabdeh iddiaçıya 50 yaşdan yox, 57 yaşdan pensiya təyin edilməli olması qənaətindədir. Belə ki, Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Məhkəmə sorğularına əsasən təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə güzəştli iş stajı 12 il 6 aydan çox olmaqla 57 yaşdan pensiya təyinatına əsas verir. Pensiyanın hesablanma qaydası ilə bağlı da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 17ci maddəsi ilə müəyyən edilmişdir ki, Yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Hazırda qüvvədən olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (1 yanvar 2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 10.2-ci maddəsində qeyd edilirdi ki, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH – yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS-bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T-göstərilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun (xx.xx.2010-cu il tarixdə qüvvəyə minmiş dəyişiklik olunanadək) 27- ci maddəsində göstərilmişdir ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əməkhaqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 10.2-ci maddəsinə və 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD №-li Qanununa müvafiq olaraq edilmiş dəyişiklik 01 yanvar 2010-cu il tarixindən qüvvəyə minmişdir. Bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən etibarən qazanılmış hüquqlara münasibətdə pensiyaların hesablanmasının başqa qaydası tətbiq edilməyə başlanılmışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə və 27-maddəsinə əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmışdır. Beləliklə “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilmiş şəxsə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya məbləğinin müəyyən edilib-edilməməli olması ona pensiyanın xx.xx.2010-cu il tarixdən əvvəl və ya həmin tarixdən sonra təyin edilməsindən asılıdır. Belə ki, şəxsə yaşa görə əmək pensiyası xx.xx.2010-cu il tarixədək təyin edilmişdirsə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun”, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən orta aylıq əmək haqqının nəzərə alınması mümkün hesab edilir. Həmin tarixdən sonra isə təyin edilmiş pensiyanın müəyyən edilməsi zamanı orta aylıq əmək haqqının nəzərə alınması istisna edilmiş, yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyasının əmək haqqına uyğun hesablanmasından imtina edilmişdir. Məhkəmə, həmçinin əmək pensiyasının yenidən hesablanması barədə qərarların öz təşəbbüsü ilə qəbul edilməsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Cavabdeh də qanuni və əsaslı olaraq əmək pensiyasının yenidən hesablanması nəticəsinə gəlmişdir ki, qeyd olunanlar nəzərə alınmaqla qəbul edilmiş qərarlar qanuni və əsaslı hesab edilməlidir. Odur ki, məhkəmə əmək pensiyasının yenidən hesablanması barədə qərarların ləğv edilməsi hissəsində iddianın əsassız olması qənaətindədir. Lakin, məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanması barədə qərarların qanuni və əsaslı olması, əmək pensiyasının 50 yaşdan yox 57 yaşdan təyin edilməli olması, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması əsası qismində çıxış etmir. Qeyd edilməlidir ki, Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada tuutlmanın qanunsuz və əsassızlığını hazırkı iş üzrə cavabdeh iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddia ərizəsindən görününür ki, mübahisə pul məbləğinin tutulmasının qanunsuz hesab edilibedilməməsi, eləcə tutulmuş pul məbləğinin geri qaytarılması ilə bağlıdır ki, məhkəmə hesab edir ki, 39.1-ci madddənin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən tutulmanın ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Bunun üçün mütləq qaydada pensiya orqanının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mütləq olaraq qiymətləndirilməli olması ilə bağlı qanunvericilik müddəası mövcud olmadığından, yəni istər hazırkı iş üzrə cavabdehin qaldırmalı olduğu artıq ödəmənin geri qaytarılması barədə iddia ərizəsi üzrə, istərsə də nə qədər ki tutulmanın qanunsuz hesab edilməsi və borcun silinməsi hal-hazırda tələb edilirsə hazırkı iddia üzrə həmin halın qanunsuz və əsasızlığı məhkəmə predmetini təşkil edə bilər. Bu baxımından qeyd edilməsi zəruridir ki, “İnzibati icraat haqqında” Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçıya edilmiş artıq ödəməyə münasibətdə etimad hüququ qorunmaqdadır. Belə ki, həmin artıq ödənilməsinin aparılmasında 67.6-cı maddədə göstərilən hallardan hər hansı biri mövcud olmamış, artıq ödəməyə münasibətdə rüşvət, hədə-qorxu və ya aldatma həyata keçirilməmiş, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim edilməmiş, pensiyanın artıq ödənilməsinə münasibətdə qanunsuz mövcud olduğu bilinməmiş, bilinməli olmamışdır. İş materiallarından da göründüyü kimi artıq ödəmənin mövcud olması cavabdehin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, ödəmənin artıq aparılması cavabdehin əməkdaşları tərəfindən aparılmış səhv hesablama ilə əlaqədar olmaqla iddiaçının təqsiri sferasından kənar olmuşdur. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Beləliklə istər “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə əsasən cavabdehin tutulma ilə bağlı tədbirlərinin iddiaçının yazılı razılığı və ya məhkəmə qərarı olmadan aparmasına münasibətdə, istərsə də “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsi ilə təsbit edilmiş etimad hüququnun pozulmaqla həyata keçirilməsinə münasibətdə qanunsuzluğu hazırkı iddianın göstərilən hissədə qanunu və əsaslı olmasına dəlalət edir. Odur ki, cavabdehin artıq ödəməsi onun təqsir sferasına aid hesab edildiyi nəzərə alınmaqla ödənilməli məbləğin ödənilməsindən imtinaya yönələn bütün tədbir qanunsuz hesab edilməli olduğundan, həmin məbləğin tutulmasın yönələn hərəkətlər qanunsuz hesab edilməli, tutulmuş məbləğ geri qaytarılmalı, eləcə də borc kimi hesablanmış məbləğ silinməlidir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ümumilikdə 58602,62 manat artıq ödənilmiş pensiyanın tutulmasına yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin borc məbləğinin silinməsi və iddiaçıdan 2023-cü ilin aprel ayından etibarən hər ay 190,26 manat olmaqla tutulan pensiya məbləğinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10185/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10185/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver