Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1020/2020 23.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı sorğuya cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə 21 iyun 2019cu il tarixli informasiya sorğusu vasitəsilə istənilən informasiyaları X2 təqdim edilməsinin bir vəzifə kimi qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırkı iddianın məcburetmə barədə iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən (digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır.) hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 21 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə informasiya sorğusu göndərib. Sorğu vasitəsilə Komitədən tender, investisiya müsabiqələri barədə qanunla açıq hesab edilən informasiyalar istənilib. X1 rəhbərinin imzaladığı informasiya sorğusu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova ünvanlanıb. Sorğunun mətni aşağıdakı kimi olmuşdur: “X10, ƏMDK "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsi barədə informasiya yayıb. İnformasiyada Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2001-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 6.2-ci bəndinə zidd olaraq alıcının adı qeyd edilməyib. Bununla əlaqədar olaraq, "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin iştirakçısı və iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adları və qalibin adı haqda məlumat verməyiniz xahiş olunur. İnformasiya sorğusuna “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq, mailto:hafiz@turan.azElektron ünvan elektron poçtu vasitəsilə cavab verilsin.” İnformasiya sorğusunun göndərilməsindən 2 ay vaxt keçib. Ancaq indiyə kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sorğuya hələ də cavab verməyib. Hesab edirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 21 iyun 2019-cu il tarixli informasiya sorğusuna cavab verməməklə agentliyin informasiya əldə etmək hüququnu pozub – sorğunu cavablandırmayıb, bunun səbəbini izah etməyib, sorğuçuya köməklik göstərmək istiqamətində də heç bir addım atmayıb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovun informasiiya sorğusunun cavablandırılmamasını qanunsuz və əsassız hesab edirlər. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Kontitusiyasının 50-ci maddəsinə, “İnformasiya əldə etmək haqqında” Qanunun 9.1.1-ci, 10-cu, 10.1-ci, 14-cü, 15.5-ci, 17-ci, 21.3-cü, 24.1-ci, 27.1-ci, 32-ci maddələrinə, “Korrupsiyaya Qarşı Mübarizə Haqqında” Azərbaycan Respublikası Qanununun 9, 9.3.8-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsini 2.2-ci maddəsinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 6.2-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilmiş investisiya müsabiqəsi barədə dərc edilməli olan məlumatlar müəyyən edilmişdir. Lakin, həmin məlumatlar sırasında iddiaçının tələb etdiyi kimim, investisiya müsabiqəsinin iştirakçıları barədə məlumatların açıqlanması qeyd edilməmişdir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10.4.4-cü maddəsinə əsasən informasiya sahibi açıqlamalı olduğu ictimai informasiyanı həmin qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalıdır. Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsi iddiaçının "xxxx" ASC-nin səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin iştirakçısı və iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adları barədə məlumat verilməsinə dair sorğusuna cavab verilməsi öhdəliyini daşımamışdır. Digər tərəfdən, iddiaçı keçirilmiş investisiya müsabiqəsinin qalibi barədə məlumat verilməsinin zəruriliyini sorğusunda əsaslandırmamışdır. “İnformasiya əldə etmək haqqında”Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinə əsasən sorğucu həmin Qanunun 15.3-cü, 21.2.1-ci, 22.4-cü və 24.3-cü maddələrində göstərilən hallardan başqa, informasiya əldə olunmasının zəruriliyini əsaslandırmağa borclu deyildir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçunun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunarsa, informasiya sahibi həmin informsiyanı, o cümlədən açıqlanmış informasiyanı rədmi təsdiqlə birlikdə verməlidir. Beləliliklə, Qanunun 15.3-cü maddəsinə əsasən informasiyanın rəsmi təsdiq edilərək verilməsi sorğuçnun hüquq və azadlıqlarının həyata keçirilməsi və ya vəzifəsinin icrası üçün tələb olunursa informasiya əldə olunmasının zəruriliyi əsalandırılmalıdır. Lakin, iddiaçı müvafiq məlumatın ona verilməsinin zəruriliyini sorğusunda əsaslandırmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə, 10 iyun 2015-ci il tarixdə dövlət qediyyatına alınmış, İddiaçı təsisçisi X9 tərəfindən təsdiq edilmiş, İddiaçı 2-ci Redaksiyada Nizamnaməsindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 09 iyul 1997-ci il tarixində qeydiyyata alınmış və 34893 saylı qeydiyyat şəhadətnaməsi verilmiş “Turan” İnformasiya Agentliyinin hüquqi varisi olan İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və nizamnamə əsasında həyata keçirir. Nizamnaməyə əsasən cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilərlər. İşdə olan X7 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova ünvanlanmış 464 nömrəli, 21 iyun 2019-cu il tarixli “informasiya sorğusu”ndan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsi barədə informasiya yayıb. İnformasiyada Azərbaycan Respublikası Prezidentinin 07 iyul 2001-ci il tarixli, 533 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 6.2-ci bəndinə zidd olaraq alıcının adı qeyd olunmayıb. Bununla əlaqədar olaraq "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin iştirakçısı və iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adları və qalibin adı haqda məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “İnvestisiya müsabiqəsinin keçirilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən müsabiqənin keçirilməsi üçün ƏMDK Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara uyğun olaraq aşağıdakıları həyata keçirir:müsabiqənin keçirilməsi üzrə komissiya (bundan sonra - komissiya) təşkil edir və onun tərkibini müəyyən edir;müsabiqənin keçirilməsi haqqında müəyyən edilmiş qaydada məlumatın hazırlanmasını və dərc edilməsini təmin edir;iddiaçılardan müsabiqədə iştirak etmək üçün ərizə və bu Qaydaların 4.2-ci bəndində göstərilən sənədləri qəbul edir, hər bir ərizəyə nömrə və verilmə tarixini qoymaqla (gün, ay, saat) ərizə qeydiyyatı jurnalında onların qeydiyyatını aparır;iddiaçıların təqdim etdikləri sənədlərin düzgün tərtib olunmasını yoxlayır;iddiaçılardan daxil olmuş ərizələri və onlara əlavə edilmiş sənədləri ərizələrin qəbul müddəti başa çatdıqdan sonra komissiyaya təqdim edir;müsabiqənin nəticələri haqqında komissiyanın protokolunu təsdiq edir;müsabiqənin nəticələri haqqında məlumatı dərc etdirir;müsabiqənin qalibi (alıcı) ilə alqı-satqı müqaviləsi bağlayır;müsabiqənin qalibi (alıcı) tərəfindən müsabiqənin şərtlərinə əməl edilməsinə nəzarəti həyata keçirir;əmlak (obyekt və ya səhm zərfi) üzərində mülkiyyət hüququnun müsabiqənin qalibinə (alıcıya) keçməsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müsabiqənin keçirilməsi haqqında məlumat müsabiqənin keçirildiyi gündən ən azı 30 (otuz) gün əvvəl kütləvi informasiya vasitələrində və ya xüsusi nəşrlərdə dərc edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən müsabiqənin keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilir:müəssisənin (obyektin) tam rəsmi adı, hüquqi ünvanı, fəaliyyət növü və nizamnamə kapitalının həcmi (dəyəri);səhmləri müsabiqəyə çıxarılan səhmdar cəmiyyətinin yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası və onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa);səhmdar cəmiyyətinin digər müəssisələrdə iştirak payı (səhmlər, hissələr);qeyri-maddi aktivlər (patent, ticarət markası və s.);səhmdar cəmiyyətinin buraxdığı məhsulların əsas nomenklaturası;işçilərin sayı;səhmdar cəmiyyətinin ekoloji vəziyyəti;səhmlərin satışına qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişdirsə);səhmdar cəmiyyətinin buraxılmış səhmlərinin sayı, növü və bir səhmin nominal dəyəri;müsabiqədə satılan əmlakın (səhmlərin) dəyəri;müsabiqə iştirakçıları qarşısında irəli sürülən şərtlər;müəssisənin (obyektin) kreditor və debitor borclarının həcmi;iddiaçılardan ərizələrin qəbulunun başlanması və bitməsi müddəti (günü və saatı), qəbul yerlərinin ünvanı (telefon nömrələri və qəbul vaxtları göstərilməklə);iddiaçılar tərəfindən müsabiqədə iştirak üçün verilən sənədlərin siyahısı və onların tərtibatı üçün müəyyən edilmiş tələblər;komissiya tərəfindən müsabiqə qalibinin müəyyən edilməsi tarixi, saatı və yeri;komissiyanın yerləşdiyi ünvan və telefon nömrələri;müsabiqədə iştirak üçün verilən ərizələrin qəbulu anından hər bir iddiaçıya ilkin olaraq özəlləşdirilən müəssisə (obyekt) ilə, o cümlədən müəssisənin özəlləşdirmə planı (emissiya prospekti) ilə tanış olma qaydası və müddəti. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən alğı-satqı müqaviləsi imzalandıqdan sonra ƏMDK 15 (on beş) gündən gec olmayaraq, müsabiqənin nəticələri haqqında kütləvi informasiya vasitələrində məlumat dərc etdirir. Müsabiqənin nəticələri haqqında məlumatda aşağıdakılar qeyd edilir:müəssisənin (obyektin) tam və qısaldılmış rəsmi adı və hüquqi ünvanı;buraxılmış səhmlərin ümumi sayı, növü və bir səhmin nominal dəyəri;satılmış səhmlərin (səhm zərfinin) ümumi nominal dəyəri, sayı və növü;alıcının adı;dövlət büdcəsinə köçürüləcək vəsaitin məbləği;investisiyanın ümumi həcmi;alıcının öhdəsinə götürdüyü digər şərtlər. İş materiallarında görünür ki, iddiaçı cavabdehə "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin iştirakçısı və iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adları və qalibin (alıcının) adı haqda məlumat verməsi barədə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh tərəfindən onun müraciəti cavablandırılmamışdır. Cavabdeh öz etirazında “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 6.2-ci maddəsində investiya müsabiqəsinin iştirakçıları barədə məlumatların açıqlanmasının qeyd edilməməsinə, eləcə də, iddiaçının keçirilmiş müsabiqənin qalibi barədə məlumat verilməsinin zəruriliyini sorğuda əsaslandırmadığına, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 15.3 və 15.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə hesab edir ki, “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nın 6.2-ci maddəsində alıcının adının 15 (on beş) gündən gec olmayaraq müsabiqənin nəticələri haqqında kütləvi informasiya vasitələrində dərc olunan məlumatda qeyd edilməsi nəzərdə tutulduğundan və həmin informasiya qanunla nəzərdə tutulmuş qaydada qadağan olunmuş informasiya olmadığından iddiaçının həmin hissədə, yəni "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibinin (alıcının) adı haqda məlumat verilməsi hissəsində tələbi əsaslı, cavabdehin isə həmin hissədə iddiaya qarşı etirazı əsassızdır. Bu səbəbdən də, iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə eləcə də, iddianın “"xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin iştirakçıları və iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adlarının təqdim edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin normalarında keçirilən investisiya müsabiqələrində mətbuatda dərc edilməli olan məlumatların siyahısı göstərilmiş və həmin siyahıda investisiya müsabiqəsinin iştirakçıları, iddiaçı kimi tanınmış hüquqi və fiziki şəxslərin adları barədə məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. X7 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış 21 iyun 2019-cu il tarixli informasiya sorğusunda qeyd olunmuş "xxxx" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibinin adı (alıcının adı) barədə məlumat verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1020/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1020/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver