Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10197/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 və X1 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan üçüncü şəxs X5 mərhum qardaşının həyat yoldaşı, X6 isə oğludu. Onları iddiaçı müvəqqəti olaraq mənzilə qeydiyyata salmışdır. İddiaçının qardaşının keçmiş arvadı Türkiyəyə köçərək ailə qurub və uşaq da orada yaşayır. Hazırda onlardan məlumat yoxdur. Onlar mənzildən qeydiyyatdan çıxacağını bildirsə də, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır, bu da mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Üçüncü şəxslər hazırda orada yaşamamış və onlara məxsus mənzildə heç bir əmlak yoxdur. İddiaçı bildirir ki, üçüncü şəxslər iddiaçının mənzilində hazırda yaşamırlar. Hazırda da harada yaşamaları barədə iddiaçıda heç bir məlumat yoxdur. Üçüncü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir.
3. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının (elektron) surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanındakı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda bildirilmişdir ki, X6 (xx.xx.2003--cü il təvəllüdlü), X5 (xx.xx.1997-ci il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, Ordubadi küçəsi, ev 1, 11 saylı mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır.
5. Cavabdeh Nizami Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır. - Yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - Başqa ölkədə yaşayış yeri seçdikdə - icra hakimiyyəti orqanlarının məlumatına əsasən; - Azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X4 və X3 Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyi iddiaçıya tövsiyyə olunmuşdur.
6. Cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsi məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda məhkəmənin çıxaracağı qətnamənin icraya yönəldikdən sonra cavabdeh tərəfinfən icra olunacağı qeyd olunmuşdur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, X6 xx.xx.2013-cü il tarixdən, X5 xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmuşlar. Vət. İslam Mehdiyev və İnci Mehdiyeva Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10197/2023 saylı Qərarına əsasən xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışlar.
8. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslər qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdığından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir. 10.Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva